Modern.az

Ulu öndərin amalları işığında gerçəkləşdirilən BÖYÜK QAYIDIŞ

Ulu öndərin amalları işığında gerçəkləşdirilən BÖYÜK QAYIDIŞ

1 Mart 2023, 12:02

Hər zaman azərbaycanlı olması ilə fəxr edən və ömrünü Azərbaycan xalqının rifahına, inkişafına həsr edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev bu müqəddəs amal uğrunda əzmlə çalışıb, Azərbaycanı düşdüyü ən ağır bəlalardan, böhranlardan xilas edərək ona qurtuluş yolu açıb, xalqımızın işıqlı gələcəyi naminə ömrünü şam kimi əridib.

 

Hələ Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu illərdə sovet rejiminin məhdudiyyətlərinə, müəyyən çərçivələrinə baxmayaraq, respublikamızın hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyətli işlər həyata keçirən Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşu oldu. Ümummilli Lider Heydər Əliyev şəxsi əzmi və iradəsi sayəsində millətimizi, dövlətimizi üzləşdiyi ağır və böhranlı vəziyyətdən xilas etmək kimi tarixi və şərəfli missiyanı layiqincə yerinə yetirdi.

 

Düzdür, həmin vaxta qədər Azərbaycan özünün dövlət müstəqilliyini elan etmişdi, amma faktiki olaraq bu, formal xarakter daşıyırdı və hər an müstəqilliyimizin itirilməsi kimi dəhşətli bir reallıqla üz-üzə idik. Faktdır ki, 1991-1993-cü illərin iyununa qədərki həmin dövrdə Azərbaycan ictimai-siyasi sabitlik olmayan, qeyri-qanuni silahlı dəstələrin özbaşınalıq etdiyi, xaos yaratdığı bir ölkə idi. Digər tərəfdən də hakimiyyətdə olan antimilli qüvvələrin satqınlığı nəticəsində rayonlarımız bir-bir erməni təcavüzkarları tərəfindən işğal olunurdu. Belə ağır və çətin məqamda, məhvolma təhlükəsi qarşısında olduğu anda sanki Tanrı özü Ulu Öndər Heydər Əliyevi Azərbaycan üçün xilaskar göndərmişdi.

 

Buna görədir ki, Azərbaycanın müqəddəratının dəyişildiyi tarixi günü, 1993-cü il iyunun 15-ni xalqımız özünün Milli Qurtuluş Günü kimi qəbul edərək bayram kimi keçirir.

 

Milli prioritet

 

Ulu Öndər Heydər Əliyevin dövlət başçısı seçilməsindən qısa müddət sonra Azərbaycanın müstəqilliyinin, suverenliyinin təmin olunması üçün mühüm addımlar atıldı. İlk öncə ölkədə ictimai-siyasi sabitliyi bərpa edən Ümummilli Lider Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni inkişafına hesablanmış mühüm qərarlar qəbul etdi.


Ulu Öndərin həmin dövrdə Azərbaycan naminə əldə etdiyi ən böyük tarixi uğur isə Ermənistanla ölkəmiz arasında atəşkəs sazişinin bağlanmasına nail olması oldu. Bundan sonrakı mərhələdə isə böyük siyasətçi Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması istiqamətində beynəlxalq platformalarda mühüm işlər gördü və imkan vermədi ki, Azərbaycanın Ermənistan tərəfindən üzləşdiyi işğalçılıq faktı qərəzli beynəlxalq təşkilatlar, ölkələr tərəfindən ört-basdır edilsin və gündəlikdən çıxarılsın.

 

Ümummilli Liderin həmin dövrdə qarşısına qoyduğu digər vacib məsələ isə öz dədə-baba yurdlarından zorla didərgin salınan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması idi.

 

Ulu Öndər hər zaman çıxışlarında qaçqın və məcburi köçkünlərin problemlərinə toxunur, həmin insanların ağrı-acılarını, çətinliklərini bölüşdüyünü ifadə edərək söyləyirdi ki, "Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir".

 

Özünün də vurğuladığı kimi, qaçqın və məcburi köçkünlərin çətin yaşam şəraiti Ulu Öndəri daim narahat edirdi. Dəfələrlə çadır şəhərciklərinə yollanaraq oradakı vətəndaşlarımızın ağır şəraiti ilə şəxsən tanış olan dahi rəhbər problemlərdən çıxış yolları arayırdı və bu istiqamətdə əlindən gələn hər şeyi edirdi.

 

1994-cü ildə "Əsrin müqaviləsi" ilə Ulu Öndərin Azərbaycanda təməlini qoyduğu uğurlu neft strategiyası sayəsində əldə edilən ilk vəsaitin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi hər birimizin yaddaşındadır. Eləcə də böyük şəxsiyyətin tükənməz səyləri sayəsində məcburi köçkünlərin çox çətin şəraitdə yaşamağa məcbur olduqları çadır düşərgələrinin mərhələli şəkildə ləğvinə başlanılmışdı.

 

2001-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanlarına uyğun olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salınmış və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edilmişdi.

 

Ulu Öndər Heydər Əliyevin gündəliyində duran milli prioritet isə torpaqlarımızın işğaldan azad edilməsi və yurdlarından zorla didərgin salınan vətəndaşlarımızın tarixi torpaqlarına qayıdışı idi. Gec və ya tez Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə qəti şəkildə əmin olan Heydər Əliyev bu sarsılmaz inamını belə ifadə etmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".

 

Xilaskarlıq missiyası

 

Ümummilli Liderin ümid və inamla dolu həmin tarixi çıxışındakı arzusunu isə fenomen şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 2020-ci ildə qətiyyətlə gerçəkləşdirdi. 44 günlük Vətən müharibəsi zamanı "dəmir yumruğu"nun bir həmləsi ilə düşməni məğlubiyyətə uğradan Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı 30 illik erməni işğalından azad etdi,  yurdlarından didərgin salınmış keçmiş məcburi köçkünlərin vətən həsrətinə son qoydu.

 

Bir məqamı da vurğulayım ki, hələ torpaqlarımız işğalda olduğu müddət ərzində də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqətində idi. Təkcə bu nümunələri gətirək ki, dövlət başçısı İlham Əliyev 2003-2007-ci illər ərzində Azərbaycanda bütün çadır şəhərciklərini ləğv etmiş, eləcə də 2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salınmışdı.

 

Lakin Ulu Öndər amallarını müvəffəqiyyətlə gerçəkləşdirən Prezident İlham Əliyevin əsl məram və məqsədi torpaqlarımızı işğaldan azad etmək və məcburi köçkünlərimizi öz yurdlarına qaytarmaq idi. Buna görə də ötən illər ərzində Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirən, ölkənin iqtisadiyyatını gücləndirən dövlət başçısı İlham Əliyev müasir ordu quruculuğuna diqqəti artıraraq Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına yüksəltdi.

 

Elə bu sadalanan nailiyyətlər sayəsində də Azərbaycan Vətən savaşında cəmi 44 gün ərzində təcavüzkar Ermənistanı kapitulyasiyaya məcbur etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmənin külünü göyə sovurdu.

 

Özüm də kəlbəcərli olaraq məcburi köçkünlüyün ağrı-acısını illərlə yaşamış biri kimi deyim ki, xilaskar liderimiz İlham Əliyev bizə "Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz..." müjdəsini verəndə sevinc gözyaşlarına boğulduq, illərdir həsrətində olduğumuz yurdlarımıza tezliklə dönəcəyimizin xoşbəxtliyini yaşadıq. 

Böyük qayıdış sevinci Vətən müharibəsindən dərhal sonra qurucu liderimiz İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad edilmiş torpaqlara yenidən həyatı qaytarmaq üçün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və quruculuq işlərinə start verilib. Hazırda 30 il ərzində düşmənin viranə qoyduğu yurdlarımız əsl cənnətməkana çevrilir. İşğaldan azad edilən torpaqlarımızda müasir infrastruktur qurulur, yollar çəkilir, tunellər salınır, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Bölgənin hərtərəfli inkişafına mühüm töhfə olan bu hava limanlarından ikisinin - Füzuli və Zəngilan hava limanlarının Prezident İlham Əliyev tərəfindən açılışı olub, Laçın Beynəlxalq Hava Limanının isə sürətli tikintisi gedir.

 

Artıq Böyük qayıdışa da uğurlu start verilib və "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulmuş Zəngilanın Ağalı kəndinin sakinləri öz isti od-ocaqlarına qayıdaraq xoşbəxt həyata başlayıblar. Tezliklə digər işğaldan azad olunan rayonlarımıza da qayıdış köçü başlayacaq.

 

Qalib liderimiz İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri zamanı bu ərazilərimizdə gerçəkləşdirilən irimiqyaslı tikinti quruculuq işlərinin şahidi oluruq. O cümlədən də Kəlbəcərdə nəhəng layihələr gerçəkləşdirilir. Kəlbəcər rayonunun mürəkkəb coğrafi şəraiti nəzərə alınaraq, Murovdağın altı ilə çəkilən uzunluğu 12 kilometrə yaxın olan tunel rayonumuzun inkişafında misilsiz rol oynayacaq. Ötən il iyunun 26-da Kəlbəcərə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiyanın hazır olduğu şad xəbərini bizə verdi. Artıq rayonda hərbi hissələr, bəzi qurumlar fəaliyyət göstərir.
Baş planında təbii gözəlliyi ehtiva olunan Kəlbəcər şəhərində yaşayış binaları, məktəb, xəstəxana, dövlət başçısının göstərişinə əsasən, aşıq mərkəzi inşa ediləcək. Xilaskar başçımız İlham Əliyev tərəfindən Kəlbəcərin simvolu "İstisu" sanatoriyasının təməli də qoyulub. Bir sözlə, işğaldan azad olunan digər rayonlarımızda olduğu kimi, Kəlbəcərə də həyat qaytarılır.

 

Ulu Öndərin ideyalarını yaşadan Heydər Əliyev Fondu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.

 

Bir sözlə, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir.

 

Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir.

 

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində torpaqlarımızı işğaldan azad edərək Böyük qayıdışı gerçəkləşdirən xilaskar lider İlham Əliyev bununla həm də müqəddəs ata nəsihətini yerinə yetirib və azərbaycanlı olmağı ilə fəxr edən,  xalqının, dövlətinin rifahı naminə ömrünü şam kimi əridən Ulu Öndərin ruhunu şad edib.


Həbib MİSİROV
YAPKəlbəcər rayon təşkilatının sədri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər