Modern.az

Sərhədin açılması bizim üçün təhlükəli deyil - Bəs Zəngəzur dəhlizi?

Sərhədin açılması bizim üçün təhlükəli deyil - Bəs Zəngəzur dəhlizi?

12 Fevral 2023, 22:56

Ermənistan Türkiyədə baş vermiş dağıdıcı zəlzələyə görə bu ölkəyə humanitar yardım göndərib. Yardımın göndərilməsi üçün 35 ildən sonra ilk dəfə olaraq Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açılıb.

 

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç tvitter hesabında iki ölkəni ayıran Araz çayının Türkiyə tərəfindəki Alican keçid məntəqəsindən keçən yük maşınlarının fotolarını paylaşıb.

 

"Mən Türkiyənin zəlzələ bölgəsində xalqımızın əzablarını yüngülləşdirmək üçün Ermənistan xalqının göndərdiyi səxavətli yardımı həmişə xatırlayacağam", - deyən Kılıç Ermənistan rəsmilərinə təşəkkür edib.

 

Bəs Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycana təhlükə yaradırmı?

 

 

Mövzunu Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Onun fikrincə, sərhədlərin yenidən bağlanması gözlənilmir:

 

"İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar, hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. Ermənistandan danışıqlara parlamentin sədr müavini Ruben Rubenyan başçılıq edir. Tərəflər iki ölkə arasında sərhədin açılması mövzusunu aylardır müzakirə edirdilər. Zəlzələ prosesi sürətləndirdi. Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq.

 

Sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Ermənistan Azərbaycana qarşı təxribat edərsə və bu növbəti müharibəyə səbəb olarsa, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. Sərhədin açılmasıyla Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq. Rusiya Ermənistana məhsullarını çatdırmaq üçün Gürcüstanın dağ yollarından istifadə etməlidir. Bu yollar qış aylarında keçilməz olur və Ermənistana ciddi problemlər yaradır. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən daha keyfiyyətli Türkiyə məhsullarını əldə etmək faydalıdır. Digər tərəfdən Ermənistan öz məhsulları Türkiyəyə ixrac edilə bilər. Fikrimcə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur".

 

 

Türkiyə-Ermənistan sərhədinin açılması və iki ölkə arasında iqtisadi münasibətlərinin qurulmasının Zəngəzur dəhlizinin açılmasına təsiri ola bilərmi?

 

Politoloq suala cavabında deyib: "Bu, Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq ve regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Zəngəzur dəhilizindən qarşılıqlı istifadə Azərbaycanla yanaşı, Ermənistan üçün də faydalı olacaq. Ancaq Nikol Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O, buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq".

 

Qeyd edək ki, sərhəd keçid məntəqəsi Ermənistanın Qarabağı işğal etməsinə etiraz olaraq 1993-cü ildə Türkiyə tərəfindən bağlanıb. Keçid məntəqəsinin açılması Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüşlərdə müzakirə mövzusu olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir