Modern.az

İranın sərhəd təxribatının pərdəarxası MƏQAMLARI

İranın sərhəd təxribatının pərdəarxası MƏQAMLARI

Analitika

12 Mart 2023, 15:01

İran təyyarəsinin sərhədimizə yaxın uçuş həyata keçirməsinin məntiqi budur ki, Tehran Azərbaycanı, Türkiyəni və Azərbaycan-İsrail strateji tərəfdaşlığını test edir.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Tehran ilk növbədə Azərbaycanın və Türkiyənin təxribata reaksiya gücünü test etmək istəyir.

 

"Türkiyə dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaqla məşğuldur, eyni zamanda, prezident və parlament seçkiləri kampaniyasına start verilib. Tehran hesab edir ki, Ankaranın başı qarışıqdır. Bu arada, İsrail-İran gərginliyi artıb. İsrail rəsmiləri İranın nüvə silahı əldə edəcəyinə imkan verməyəcəklərini açıq bildiriblər. İran isə uranı zənginləşdirməkdə davam edir. Toqquşma qaçılmaz ola bilər. Tehran Azərbaycan-İsrail strateji əməkdaşlığından ehtiyatlanır. Rəsmi Bakı dəfələrlə bildirib ki, üçüncü dövlətlərin Azərbaycan ərazisindən İrana həmlələrindən istifadəsinə icazə verməyəcək. Tehran buna inanmır. Tehran Azərbaycana qarşı təxribatların miqyasını o həddə çatdırıb ki, bizi ABŞ və İsrailllə daha sıx hərbi əməkdaşlığa sövq edir", - politoloq İranın Azərbaycan sərhədində törətdiyi təxribatı şərh edib.

 

Qeyd edək ki, XİN və Müdafiə Nazirliyinin yaydığı birgə məlumata görə, 11 mart 2023-cü il tarixində İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

 

Təxribatla əlaqədar İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür