Modern.az

Partiyaların vaxtı daralır: Kimlər “say ələyi”ndən keçə bilməyəcək...

Partiyaların vaxtı daralır: Kimlər “say ələyi”ndən keçə bilməyəcək...

4 Mart 2023, 09:18

Bu ilin yanvar ayının 14-də Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. 6 fəsil və 30 maddədən ibarət yeni qanunun qəbul edilməsi ilə 1992-ci il iyun ayının 3-də prezident səlahiyyətlərini icra edən İsa Qəmbər tərəfindən təsdiq olunan və müxtəlif illərdə 27 dəfə dəyişikliyə məruz qalan əvvəlki qanun ləğv edilib. Bundan öncə qüvvədə olan qanun 4 fəsil 22 maddədən ibarət idi.

 

Yeni qanunda siyasi partiyaların yaradılması və fəaliyyəti üçün əvvəlki qanunla müqayisədə daha sərt tələblər müəyyən edilib. Əvvəlki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idisə, yeni qanunla bu tələb 5 dəfə artırılıb. Qanunun keçid müddəalarında qeydiyyatda olan partiyalardan üzvlərinin sayını 5 min nəfərə çatdırmaq tələb olunur və bunun üçün onlara 6 ay vaxt verilir. 

 

Hazırda qeydiyyatda olan partiyalar fəaliyyətlərini davam etdirmək üçün 2023-cü il iyul ayının 10-dək 5 min nəfərin adını ehtiva edən üzvlük siyahılarını Ədliyyə Nazirliyinə təqdim etməlidir. Partiyaların üzv sayı 4500-dən aşağı olacağı təqdirdə Nazirlik partiyaların ləğvi üçün məhkəməyə müraciət edə bilər. Yeni qanun layihəsinə görə, siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilir. 

 

Mərkəzi Seçki Komissiyasının saytında dərc olunan siyahıya əsasən, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Onların yarısından çoxu müstəqilliyin ilk 10 ilində qeydiyyata alınıb. Ötən əsrin 90-cı illərində Azərbaycanda çoxpartiyalılığa keçid prosesi baş verib. Ancaq bu prosesdə siyasi partiyalar kəmiyyətcə çoxalıb, lakin keyfiyyətə önəm verilməyib. Siyasi partiyalar əsasən liderlik iddialarında olan ayrı-ayrı şəxslər ətrafında yaranıb, proqramları və gündəlikləri bir-birindən ciddi əsaslarla fərqlənməyib. Nəticə etibarilə bir müddət sonra partiyalarda “fəaliyyətsizlik” xroniki hala çevrilib.

 

 

Qeyd edək ki, son illərdə siyasi partiyaların yaranmasında aktivlik müşahidə edilib. Təkcə son 3 ildə Ədliyyə Nazirliyi 10 siyasi partiyanı qeydiyyata alıb. Ancaq yenə də proses 90-cı illərdəki kimi keyfiyyətcə yox, kəmiyyətcə artıb, bir çoxunun fəaliyyəti yox dərəcəsindədir.

 

İndiyədək siyasi partiyalar üzvlərinin sayı barədə açıq məlumatlar yaymayıblar. Yalnız hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında partiyanın 770 mindən çox üzvü olduğu qeyd edilib, digərlərində belə təcrübəyə rast gəlinməyib.

 

Modern.az bəzi partiyaların nümayəndələri ilə əlaqə saxlayarq, üzvlərinin sayı ilə maraqlanıb.

 

ReAl partiyasının icraçı katibi Natiq Cəfərli üzvlərin sayının 5000-ə çatdırılması üzərində işlərin davam etdiyini və təxminən aprel ayında prosesin yekunlaşacağını bildirib. Ağ Partiyasının sədri Tural Abbaslı rəhbərlik etdiyi düşərgədə 11 min üzvün olduğunu deyib. O qeyd edib ki, artıq üzvlərin siyahısının hazırlanması prosesi başa çatmaq üzrədir.

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı partiyanın üzv sayının 5000-dən çox olduğunu açıqlayıb. Yeni yaradılan Azad Vətən Partiyasının sədri Akif Nağı da partiyanın 5000 üzv sayına çatacağından əminliyini ifadə edib. O, əvvələr rəhbərlik etdiyi Qarabağ Azadlıq Təşkilatının 10 min üzvünün olduğunu, bu üzvlərin partiyaya cəlb edilməsi üzərində işlərin getdiyini deyib.

 

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn saytımıza açıqlamasında partiyanın keçən il baş tutan V qurultayında üzv sayının 2000 olduğunu söyləyib. O, indiyədək partiyaya yeni üzvlərin cəlb olunmasının problemli olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycanın müstəqillik tarixində indiyədək 4 siyasi partiya məhkəmə qərarı ilə ləğv edilib. Ancaq onlardan heç biri üzv sayına görə bağlanmayıb. 1993-cü ildə Azərbaycan Xalqlarının Bərabərlik Partiyası separatçılıq səbəbi ilə, 1995-ci ildə Bozqurd Partiyası etnik ayrıseçkiliyi təbliğ edən çıxışlar etdiyi və adının qanunlara uyğun olmadığına görə, Azərbaycan İslam Partiyası casusluq səbəbiylə, Azərbaycan Vahid Kommunist Partiyası isə SSRİ-nin bərpasını təbliğ etməsi ilə əlaqədar ləğv edilib. 


Ekspertlərin ehtimallarına görə, Azərbaycanda 5000 min üzv sayını bir çox partiya tamamlaya bilməyəcək. Mətbuatda bəzi partiyaların "say ələyindən" keçmək üçün birləşə və ya ümumiyyətlə, fəaliyyətini dayandıra biləcəyi barədə məlumatlar yayılıb. Belə ki, martın 2-də 1995-ci ildə qeydiyyata alınan Azərbaycan Naminə Alyans Partiyası (ANAP) fəaliyyətini dayandırdığını bildirib. Açıqlamada qeyd olunub ki, partiyanın fəaliyyəti üçün tələb olunan üzv sayının təmin olunmasının çətinliklə də olsa mümkünlüyünə baxmayaraq, qurultay Partiya sədrinin təklifi ilə razılaşıb və ANAP-ın ləğvi barədə qərar qəbul edib.

 

Müstəqillik dövründə Azərbaycanda bir neçə dəfə kiçik partiyaların böyük partiyalara birləşməsi təcrübəsi var. 1995-ci ildə Tamerlan Qarayev və Rövşən Qənbərin rəhbərlik etdiyi partiyalar Müsavat Partiyasına, 2021-ci ildə isə 6 "xırda partiya" hakim siyasi qüvvələrə birləşmək qərarına gəlib.

 

Bəzi ekspertlər yeni partiyaların meydana çıxmasını şəraitin yeniləşməsinə reaksiya kimi qiymətləndirirlər. Ancaq partiyaların kəmiyyətcə çoxalması siyasi qüvvələrin təsir imkanlarını daha da azaldır. Təsadüfi deyil ki, əksər partiyalar siyasi şəraitə cavab kimi yox, mövcud siyasi qüvvələrin parçalanması ilə yaranıb.

 

ReAl üzvü Natiq Cəfərli partiyaların üzv çatışmazlığına görə birləşməsi ideyasının yanlış olduğunu düşünür. Partiyaların ideologiya və hədəflərə görə birləşməli olduğunu deyən Cəfərli ReAl partiyasının belə bir planının olmadığını bildirib. AXP sədri Pənah Hüseyn də partiyaların birləşməsi ideyasına müsbət yanaşmadığını deyib. O, rəhbərlik etdiyi siyasi qüvvələrin digər partiyalara birləşmək niyyətində olmadığını söyləyib.

 

Ümumilikdə Azərbaycanda hakim partiyadan başqa digər partiyaların üzvlərinin sayı hiss ediləcək dərəcədə azdır, elektoratın səfərbər edilməsi imkanları məhduddur, sosial bazası yox dərəcəsindədir. Bu partiyaların əksəriyyəti təşkilati-struktur və maliyyə cəhətdən zəifdir, şaquli əlaqələr formalaşmayıb. Siyasi partiyalar haqqında yeni qanunla formalaşan partiyaların necə olacağını isə zaman göstərəcək...

 

Modern.az Təhlil Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir