Modern.az

Qarabağda yeni müharibə olacaqmı? - Gözləntilər nədir...

Qarabağda yeni müharibə olacaqmı? - Gözləntilər nədir...

15 Mart 2023, 10:00

Son günlər tez-tez atəşkəsin pozulması halları geniş vüsət alıb. Ermənistan tərəfi və Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyası hərbi kontingentinin nəzarət zonasında olan və II Qarabağ müharibəsinin sonunda imzalanmış üçtərəfli bəyanata zidd olaraq 3 ilə yaxındır tərksilah edilməyən separatçıların qanunsuz erməni silahlı birləşmələrinin törətdiyi bu təxribatlar Azərbaycan ordusunun şəhid verməsinə, həmçinin qarşı tərəfdən də itkilərə səbəb olub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada rəsmi Bakının bu cür təxribatların qarşısının qətiyyətlə alınacağı və adekvat cavab tədbirlərinin görüləcəyi barədə mövqeyi dəfələrlə vurğulanıb.

 

Bəs Ermənistanın və separatçıların bu cür addımları müharibəyə gətirib çıxara bilərmi? Qarabağda antiterror əməliyyatı başlayacaqmı?

 

Məsələ ilə bağlı ekspertlərin fikirlərini aldıq. Mövzunu Modern.az-a şərh edən politoloq Elşən Məcidov belə düşünür ki, Azərbaycan Türkiyə ilə birlikdə separatçılara qarşı əməliyyata başlaya bilər.

 

"BMT nizamnaməsinin özünümüdafiə ilə bağlı maddələrinə əsasən, dövlətlər müdafiəsini həm özü, həm də kollektiv şəkildə təşkil edə bilər. BMT Qarabağın Azərbaycan ərazisi olduğunu əvvəlcədən qəbul edib. Bu o deməkdir ki, Azərbaycanın hüdudları daxilində yalnız özünün hərbi birləşmələri ola bilər. Başqa bir silahlı birləşmə dövlətimizlə müqavilə bağlamadan mövcudluğunu davam etdirə bilməz. Məsələn, Rusiya sülhməramlı kontingenti 10 noyabr bəyannaməsinə əsasən Azərbaycanla razılaşdırılmış şəkildə ölkəmizə yerləşib. Belə olmadığı halda bütün silahlı birlşmələr ordumuz üçün legitim hədəfdir. Qarabağda mövcud olan silahlı dəstələr isə tamamilə qanunsuz birləşmələrdir. Onları heç bir ölkə, o cümlədən Ermənistanın özü də tanımır. Bu da bizim əlimizdə əlavə bir arqumentdir. Bu baxımdan Azərbaycan BMT-nin özünümüdafiə prinsiplərinə əsasən, Qarabağdakı separatçılara qarşı əməliyyat keçirə bilər. Hətta biz Türkiyə ilə birlikdə də bu addımı atmaq hüququna malikik",- deyə o bildirib.

 

Politoloq söyləyib ki, beynəlxalq arenada qanunlara uyğun olaraq separatçıların məhv edilməsi terrorçuların zərəsizləşdirilməsi kimi qəbul olunur: "Azərbaycan Respublikasının Konstitusiyasında, milli təhlükəsizlik konsepsiyasında və hərbi doktrinasında göstərilib ki, Azərbaycan ərazilərində yalnız onun silahlı qüvvələri yerləşə bilər. Ölkəmizdə başqa silahlı dəstələrin mövcud olması bizim milli təhlükəsizliyimizə birbaşa təhdiddir. Ümumiyyətlə, beynəlxalq hüququn 10 imperativ norması var. Orada da sərhədlərin toxunulmazlığı, münaqişələrin sülh yolu ilə həll olunması və ərazi bütövlüyünə toxunulur. Qarabağda erməni silahlı dəstələrinin mövcudluğu məhz Ermənistan tərəfindən beynəlxalq hüququn pozulmasıdır. Azərbaycan ordusunun isə öz torpaqları daxilində istənilən ərazidə mövcudluğu bütün prinsiplərə uyğundur. 27 sentyabr 2022-ci ildə razılaşdırılan Vaşinqton sənədində qeyd olunan "ethnic community" sözündən də görünür ki, orada separatçılar bərabər hüquqlu tərəf kimi qəbul olunmur".

 

 

E.Məcidov onu da vurğulayıb ki, Azərbaycan Ermənistanın 10 noyabr üçtərəfli bəyanatını pozması faktlarını təqdim edərək antiterror əməliyyatlarını rahat şəkildə legitimləşdirə bilər: "10 noyabr sənədində qeyd olunur ki, Rusiya sülhməramlılarının Qarabağa daxil olması ilə Ermənistan ordusunun qalıqlarının oradan çıxarılması paralel şəkildə olur. İlk növbədə bu müddəa pozulub. Biz hərbi əməliyyatlar keçirdikdə bunu fakt olaraq irəli sürəcəyik ki, bəyannaməni pozan tərəf Ermənistandır. Çünki onlar söyləyirdilər ki, Qarabağda bizim ordumuz yoxdur. Lakin daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmin ərazidə silahlı dəstələrinin qaldığını etiraf edib, guya sentyabrda onları çıxaracaqlarını söyləmişdi. Ermənistan hakimiyyəti Qarabağda olan ermənilərə pul verərək silahlı dəstələrə qatılmasını təşkil edir. Bütün bunlar 10 noyabr bəyanatı ilə yanaşı, Soçi görüşündə imzalanan sənədin müddəalarının da pozulmasıdır. Çünki onların atdığı addımdan görünür ki, Paşinyan və komandası Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmır. Soçi görüşündə Alma-ata razılaşmasına istinad edərək tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmət etməsi vurğulanmışdı. Paşinyan Münhendə qeyd etmişdi ki, "Dağlıq Qarabağ" ifadəsi legitimdir. Fikirlərini əsaslandırarkən isə 10 noyabr bəyanatına işarə vururdu. O, doğruları söyləməkdən çəkindiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradıldığını söyləməyib. Praqa və digər razılaşmalarda Ermənistanın imzası olduğu üçün onlar da "Dağlıq Qarabağ" ifadəsini işlətməkdən çəkinməlidirlər. Əgər dövlət başçısı Qarabağ iqtisadi rayonunun olduğunu söyləyirsə, Azərbaycanın ərazi bütövlüyünə hörmət edən bütün ölkələr bu ifadəni işlətməlidir".

 

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin də düşüncələrini öyrəndik. O, Ermənistanın yeni bir müharibəyə hazırlaşdığı qənaətindədir.

 

"Son aylarda baş verən proseslər onu göstərir ki, Ermənistan İran, Fransa və Hindistanla olan münasibətlərindən istifadə edərək revanşa hazırlaşır. Bunu həm Azərbaycan-Ermənistan şərti sərhədində, həm də Qarabağa qanunsuz daşınan yüklərdən görmək mümkündür. Atəşkəs pozuntularının çoxalması da Ermənistanın yeni təxribatlara hazırlaşdığının növbəti nümunəsidir", - deyə o qeyd edib.

 

 

Ekspert vurğulayıb ki, Azərbaycan ordusu Ermənistanı növbəti dəfə cəzalandıra bilər: "Azərbaycan tərəfi bu təxribatlara adekvat və təsirli bir cavab verəcək. Görünən odur ki, Ermənistan indiyə qədər ordumuzun onlara endirdiyi zərbələrdən dərs çıxarmayıb. Belə olduğu halda Azərbaycan Silahlı Qüvvələrinin düşməni cəzalandırmaqdan başqa heç bir yolu qalmır. Paşinyanın da son bəyanatlarından görünür ki, onlar da yeni bir müharibəyə hazırlaşır. Proseslər bu tempdə davam edərsə, gərginliyin artması və toqquşmaların olacağı istisna deyil. Amma bu, böyük həcmli müharibənin olacağı demək deyil. Azərbaycanın heç bir qonşusuna qarşı ərazi iddiası olmayıb. Bununla belə, vətəndaşlarımız öz dədə-baba torpaqlarına geri dönəcək. Təbii ki, bu, müharibəylə olmayacaq. Onların doğma yurdlarına qayıtması üçün bütün diplomatik səylər davam edir. Qarabağ ərazisindən erməni silahlı dəstələrinin təmizlənməsi isə daha yaxın zamanda baş verəcək".
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır