Modern.az

Blinkenin Mərkəzi Asiya səfərindəki gizli maraqlar: Hədəf bu ölkədir - TƏHLİL

Blinkenin Mərkəzi Asiya səfərindəki gizli maraqlar: Hədəf bu ölkədir - TƏHLİL

Analitika

28 Fevral 2023, 15:42

Ukraynada müharibənin başlamasının ikinci ilinə qədəm qoyması fonunda ABŞ dövlət katibi Entoni Blinken Rusiyadan asılılığı azaltmağa çalışan Mərkəzi Asiya ölkələrinə səfər edib. O, Qazaxıstanın paytaxtı Astana şəhərində 5+1 qrupunun nazir toplantısında iştirak edəcək. Qrupa Qazaxıstandan başqa Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və ABŞ daxildir. Amerika diplomatiyasının rəhbəri iştirakçı ölkələrin xarici işlər nazirləri ilə ayrıca ikitərəfli danışıqlar da aparacaq.

 

Blinkenin Qazaxıstan və Özbəkistan paytaxtlarına getməsi onun Bayden administrasiyasının baş diplomatı kimi regiona ilk səfəridir. Səfərdən əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Blinken səfəri zamanı Vaşinqtonun "düşmənləri" hesab olunan Rusiya və Çinlə dərin əlaqələr qurmuş Mərkəzi Asiya dövlətləri üçün əməkdaşlığın faydalarını açıqlayacaq.

 

Amerika rəsmiləri ümid edirlər ki, Blinken Mərkəzi Asiya ölkələrini Rusiyanın Ukraynaya müdaxiləsinin onlar üçün təhlükə olduğuna inandıra biləcək. ABŞ onilliklər ərzində regionun keçmiş sovet ölkələrini Moskvanın təsirindən qorumağa cəhd göstərib. Onlardan bəziləri, xüsusilə Özbəkistan və Tacikistan Əfqanıstanda 20 ildir davam edən münaqişə zamanı ABŞ-a maddi-texniki yardım göstərib.

 

Ukraynada müharibənin qızğın mərhələyə daxil olduğu bir dövrdə baş tutan səfərin məqsədləri Vaşinqton tərəfindən gizlədilmir. Blinken səfər çərçivəsində Mərkəzi Asiya ölkələrini Rusiyadan uzaqlaşmağa cəsarətləndirəcək. Ukraynadakı müharibədən əvvəl bu məqsədin həyata keçirilməsi qeyri-mümkün hesab edilirdi. Mərkəzi Asiyada yerləşən 5 ölkədən üçü Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, hərbi bloka üzv olmayan Türkmənistan və Özbəkistan isə Rusiyanın əsas təhlükəsizlik tərəfdaşıdır.

 

Ancaq Ukraynadakı müharibə Mərkəzi Asiyada da təhlükəsizlik arxitekturasını dəyişdirib və faktiki güc boşluğu yaranıb. Çin və Türkiyə kimi regional güclər bu güc boşluğunu doldurmağa çalışır. Rusiyanın "Kommersant" qəzetində dərc olunan məqalədə deyilir ki, müharibənin birinci ilində Moskvanın bir çox qonşularında onun qeyd-şərtsiz hərbi gücünə şübhə yaranmağa başlayıb. 

 

Belə məqamda Blinken Astanada 3 ay əvvəl yenidən prezident seçilən və Putinin Ukraynaya irəli sürdüyü ərazi iddialarına qarşı çıxış edən Qazaxıstan lideri Qasım-Jomart Tokayevlə görüşüb. Daha əvvəl qazaxıstanlı həmkarı Muxtar Tileuberdi ilə görüşdə o, Vaşinqtonun 1991-ci ildə Moskvadan müstəqillik qazanmış Qazaxıstanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib: "Bəzən biz bu sözləri sadəcə deyirik, lakin onların əslində real mənası var". Amerikanın baş diplomatı Rusiyanın keçmiş Sovet respublikası olan Ukraynanı işğal etməsinə işarə edərək deyib ki, suverenlik, müstəqillik və ərazi bütövlüyünə dəstək hazırkı dövrdə həmişəkindən daha vacibdir.


Rusiya və Qazaxıstan dünyanın ən uzun quru sərhədini bölüşürlər, bu da bəzi qazaxların Ukraynadan sonra keçmiş Sovet respublikaları arasında ikinci ən çox etnik rus əhalisi olan ölkənin təhlükəsizliyi ilə bağlı narahatlığına səbəb olub.

 

Onu da bildirək ki, müharibədən sonra Mərkəzi Asiya ölkələri ilə Rusiya arasında ticarət dövriyyəsi artıb. ABŞ bu ölkələrin Rusiyaya tətbiq edilən sanksiyalardan yayınmağa kömək edə biləcəklərindən narahatdır. Hələlik bununla bağlı Qərbdən heç bir xəbərdarlıq səslənməyib. Vaşinqton Blinkenin səfəri ilə Rusiyanın bu ölkələrlə sıx iqtisadi əlaqələrini zəiflətməyə çalışa bilər. Ancaq ABŞ-ın bu əlaqələri əvəz etmək üçün irəli sürə biləcəyi təkliflər azdır. Çünki Qazaxıstan coğrafi olaraq Avropa və ABŞ-dan uzaqdadır, Çin isə Rusiyanın zəifləməsindən sonra yaranan güc boşluğunu doldurmağa çalışan ən böyük gücdür.

 

Ümumilikdə, görünən budur ki, Mərkəzi Asiyada ciddi geosiyası rəqabət yaranıb. Çin Rusiyanın zəifləməsi nəticəsində regionda yaranan boşluğu doldurmaq, ABŞ isə bunun qarşısını almaq istəyir. Prosesin sonunun necə olacağı Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq...

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir