Modern.az

Bir həftədə iki səs-küylü olay: Cinayətkarlar silahı necə əldə edir...

Bir həftədə iki səs-küylü olay: Cinayətkarlar silahı necə əldə edir...

11 Mart 2023, 20:05

Martın 4-də Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində inkasatorun qətlə yetirilməsi və bir nəfərin yaralanması ilə nəticələnən ağır cinayətlə bağlı müzakirələrin səngimədiyi məqamda Bakıda yenidən silahlı insident törədilib. Hadisə ötən gün Bakı Dövlət Sirkinin yaxınlığında baş verib. Silahlı şəxsin açdığı atəş nəticəsində 2 nəfər yaralanıb. Əməliyyat axtarış tədbirləri zamanı faktla bağlı 3 nəfər şübhəli şəxs müəyyən edilərək saxlanılıb. 

 

Maraqlıdır, məlum hadisələrin son bir həftə ərzində yaşanması nədən xəbər verir? Cinayətkarlar silahları hansı yolla əldə edirlər?

 

Mövzu ilə bağlı Modern.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, Bakıda bir-birinin ardınca belə hadisələrin baş verməsi cəmiyyətdə narahatlıq yaradır:

 

"Sadəcə cibgirlərin, oğruların yox, silahlı cinayətkarların sayının artması və daha mütəşəkkil hal almasına görə cəmiyyət narahatlıq hissi keçirir. Açığı deyim ki, istənilən cəmiyyətlərdə belə hadisələr baş verir. Narahatlıq doğuran məqam əldə olunan silahlar və hadisələrin ardıcıl baş verməsi ilə əlaqədardır. Azərbaycanda silah əldə etməkdə problem yoxdur. Biz iki müharibə keçmişik. Birinci Qarabağ müharibəsində xeyli sayda silah itkisi olub. Avtomatlar, tapançalar, hətta pulemyotların itməsi halları olub. İkinci Qarabağ müharibəsinin 44 gün sürməsinə baxmayaraq, bu dövrdə də silah itkisi olub. Həmin silahları kimlərsə ələ keçirə bilər. Hər adam bunu dövlətə təhvil vermir. Bəziləri satmaq, yaxud özü istifadə etmək fikri ilə gizli saxlayır. Nəticədə bəzi cinayətkar dəstələrin silah əldə etməsində problem yaranmır. Belə tapançalar əslində polislərdə, xüsusi xidmət orqanlarında olur. Misal olaraq “tabel” silahlarını göstərmək olar. Bu silahların necə əldə olunması araşdırılmalıdır. 2018-ci ildə Gəncənin icra başçısına qarşı sui-qəsddə istifadə olunan silah da polisə aid idi. Məlum olmuşdu ki, cinayətkar bir müddət əvvəl polis əməkdaşını döyüb, silahı onun əlindən alıb".

 

 

Ekspert qeyd edib ki, rəsmi qurumlar tərəfindən ciddi tədbirlər görülməli, belə situasiyaların yaranmasının səbəbi öyrənilməlidir. 

 

"Mən hesab edirəm ki, cinayətlərin artmasına əsas səbəblərdən biri işsizlikdir. Yəni maddi problemlərin olması bəzi insanların cinayət törətməsinə səbəb olur. Əvvəlcə kiçik, sonra böyük oğurluğa əl atırlar. Bəzi şəxslər bir müddət sonra silahlı oğurluğa və quldurluğa qurşana bilir. Mən bildiyimə görə, Bakıda sonuncu hadisə cinayətkar dəstələr arasında baş verib. Deməli, artıq cinayətkarlıq mütəşəkkil hal alıb. Əməliyyat-axtarış işlərinə ciddi nəzarət edilməlidir. Qanunsuz silahların əldə olunmasının, cinayətkarlıq və mütəşəkkil cinayətkarlığın qarşısı alınmalıdır. Bunun başqa yolu yoxdur. Burada əsas rol Daxili İşlər Nazirliyinin üzərinə düşür. Neqativ halların qarşısını almaq üçün tədbirləri artırmaq lazımdır. Çünki mütəşəkkil cinayətkarlıq cəmiyyətə həm psixoloji, həm də fiziki təsir edir", - deyə İlham İsmayıl vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub