Modern.az

Türkiyə-Ermənistan yaxınlaşması bizim xeyrimizədir - Eks-nazirdən mühüm açıqlama

Türkiyə-Ermənistan yaxınlaşması bizim xeyrimizədir - Eks-nazirdən mühüm açıqlama

Analitika

17 Fevral 2023, 13:48

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar Ermənistanın yardım göndərməsi, 35 ildən sonra iki ölkə sərhədinin humanitar məqsədlər üçün açılması, ardınca XİN başçısı Ararat Mirzoyanın fəlakət bölgəsinə səfəri Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması kimi qiymətləndirilir.  

 

Bəs Azərbaycanın buna münasibəti necədir? Türkiyə-Ermənistan barışığı regiona nələr vəd edir?

 

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılması Azərbaycanla razılaşdırılıb. Eks-nazir Ankaranın rəsmi Bakı ilə razılaşdırılmadan addım atmadığını düşünür:

 

"Biz başa düşməliyik ki, indiki zamanda Azərbaycanla Türkiyə bir çox sahələrdə, eləcə də xarici siyasət sahəsində sıx əməkdaşlıq edir. Koordinasiya əsasında bir çox işlər görürlər. Birmənalı olaraq demək olar ki, hazırkı vəziyyətdə atılan addımlar Azərbaycanla razılaşdırılıb. Bu və digər məsələlər Azərbaycan-Türkiyə müttəfiqliyi çərçivəsində baş verir. Şuşa bəyannaməsi, sıx siyasi əlaqələr, humanitar sahədə yaxınlaşmaları nəzər alsaq, bunu əminliklə demək olar".

 

 

Sabiq nazir Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müsbət qarşıladığını söyləyib:

 

"Ümumiyyətlə, bu prosesə müsbət baxıram. Türkiyə uzun müddət Ermənistan üçün bağlı idi. Bunun nəticəsi olaraq Ermənistanda Rusiya və İranın nüfuzu yüksəldi. İndi yeni imkan açılır ki, güclü iqtisadiyyatı olan və aktiv xarici siyasət yürüdən Türkiyə öz yumşaq gücü vasitəsilə Ermənistanda təsirini artırsın. İndiki məqamda Türkiyə bundan istifadə edib, məqsədlərinə çata bilər. Bu uzun prosesdir. Sabah, birisi gün bunun nəticəsini gözləmək doğru olmaz. Hər halda mən bu prosesi müsbət qiymətləndirirəm".

 

 

T.Zülfüqarovun fikrincə, Ermənistanla Türkiyənin əlaqələrinin normallaşması Azərbaycan üçün də müsbət olacaq:

 

"Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşması Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına şərait yarada bilər. Buna heç bir şübhə yoxdur. İstər-istəməz bu təsir nəticəsində Türkiyəyə qarşı düşmənçilik siyasəti azalacaq. Mən bütün məsələlər həll olunacaq demirəm. Demirəm ki, millətçi ermənilər öz məkirli fikirlərindən dönəcəklər. Ermənistanın 80 milyondan çox əhalisi olan, güclü iqtisadiyyata malik, gözəl kommunikasiyalar quran Türkiyəyə çıxışı təmin etməsi, İrəvanı Ankaradan asılı edəcək. Bu qaçılmazdır. Eyni zamanda, geopolitik rəqiblərin - Rusiya və İranın Ermənistadanda təsiri azalacaq".

Bu xəbər ilə bağlı
Futboldan “Zəlzələ diplomatiyası”na - Ankara İrəvanla barışır? - TƏHLİL
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar