Modern.az

Region ölkələri Türkiyədə kimin prezident olmasını İSTƏYİR

Region ölkələri Türkiyədə kimin prezident olmasını İSTƏYİR

Analitika

4 Mart 2023, 18:00

Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkiləri region ölkələrinin diqqət mərkəzindədir. Bölgənin ən güclü fiqurlarından biri olan Türkiyədəki seçkilərin nəticələrinin necə olacağı, hansı siyasi liderin hakimiyyətə gələcəyi maraq doğurur. Azərbaycanda aparılan müşahidələr göstərir ki, vətəndaşların əksəriyyəti Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsini arzulayır. Lakin fikir müxtəlifliyini nəzərə alsaq, müxalif düşərgədə təmsil olunan digər siyasətçiləri də dəstəkləyənlərə rast gəlmək olar. 

 

Ümumilikdə qonşu ölkələr Türkiyədə kimin prezident seçilməsində maraqlıdır? 


Mövzunu Modern.az-a şərh edən “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy söyləyib ki, hansı qüvvənin qalib gəlməsinə baxmayaraq, Türkiyənin regionda həyata keçirdiyi siyasət dəyişməyəcək. 

 


"Türkiyə son 30 ildə bölgə siyasətində, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərində bənzər paradiqma ilə çıxış edib. Ölkəmizin haqlı mövqeyini dəstəkləyib və Ermənistanın işğalçılıq siyasətini sonlandırmasını tələb edib. "Altılı masa"nın da ölkəmizə və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşması indiki hakimiyyətə bənzdərdir və bu münasibətlərin daha da inkişaf etdirilməsindən danışılır. Sadəcə yeni təyinatların olması prosesdə bəzi dəyişikliklərə gətirib çıxara bilər. İstər CHP-nin, istərsə də digər partiyaların içərisində Azərbaycanla münasibətlərə birmənalı baxmayanlar olur. Bu əvvəl də olub, indi də var. Ancaq seçimlər bitdikdən sonra əgər müxalifət hakimiyyətə gələrsə, ilk aylarda müəyyən durğunluq ola bilər", - deyə o bildirib.

 

N.Cəfərsoy vurğulayıb ki, Azərbaycan tərəfinin rəsmi yanaşması Türkiyədə kimin qalib gəlməsindən asılı olmayaraq, münasibətlərin yüksək səviyyədə qalmasından ibarətdir:

 

"Məncə, Azərbaycan qardaş ölkədə ola biləcək hakimiyyət dəyişikliyinə tərəfsiz yanaşır. Ancaq Rəcəb Tayyib Ərdoğanla Azərbaycan hakimiyyəti arasında münasibətlərin dərinləşməsi ona daha çox simpatiyanın olmasına gətirib çıxarır. Düşünürəm ki, ölkəmizin siyasəti iqtidardan iqtidara deyil, dövlətdən dövlətədir. Ümumiyyətlə, Azərbaycanın Türkiyə siyasətində iqtidar faktoru proseslərin irəliləməsi baxımından önəmli amillərdən biridir". 

 

 

Digər qonşu ölkələrə gəlincə, politoloq qeyd edib ki, Ermənistan müxalifəti ümumi olaraq Türkiyənin zərər görməsini istəyir. Bu mənada Ərdoğan hakimiyyətinə antipatiya ilə yanaşırlar:

 

"Paşinyan və komandası müharibə dövründə zaman-zaman sərt fikirlər səsləndirsə də, indiki dövrdə Rəcəb Tayyib Ərdoğan hakimiyyətinə qarşı aqresiv münasibət sərgiləmir. Paşinyanın Türkiyə ilə münasibətlərin qurulmasında maraqlı olduğu aşkardır. Digər tərəfdən erməni mətbuatına danışan siyasətçilərin fikirlərindən aydın olur ki, İrəvan Ankaranın Azərbaycana dəstək verməsindən narahatdır. Məncə, Türkiyədə iqtidara kim gəlsə də, Azərbaycanla münasibət dəyişməyəcək. Sadəcə bəzi erməni siyasətçilər düşünür ki, Kılıçdaroğlu hakimiyyətə gələrsə, müəyyən fərqlər ola bilər. Mən isə bunun yanıldıcı olduğunu düşünürəm. Gürcüstanın isə bölgə, Türkiyə siyasəti heç vaxt iqtidardan iqtidara dəyişməyib. Yəni Saakaşvili dönəmində olduğu kimi indiki iqtidar da Türkiyə ilə münasibətlərin yaxşı olmasında maraqlıdır. Ümumiyyətlə, seçkilərlə bağlı Gürcüstanın hansısa mövqe ortaya qoyacağını düşünmürəm. Açığı, bütün region ölkələrinin seçki prosesinə tərəfsiz yanaşdığını hesab edirəm".

 

Rusiya və İranın mövqeyi necədir? 

 

Politoloq bildirib ki, Türkiyə-Rusiya münasibətləri Ərdoğanın hakimiyyəti dönəmində xeyli irəliləyib:

 

"Bu, özünü bir çox nümunədə göstərib. Ukrayna müharibəsində Türkiyənin dayandığı mövqe həm Qərb, həm də Rusiya üçün çox önəmlidir. Təbii ki, bəzi ziddiyyətlər var, ancaq bu, ümumi münasibətlərə mənfi təsir etmir. Putinin Ərdoğan haqqında müsbət düşüncələri var. Vaxtilə Putin Ərdoğan haqqında danışarkən "o sözünün əridir" demişdi. Bütün bunlar Türkiyə cəmiyyətində Ərdoğanın nüfuzunu artıran amillərdir. Rusiya Ərdoğanın hakimiyyətdə qalmasını istəyir. Bildiyimiz kimi, son vaxtlar Türkiyə iqtisadiyyatı müəyyən çətinliklər yaşayır. Rusiyanın qaz nəqli zamanı etdiyi endirimlər Türkiyə üçün önəmli addımdır. Bununla ölkədən çıxan valyutanın məbləği azalır. Hətta bildirilir ki, "Qazprom" şirkəti bəzi borcların ödənməsini ertələyib. Ümumiyyətlə, Ərdoğan Rusiyanın dəstəyini qazana bilib. Lakin müxalifətin Ukrayna müharibəsində və digər məsələlərdə sərgilədiyi mövqe Putin üçün məqbul hesab olunmur".

 

 

Nazim Cəfərsoy İran-Türkiyə münasibətlərini də şərh edib.

 

"İran-Türkiyə münasibətlərinə diqqətlə baxsaq, burada ziddiyyət təşkil edən məqamların olduğunu görərik. İran Türkiyənin müstəqil siyasət aparmasının Tehranın maraqlarına uyğun gəldiyini deyir. Çünki İran Qərbi, xüsusilə ABŞ-ı özünə düşmən hesab edir. Bu baxımdan Ərdoğanın müstəqil siyasət aparmasının İranın maraqlarına uyğun gəldiyini söyləyirlər. Lakin Türkiyənin güclənməsi İranı da narahat edir. Türkiyənin Suriyada, Cənubi Qafqazda atdığı addımlar müəyyən mənada İranı qıcıqlandırır.

 

Digər tərəfdən İran Zəngəzur dəhlizinin açıqlamasına qarşıdır. Türkiyə isə dəhlizin açılmasında Azərbaycanın mövqeyini dəstəkləyir. Eyni zamanda İran Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsini də istəmir. Bundan əlavə, Türkiyə müxalifətinin Qərbyönümlü mövqe tutması İranın ürəyincə deyil. Bu və digər məqamları nəzərə alsaq, deyə bilərik ki, İran Türkiyədəki seçkilərdə qəti mövqeyini bildirməyəcək, nəticələrin necə olacağını gözləyəcək", - deyə o əlavə edib.                                                                                                                                          

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub