Modern.az

Onlayn diplomatiya: Vasitəçisiz ilk təmas - Nəticə nə olacaq?

Onlayn diplomatiya: Vasitəçisiz ilk təmas - Nəticə nə olacaq?

Analitika

3 Mart 2023, 10:26

Rəsmi Bakı onlayn formatda İrəvanla sülh danışıqları ilə bağlı təkliflər mübadiləsi aparır. Məlumatı fevralın 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlayıb. O, oxşar informasiyanı fevralın 28-də rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında da səsləndirib və izah edib ki, Bakı hazırda Ermənistan tərəfi ilə sülh müqaviləsi layihəsinə dair şərhlərin mübadiləsini nəzərdə tutan onlayn diplomatiya vasitəsilə danışıqlar aparır.  

 

Bəs onlayn diplomatiyaya keçid tərəflər arasında vasitəçi olmadan dialoqun qurulması deməkdir? 

 

Əvvəcə onu bildirək ki, Bakıda səfərdə olarkən Lavrov İrəvandan səslənən bəyanatlara çox sərt reaksiya verərək Ermənistanın üçtərəfli danışıqlara hazır olmadığını bildirib.

 

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazırdır, lakin öz xidmətlərini təkidlə təklif etməyəcək. Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir. Biz Ermənistan və Azərbaycan arasında belə görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik", - Lavrov deyib. 

 

Lavrovun açıqlaması göstərir ki, Ermənistan Rusiyanın danışıqlarda iştirak etməsini istəmir. Bunu Ermənistan baş nazirinin verdiyi mesajlarda da görmək olar. Nikol Paşinyan bildirir ki, Ermənistanda Rusiyanın 102-ci bazasının olması artıq ölkənin təhlükəsizliyi üçün maneədir. Rəsmi İrəvanın son aylarda Moskvanın ünvanına müxtəlif ittihamlar səsləndirməsi onun üçtərəfli masada oturmasını sual altına salır.

 

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ilin dekabrın 23-də Moskvada keçirilməsi nəzərdə tutulmuş üçtərəfli görüşdən imtina etdiyini Rusiya XİN-nə diplomatik kanallarla çatdırmaq əvəzinə, "onlayn diplomatiya"nı seçərək Ermənistan mediasına açıqlamalar verməklə işini bitmiş hesab etmişdi. Ermənistan bu danışıqlarda Avropa İttifaqının (Aİ), xüsusilə Fransanın iştirakını istəyir. Rəsmi Bakı isə Parisin iştirakına qarşıdır.

 

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov missiyanı uğursuzluq kimi qiymətləndirib: “Avropa İttifaqının missiyası öz nəticəsini vermədi. Üstəlik, biz gördük ki, missiyanın başlaması ilə Ermənistan tərəfinin danışıqlar prosesinin bütün istiqamətləri üzrə mövqeyi daha destruktiv xarakter aldı”. 

 

Belə nəticəyə gəlmək olar ki, sülh müqaviləsinin imzalanması prosesində üçüncü tərəflərin iştirak etməsi imkanları azdır. Eyni zamanda Azərbaycan-Ermənistan sülh danışıqlarının onlayn mühitə keçməsi onu deməyə əsas verir ki, saziş artıq hazırdır, texniki məsələlər yeni formatda razılaşdırılır.

 

Sülh müqaviləsinin əsas müddəaları nələrdir? 

 

Bakının sülh müqaviləsi ilə bağlı İrəvana təqdim etdiyi 5 maddəlik baza prinsipləri bunlardır: 

 

1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 

 

2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 

 

3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 

 

4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 

 

5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. 

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları prosesində onlayn diplomatiya tərcübəsi indiyədək olmayıb. Bunun yaxşı, yoxsa pis nəticə verəcəyini isə zaman göstərə bilər.  

 

Ceyhun Bayramovun səsləndirdiyi bəyanatlardan görünür ki, sənədin əsas məqamları onlayn müzakirə olunmur, əsasən texniki məsələlərə aydınlıq gətirmək üçün yeni kommunikasiya vasitəsindən istifadə olunur. Texniki məsələlərlə bağlı birbaşa danışıqlara və görüşlərə ehtiyac yoxdur, bunun üçün onlayn təmaslar kifayətdir. 

 

Digər tərəfdən yekun bəyanatlar əsas verir ki, iki ölkə arasında bağlanması gözlənilən sülh sazişinin mətni artıq hazırdır. Amma sülh müqaviləsinin Vaşinqton, yoxsa Moskva variantları əsasında hazırlanması sual doğurur.

 

Erməni ekspertlər isə düşünür ki, Ermənistan danışıqlar aparmır, sadəcə olaraq, Azərbaycan tərəfinin göstərişlərini mütəmadi olaraq yerinə yetirir.  Bu da onu göstərir ki, Azərbaycan onlayn, oflayn, birbaşa görüşlər vasitəsilə Ermənistanı danışıqlar masasına oturmağa məcbur edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!