Modern.az

Kürdlər Kılıçdaroğlunu niyə dəstəkləyir - ŞƏRH

Kürdlər Kılıçdaroğlunu niyə dəstəkləyir - ŞƏRH

Analitika

17 Mart 2023, 12:32

Türkiyədə seçkilər yaxınlaşdıqca siyasi proseslər daha da aktiv fazaya daxil olur. İYİ Partiyanın müxalifətin ittifaqını tərk edib, daha sonra geri qayıtması ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun "Millət İttifaqı"nın vahid namizəd olması ictimaiyyətə elan edildi. Hazırda həm iqtidarın, həm də müxalifətin namizədləri 14 mayda baş tutacaq seçkilərdə daha çox səs yığa bilmək üçün fərqli siyasi qüvvələrlə əməkdaşlığa can atırlar. Məsələn, AKP və HÜDAPAR arasında, eləcə də CHP və HDP arasında müzakirələr gündəmdədir. İqtidar tərəfinin HÜDAPAR-la artıq ilk görüşü olub. Kılıçdaroğlu da 18 martda seçkilərlə bağlı müzakirələr aparmaq üçün HDP-nin qərargahına baş çəkəcək.

 

Bəs HDP Kamal Kılıçdaroğlunun namizədliyini dəstəkləyəcəkmi? Türkiyə cəmiyyəti bunu necə qarşılayacaq?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy söyləyib ki, HDP Kılıçdaroğlunu dəstəkləyəcəyini hələ rəsmi olaraq açıqlamayıb.

 

"Hələlik HDP tərəfindən birmənalı şəkildə Kılıçdaroğlunu dətəkləməklə bağlı açıqlama verilməyib. Lakin hər iki cəbhədən də bu yanaşmanı dəstəkləyənlər kifayət qədərdir. Bu ayın 18-də Kılıçdaroğlu HDP-ni ziyarət edəcək. Partiyanın Kamal Kılıçdaroğlunu dəstəkləməsi üçün siyasi mühit var. Əslində görüşdə aparılacaq müzakirələrdən çox şey asılıdır. Xüsusilə, Kılıçdaroğlunu dəstəkləyən İYİ Partiyanın HDP dəstəyinə necə reaksiya verəcəyi maraqlı məqamlardandır", - deyə o bildirib.

 

N.Cəfərsoy vurğulayıb ki, Kılıçdaroğlu milliyyətçiləri nəzərə almasa, mənfi nəticələrlə qarşılaşa bilər: "Kılıçdaroğlu cəbhəsində iki fərqli milli istiqamət var. Bunlardan biri CHP-nin öz içərisində olan Atatürkçülərdir. Onlar unitar dövlətin tərəfdarlarıdır, PKK-nı terror təşkilatı kimi qəbul ediblər və mübarizəni vacib hesab edirlər. Onu da qeyd etmək lazımdır ki, həmin şəxslər CHP içərisində çoxluq təşkil edir. Əgər onların mövqeyi nəzərə alınmasa, neqativ nəticələr ortaya çıxa bilər. Yəni həmin şəxslər birmənalı olaraq ya Kılıçdaroğlunun yanında, ya da qarşısında yer almayacaq. İYİ partiya isə özünü milliyətçi kimi tanıdır və HDP-yə qarşıdırlar. Onlara terror təşkilatının bir qolu kimi yanaşırlar. Həmçinin HDP ilə hər hansısa bir yaxınlaşmaya da neqativ baxırlar. Lakin İYİ Partiyada Meral Akşener və komandası müəyyən qədər balans yaratmağa çalışır. Bunu açıq şəkildə edə bilmirlər, çünki xalqın reaksiyasından çəkinirlər. Akşener və komandası balans qurmaq üçün İYİ partiya içərisində olan milliyyətçi şəxslərin HDP haqqında olan mənfi fikirlərini açıq şəkildə söyləməyinə şərait yaradır. Bununla da həm CHP ilə balans yaradır, həm də dəstəkçilərini sakitləşdirir". 

 


Siyasi ekspertin fikrincə, CHP və İYİ Partiyanın içərisində olan milliyyətçilərin necə reaksiya verəcəyi əslində HDP-nin Kılıçdaroğluna hansı kontekstdə dəstək verəcəyi ilə əlaqəlidir:

 

"Həmçinin bu partiyalarla bağlı rəqiblərinin hansı addımlar atacağı da önəmlidir. Bir sözlə, digər namizədlərin göstərəcəyi mövqe də həlledici rol oynayır. Proseslərdə xüsusi yerə sahib iki namizəd var. Bunlardan biri ATA İttifaqının namizədi Sinan Oğandır. O, HDP-yə qarşı olan mövqeyi ilə seçilir və CHP-nin Atatürkçü ideologiyası ilə addım atanlardan biridir. Onu da qeyd etmək lazımdır ki, Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu özlərini siyasi arenada milliyyətçi kimi xarakterizə etməsə də, onlarla əməkdaşlıq edirlər. CHP üçün xüsusi olaraq başağrısı hesab oluna biləcək şəxslərdən biri də Muharrem İnce hesab olunur. Çünki İnce əvvəl həmin partiyada çalışıb və namizəd olub. Partiya ilə müəyyən problem yaşadıqdan sonra isə ayrılıb. Bu müddət ərzində kritik sayıla biləcək məsələlərdən biri də məhz Muharrem İncenin müstəqil namizəd olub-olmayacağıdır. Çünki namizəd olsa, CHP çoxlu səs itirəcək". 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!