Modern.az

Türkiyə seçkiləri: Gedişat nəyi göstərir? - TƏHLİL

Türkiyə seçkiləri: Gedişat nəyi göstərir? - TƏHLİL

7 Mart 2023, 17:48

Türkiyədə seçkilər yaxınlaşdıqca, siyasi proseslər daha da aktiv fazaya daxil olur. Dünən – martın 6-da müxalifətin “Millət İttifaqı” – “Altılı Masa” prezidentliyə vahid namizədini açıqladı. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu 14 mayda keçirilməsi gözlənilən seçkilərdə namizəd elan olundu.

 

Müxalifətin namizəd seçimi xeyli qalmaqalla müşayiət olunsa da, sonda vahid namizədlə bağlı konsensusa gəlmək mümkün oldu. Bundan sonrakı siyasi proseslərin necə cərəyan edəcəyi barədə mülahizələr irəli sürmək üçün bir qədər keçmişə nəzər salmaq və bir sıra faktorlara nəzər yetirmək lazımdır.

 

Müxalifətdə Kılıçdaroğlunun namizədliyinin uğur gətirəcəyinə skeptik yanaşanlar onun CHP sədri olduğu 2010-cu ildən bəri son bələdiyyə seçkiləri istisna olmaqla, partiyanın heç bir seçkidə tam qələbəyə nail ola bilmədiyini arqument kimi gətirirlər. Lakin situasiyanın xeyli dəyişdiyini nəzərə aldıqda, iqtisadi göstəricilərin, hüquq və azadlıqların vəziyyətinin, son zəlzələnin, 20 illik AKP iqtidarının “metal yorğunluğu”ndan xalqın bezdiyinin və dəyişikliklər istədiyinin müxalifətin şansını xeyli artırdığını söyləyənlər də az deyil.

 

Lakin Türkiyədəki müxalif kəsimin iqtidarın uduzduğu, amma müxalifətin hələ qalib gəlmədiyi barədə tezisi də maraqlı səslənir. “Millət İttifaqı”nın masasında son baş verənlər bu tezisin ikinci hissəsi ilə bağlı qənaəti gücləndirir. İYİ Partiya sədri Meral Akşenerin vahid namizəd mövzusunda digər 5 partiyanın yekdilliklə ortaya qoyduğu mövqeyi siyasi bloku dağıtmaq bahasına bölüşməməsi və daha sonra əcaib formula ilə masaya geri dönməsi müxalif elektorat arasında böyük narazılıqlara səbəb olub. Bunun xəyal qırıqlığı yaratdığını, ittifaqa ictimai inamı sarsıtdığını deyənlər var.

 

 

Lakin bu mövzuda da fərqli fərziyyələr mövcuddur. Belə ki, bunun öncədən danışılmış addım olduğunu, Kılıçdaroğlunun daha sol mövqedə dayanan siyasi qüvvələrlə rahat şəkildə danışıqlar aparıb səs almasını təmin etmək və Akşenerin İYİ Partiyanın sağçı və milliyyətçi-mühafizəkar seçicilərinə solyönümlü qüvvələrlə əməkdaşlığın izah olunması öhdəliyindən qurtulmaq imkanı yaratmaq naminə edilən siyasi gediş olduğu versiyasının da yaşamaq hüququ var. Təsadüfi deyil ki, Kılıçdaroğlu Akşenerin masada olmadığı qısa müddətdə Türkiyə Fəhlə Partiyasının (TİP) sədri Erkan Başla görüşdü, həmçinin HDP-dən dəstək vədi aldı.

 

Təbii ki, Ərdoğanın da oturuşmuş elektorat bazası var və istənilən problem onların rəyini dəyişmir. Sosioloji sorğularda bu kəsimin seçmək və seçilmək hüququ olan Türkiyə vətəndaşlarının təxminən 25-28 faizini təşkil etdiyi üzə çıxır. Heç də az olmayan bu rəqəmin üzərinə 7-10 faizlik MHP elektoratını, ümumilikdə 2-3 faiz səsi olan Mustafa Desticinin Böyük Birlik Partiyası, avrasiyaçı Doğu Perinçekin Vətən Partiyası və HÜDAPAR-ın seçicilərinin səsini əlavə etsək, Ərdoğanın təxminən, 35-40 faiz ətrafında hazır səsi olduğunu demək mümkündür.

 

Amma yerdə qalan 60-65 faiz səsin heç də hamısı Kılıçdaroğlunun deyil. CHP-nin ənənəvi olaraq 25 faiz oturuşmuş elektorat bazası var. İYİ Partiyanın 12-15 faizlik səsini, “Millət İttifaqı”ndakı digər 4 partiyanın rəy sorğularına görə nəzəri olaraq malik olduğu ümumilikdə 5 faizlik səsi də Kılıçdaroğlunun “aktivinə” yazsaq, onun 45 faizə yaxın səsi olar. Amma Türkiyə konstitusiyasına görə, ilk turda seçkidən qalib çıxmaq üçün 50%+1 səs almaq şərtdir.

 

 

Yəni istənilən halda Ərdoğan və Kılıçdaroğlu digər siyasi qüvvələrin elektoratlarına da müraciət etməli olacaqlar. Təxminən 10-15 faizlik “qərarsız seçici” kütləsinin olduğunu hesaba qatsaq, məsələ daha da mürəkkəbləşir. Digər tərəfdən, hətta müəyyən sorğulara görə, “Millət İttifaqı”na daxil olan sağçı siyasi partiyaların heç də bütün tərəfdarlarının partiya rəhbərliyinin çağırışına qulaq verərək onların mövqeyini bölüşəcəyi və CHP sədrinə səs verəcəyi dəqiq deyil. Oxşar hal Ərdoğana da aiddir. MHP və “Cümhur İttifaqı”na daxil olan digər xırda partiyaları dəstəkləyən elektoratın hamısı ötən seçkilərdə AKP liderinə səs verməyib. Bu baxımdan iki siyasi koalisiyadan kənarda qalan siyasi qüvvələrin dəstəyinə olan ehtiyacın önəmi daha da artır.

 

Burada önə çıxan son parlament seçkilərində topladığı səslərə görə 3-cü yeri tutmuş Xalqların Demokratik Partiyasıdır. HDP-nin dəyişməyən səs kütləsi 10 faizdir ki, bu da əslində az rəqəm deyil. Partiyanın həmsədri Mithat Sancar seçkilərdə namizəd çıxarmayacaqlarını və “Millət İttifaqı”nın namizədi Kılıçdaroğlunu dəstəkləyəcəklərini elan edib. Lakin “bu məsələləri müzakirə etmək üçün onu qərargahımızda gözləyirik” açıqlaması ilə bu dəstəyin qarşılıqsız olmayacağı və müəyyən razılaşmaların əldə olunmasından sonra mümkün olacağına eyham vurulub. Yuxarıda qeyd olunan məqam HDP elektoratı üçün də keçərlidir. Partiya rəhbərliyi Kılıçdaroğlunun namizədliyini müdafiə etsə də, xüsusən, partiyanın cənub-şərqi Anadoluda yaşayan mühafizəkar tərəfdarlarının bir hissəsi HDP-nin öz namizədi seçkidə iştirak etməyəcəyi təqdirdə dini dünyagörüşlərinə daha yaxın hesab etdikləri Ərdoğana səs verməyi üstün tutacaq.

 

Həmçinin solçu siyasi qüvvələr arasında da Kılıçdaroğlunun son vaxtlar sağçı-mühafizəkar kəsimə yönəlik reveransları tənqidlə qarşılandığı, onun Atatürkçü siyasi xətdən uzaqlaşdığını hesab etdikləri və qismən də sosial-demokratiyanı soldan daha çox mərkəzə yaxın siyasi ideologiya saydıqları üçün CHP sədrini yeknəsəq formada dəstəkləmirlər. Lakin şübhəsiz ki, Ərdoğan və Kılıçdaroğlu arasında seçim məcburiyyətində qalsa, solçuların mütləq əksəriyyəti ikinciyə səs verəcək.

 

 

Seçkilərin ikinci tura qalması ehtimalı da müzakirə mövzusudur. Bu versiyanın həyata keçməsi üçün ilk turda seçim etməkdə çətinlik çəkənlərin, qərarsız seçicilərin, fərdi boykotu üstün tutanların və seçkiyə getməyən protest elektoratının böyük rolu ola bilər. İlk turda 50%+1 səs toplayan namizəd olmazsa, sözsüz ki, ikinci turda insanlar sevdiyi və dəstəklədiyi namizəddən daha çox “iki pisdən ən az pis olanını seç” prinsipi ilə yanaşmalı olacaqlar.

 

Geniş yayılmış rəy bundan ibarətdir ki, böyük şəhərlərdə və mərkəzi vilayətlərdə əhalinin əksəriyyəti CHP liderini, əyalətlərdə və kənd yerlərində isə Ərdoğanı dəstəkləyir. Lakin zəlzələdən sonra hakim partiyanın xeyli səs itirdiyi barədə deyilənlər müxtəlif sosioloji sorğularda öz əksini tam tapmır və Ərdoğanın reytinqi cüzi azalmaya məruz qalıb.

 

İstənilən halda, son sözü türk milləti deyəcək və iradəsini seçkilərdə ortalığa qoyacaq. Kimin Türkiyə prezidenti olacağını seçki gününün axşamı biləcəyik...

 

Modern Təhlil Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?