Modern.az

Rusiya Azərbaycanın hansı şəhərində konsulluq açmaq İSTƏYİR?

Rusiya Azərbaycanın hansı şəhərində konsulluq açmaq İSTƏYİR?

Analitika

15 Fevral 2023, 14:42

Fevralın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada səfərdə olub. Sahibə Qafarova burada Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

 

Matviyenko görüş zamanı Rusiyanın Azərbaycanda Baş konsulluq açmaq istədiyini bildirib. “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”, - Matviyenko qeyd edib.

 

Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulub. Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. Hazırda Rusiyanın Azərbaycanda başqa diplomatik nümayəndəliyi yoxdur.

 

Səfirliklər (və ya daimi missiyalar) kimi konsulluqlar da dövləti onun səhədlərindən kənarda təmsil edən daimi nümayəndəlikləridir. Lakin konsulluqlar səfirliklərdən fərqlənir. Diplomatik nümayəndədən fərqli olaraq, konsul öz dövlətinin qəbul edən dövlətdə səlahiyyətli nümayəndəsi sayılmır. Səfirlər dövlət başçısı tərəfindən təyin edildiyi halda, konsullar müvafiq dövlətin Xarici İşlər Nazirliyi tərəfindən təyin edilir. Konsulluğun əsas vəzifələrindən biri pasportların, vizaların və eyni zamanda digər rəsmi sənədlərin identifikasiyasını və yenilənməsini təmin etməkdir.

 

Matviyenko Rusiyanın hansısa şəhərdə konsulluq açmaq istəməsinə toxunmayıb. Baş konsulluq adətən paytaxt şəhərdə yox, digər böyük şəhərlərdə fəaliyyət göstərir. Maraqlıdır, Rusiya Baş konsulluğu hansı şəhərimizdə açıla bilər?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq diplomat, politoloq Fikrət Sadıqov Rusiyanın Azərbaycanda Baş konsulluq açmaq istəməsinə müsbət yanaşır: “Rusiya Azərbaycanda əhatə dairəsini genişləndirmək istəyir. Onlar Azərbaycanda İranın, Türkiyənin, eləcə də Gürcüstanın baş konsulluqlarının olduğunu görür. Onlar da da istəyirlər ki, burada konsulluq açsınlar. Beləliklə, burada viza, pasport, eləcə də iqtisadi məsələlərlə məşğul ola biləcəklər”.

 

Onun sözlərinə görə, Rusiya konsulluq üçün sərhəd bölgəsini seçəcək:

 

“Rusiyanın niyyəti hələ məlum deyil. Çox güman ki, Rusiya Baş konsulluğu özünə yaxın coğrafi ərazidə açacaq. Bu baxımdan çox güman ki, Naxçıvan şəhəri seçilməyəcək. Çünki bu şəhərimiz Türkiyə və İrana yaxın ərazidə yerləşir. Gəncə şəhəri isə ehtimal az olsa da, seçilə bilər. Azərbaycanın böyük şəhəridir. Burada da açıla bilər. Amma yenə deyirəm ki, Rusiya  böyük ehtimalla Azərbaycanla sərhəddə yerləşən şəhərlərdən birində konsulluğu açmaq istəyər. Klassik formada qayda belə olmalıdır".

 

 

Sabiq dipolmat vurğulayıb ki, istisna hal da yarana bilər: "Məsələn, Tükiyənin Gəncədə Baş konsulluğu var. Eləcə də Azərbaycan İranda açacağı Baş konsulluğu azərbaycanlıların olduğu yerdə açmaq istədi. Beləliklə, Azərbaycanın Təbrizdə Baş konsulluğu açıldı. İndi Rusiyanın seçimi onun hansı zonanı siyasi hədəfə götürmək istəyindən asılı olacaq".

 

Fikrət Sadıqov yekun qərarın Rusiya Prezidentinə aid olduğunu bildirib: "Valentina Matviyenkonun bu fikri səsləndirərkən şəhərin adını çəkməməsi təsadüfi deyil.  Bu da onu göstərir ki, bəlkə də, onlar hələ müəyyən bir qərara gəlməyiblər.  Onun təmsil etdiyi qurum qanunverici orqandır. Son sözü isə Rusiya Prezidenti, yəni Vladimir Putin deyəcək. Onun qərarı da müəyyən amillərdən asılı olacaq".

 

Qeyd edək ki, Rusiyanın iki şəhərində - Sankt-Peterburq və Yekaterinburqda Azərbaycanın baş konsulluğu fəaliyyət göstərir. Azərbaycanda isə 3 ölkənin Baş Konsulluğu fəaliyyət göstərir. Gəncə şəhərində Gürcüstan və Türkiyənin, Naxçıvanda Türkiyə və İranın Baş konsulluqları var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır