Modern.az

Rusiya yenə SSRİ qurmaq xülyasındadır? - Kremlin planları...

Rusiya yenə SSRİ qurmaq xülyasındadır? - Kremlin planları...

16 Mart 2023, 10:14

Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra bəzi ölkələrdən Rusiyanın yenidən SSRİ-ni qurmağa çalışdığı barədə təxminlər irəli sürülüb. Xüsusən, müharibə ərəfəsində və ilk aylarda bu ehtimalların kifayət qədər yüksək olduğu düşünülürdü.

 

Hazırda bu iddiaya inananların sayı azalsa da, Kremlin istədiyi miqyasda "uğur" əldə edə bilməməsinin onun iştahına təsir etmədiyi və ambisiyalarını qoruyub saxladığını düşünənlər də var.


Bəs Moskva həqiqətən də SSRİ-nin geri qaytarmaq istəyir? Bunun baş verməsi nə qədər mümkündür?


Mövzu ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə bu qənaətdədir ki, keçmiş SSRİ-nin yenidən qurulması real deyil.


"Bunu Rusiya rəsmiləri də başa düşür. Lakin başqa formada ittifaqın yaranması mümkün ola bilər. Avrasiya İttifaqını buna misal kimi gətirmək olar. Təşkilatda təmsil olunan bəzi ölkələr xüsusi mövqeləri ilə seçilir. Amma həmin ölkələrin və Rusiyanın istəkləri üst-üstə düşmür. Yəni Rusiyanın təşəbbüsü ilə yaranan ittifaqlar keçmiş SSRİ-nin bərpası demək deyil. Ruslar da çox yaxşı anlayırlar ki, bu ölkələrin xalqlarının SSRİ-yə qarşı olan münasibəti birmənalı deyil. Yeni ittifaqların fərqli formada qurulması isə indiki situasiyada aktualdır. Bununla belə, həmin ittifaqda iştirak edən ölkələr maraqlarının üst-üstə düşmədiyini birbaşa söyləyirlər", - deyə o bildirib. 

 


İ.Vəlizadənin sözlərinə görə, Rusiyanın bəzi siyasətçilərinin SSRİ-nin bərpası ilə bağlı fikirləri müəyyən dövlətlərdə nifrət doğurur: "Həmin siyasətçilər açıqlamaları ilə Rusiya dairələrinin bu cür planları olduğunu üzə çıxarır. Bu da ondan xəbər verir ki, Moskvada belə bir yanaşma mövcuddur. Ekranlara çox az çıxan həmin şəxslər bu cür açıqlamaları ilə cəmiyyətin qıcıqlanmasına səbəb olur. Təbii ki, belə fikirlərin gələcəyi yoxdur. Postsovet ölkələrindən heçbiri Rusiya tərəfindən işğalı dəstəkləmir".

 

Ekspert düşünür ki, hətta Belarus belə Krımın ilhaqı ilə bağlı heç bir müsbət yanaşma ortaya qoymayıb: "Buradan da görünür ki, bütün ölkələr üçün ərazi bütövlüyü qırmızı xətdir. Ancaq heç bir postsovet ölkəsi Rusiya ilə əlaqələrin birdəfəlik kəsilməsini istəmir. Çünki burada iqtisadi və digər maraqlar mövcuddur. Məsələn, Qazaxıstanın 7000 kilometrlik sərhədi var və orada sərhədçilər yoxdur. Çünki Rusiya ilə Qazaxıstan arasında vahid bazar var. Ümumilikdə Qazaxıstanın, Özbəkistanın və Azərbaycanın Ruisya ilə fərqli münasibətləri var".


Politoloq Qabil Hüseynli isə Rusiyanın SSRİ-ni yenidən qurmaq kimi düşüncəsi olduğunu düşünür.


"Putinin əvvəlcə keçmiş SSRİ-nin, daha sonra isə Çar Rusiyasının sərhədlərinə qayıtmaq istəyi istisna deyil. Rusiya prezidenti bu mövzuda dəfələrlə siqnal verib. O, SSRİ-nin dağılmasını geosiyasi fəlakət də adlandırmışdı. Rusiya mətbuatında keçmiş SSRİ dövlətinin bərpası siyasətinin həyata keçirilməsi və Ukraynanın Belarus kimi ittifaqa qoşulmasını təmin etmək haqda informasiyalar tirajlanırdı", - deyə politoloq bildirib.

 


Q.Hüseynli vurğulayıb ki, Rusiyanın çirkin planını pozan Ukrayna oldu: "Vladimir Putinin yanında olan köməkçiləri hesab edirdilər ki, Ukraynanın işğalından sonra Orta Asiya, Baltikyanı və Cənubi Qafqaz regionlarındakı ölkələr də bir-birinin ardınca Rusiyanın tərkibinə qatılacaq. Putin və komandası həddindən artıq şovinist mahiyyət daşıyan bu niyyəti həyata keçirmək üçün çalışırdılar. Bu niyyət Ukrayna xalqının qəhrəmanlığı nəticəsində baş tutmadı. Yəni bir çox ölkələrin imperialist düşüncədə olan Rusiyanın əsarətinə keçməməsinin əsas səbəbi Ukraynanın mübarizəsidir. Məhz buna görə də indi bütün dünya dövlətləri Rusiyanın işğalına qarşı birləşib. Bundan sonra da Rusiyanın şovinist düşüncələri ilə həyata keçirdiyi siyasətin qarşısı qəti şəkildə alınmalıdır".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir