Modern.az

Sərhədin açılması nəyi dəyişəcək - Ermənistanda müzakirə

Sərhədin açılması nəyi dəyişəcək - Ermənistanda müzakirə

13 Fevral 2023, 12:03

Türkiyədə baş verən zəlzələnin nəticələrini aradan qaldırmağa kömək edən ölkələrdən biri də Ermənistandır. Rəsmi İrəvan zəlzələnin baş verməsindən sonra Türkiyəyə 100 ton humanitar yardım və 27 nəfərdən ibarət xilasetmə qrupu göndərib.

 

Modern.az bildirir ki, beynəlxalq mətbuatda Ermənistanın Türkiyəyə yardım göndərməsi iki ölkə arasında 100 ildən çoxdur davam edən gərginliyin azaldılması kimi şərh edilib. Ancaq Ermənistan daxilində Türkiyəyə göstərilən yardım birmənalı qarşılanmayıb. Belə ki, bəzi erməni ekspertlər 44 günlük müharibə zamanı Ankaranın Azərbaycana dəstəyini xatırladaraq Paşinyan hökumətinin Türkiyəyə yardım göstərməsini sərt tənqid edib.

 

İrəvanın humanitar yardımı təxminən 35 il əvvəl bağlanan Alican sərhəd-keçid məntəqəsi vasitəsilə göndərilib. Bu keçid məntəqəsindən sonuncu dəfə 1988-ci ildə baş verən və 25-30 min insanın ölümünə səbəb olan Spitak zəlzələsi zamanı istifadə edilib. Həmin vaxt Türkiyənin Qızıl Aypara Cəmiyyəti Ermənistana humanitar yardım çatdırıb.

 

Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan “Azadlıq” qəzetinə müsahibəsində Türkiyəyə yardımın normal prosedur olduğunu bildirib. Rubinyan 1999-cu ildə İzmirdə baş verən zəlzələ zamanı da Türkiyəyə xilasedicilər göndərildiyini qeyd edib. O, bunun siyasi deyil, humanitar məsələ olduğunu vurğulayıb.

 

“Düşünürəm ki, münasibətlərin normallaşması prosesi davam edəcək, bunun sürətlənib-sürətlənməyəcəyini gələcək hadisələr göstərəcək”, - deyə Rubinyan bildirib.

 

Erməni ekspert Andranik İspiryan da yerli mətbuata müsahibəsində deyib ki, Ermənistanın yardımı siyasi deyil: “Ermənistan yardım göndərsə də, göndərməsə də, normallaşma prosesində ciddi heç nə dəyişməyəcək. Hazırda problem Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması deyil, Ermənistanla Azərbaycan arasındadır”.

 

Məlumat üçün bildirək ki, iki ölkə arasında quru sərhədi 1993-cü ildən bağlı idi, bu müddət ərzində yük maşınları Gürcüstan və İran ərazisindən tranzit keçməyə məcbur olub.

 

Ötən ilin yayında xüsusi nümayəndələrin son görüşü zamanı tərəflər üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması barədə razılığa gəliblər. İlin sonunda Türkiyə mətbuatı Alican sərhəd keçid məntəqəsinin açılmasının mümkün olduğunu yazıb. Lakin bu razılaşma hələ də həyata keçirilməyib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi