Modern.az

Türk Dünyası liderlərinin Ankara Zirvəsi nələrlə yadda qaldı...

Türk Dünyası liderlərinin Ankara Zirvəsi nələrlə yadda qaldı...

17 Mart 2023, 15:43

Dünən Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin, eləcə də müşahidəçi ölkələrin iştirakı ilə “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə Görüşü keçirildi. Toplantıya Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ev sahibliyi edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban, eləcə də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev iclasda iştirak etdilər.

 

Bir sıra məqamlarla yadda qalan toplantıda Türk Dünyasının gələcəyi üçün mühüm olan məsələlər müzakirə olundu. Bəzi mövzularda olduqca vacib qərarlar qəbul edildi. Qeyd etmək lazımdır ki, Zirvə Görüşündən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının da iclası baş tutdu. Liderlərin toplantısının ön hazırlıq mərhələsi xarakteri daşıyan XİN başçılarının sammiti də əlamətdar hadisələrlə müşayiət olundu. Toplantının məhz Ankarada keçirilməsinin təşəbbüskarı kimi Azərbaycan tərəfinin çıxış etməsi xüsusi vurğulandı. Bu, hər şeydən əvvəl təbii fəlakətdən əziyyət çəkən qardaş türk xalqı ilə həmrəyliyin, birbaşa sahədə göstərilən axtarış-xilasetmə və humanitar yardımın davamı olan mənəvi dəstəyin ifadəsi idi.

 

Təsadüfi deyil ki, toplantının sonunda imzalanan Ankara Bəyannaməsində də liderlər bir daha Türkiyəyə yaşanmış faciə və 50 minə yaxın insanın həyatını itirməsi ilə bağlı başsağlığı verdilər. “6 fevral 2023-cü ildə Türkiyənin cənub-şərq bölgəsində minlərlə insanın həyatına son qoyan, minlərlə insanın yaralanması ilə nəticələnən və ağır dağıntılara səbəb olan iki dağıdıcı zəlzələ ilə əlaqədar qardaş Türk xalqına bir daha dərin hüznlə başsağlığı verərək”, - deyə Bəyannamə başlayıb. Sənəddə həmçinin TDT-yə üzv və müşahidəçi olan dövlətlərin, eləcə də beynəlxalq təşkilatların və xarici ölkələrin Türkiyəyə yardım və xilasetmə personalı göndərməsi təqdir olunub. Eləcə də “Türk Dünyasına Baxış - 2040” sənədində də təbii fəlakətlərlə mübarizə sahəsində əməkdaşlıq və koordinasiya işinin, TDT-nin birgə mülki müdafiə mexanizminin formalaşdırılmasının vacibliyinin vurğulanmasına diqqət çəkilib.

 

 

İqtisadi, siyasi və sosial-mədəni aspektlərdən Türk Dünyasının əməkdaşlıq perspektivləri də toplantının əsas gündəm mövzularından birini təşkil edirdi. Türk Dünyasının ticarət, nəqliyyat, investisiya, turizm, regional əlaqə və strateji insan resurslarının idarə edilməsi sahələrində əməkdaşlığının və koordinasiyasının dərinləşdirilməsi və gücləndirilməsində TDT-nin daim artan mərkəzi rolu xüsusi vurğulanmış, regional və beynəlxalq forumlarda əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bütün imkanların nəzərdən keçirilməsi prioritet istiqamət kimi hədəflənmişdir.

 

İclasda Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə qardaş ölkə təbrik olunmuş, eləcə də yaxınlaşan Novruz və Ramazan bayramları ilə bağlı türk və müsəlman xalqlara rifah arzulanmış, eləcə də son vaxtlar dünyanın müxtəlif nöqtələrində müsəlmanlara qarşı tətbiq olunan dini ayrı-seçkiliklə bağlı dərin narahatlıq ifadə olunub.

 

Ankara görüşünün ən vacib və xüsusi dəyərə malik detalı isə TDT Üzv Dövlətləri arasında ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək üçün onların iqtisadi potensialını səfərbər etmək məqsədi daşıyan Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanması idi. UNESCO tərəfindən “Dünya Türk Dili Günü” elan edilməsi ilə bağlı təklifin yekdilliklə dəstəklənməsini isə toplantının kuliminasiya nöqtəsi adlandırmaq yanlış olmaz.

 

 

Qarşı tərəfin atdığı provokativ addımlarla son vaxtlar gərginləşən Azərbaycan-İran münasibətləri fonunda Türk Dünyası ölkələrinin rəsmi Bakını tam dəstəkləməsi də toplantının milli maraqlar baxımından önəmini bir daha ortaya qoydu. Bu mövzuda Azərbaycanın dəstəklənməsi Ankara Bəyannaməsinə xüsusi müddəa formasında daxil edildi.

 

“(Liderlər- red.) Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pislədilər və bütün təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılmasına çağırış etdilər”, - deyə sənədin 14-cü maddəsində ifadə olunub.

 

TDT-yə daxil olan ölkələrdə yaxın müddətdə keçiriləcək seçkilər də Zirvə Görüşünün diqqət mərkəzində idi. Belə ki, Türkiyədəki, Qazaxıstan və Türkmənistandakı parlament və prezident seçkiləri, eləcə də Özbəkistandakı referendum (ümumxalq səsverməsi) nəticələrinin xalqların maraqları baxımından uğurlu olması arzu edilib. Xüsusən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşıdakı seçkilərdə dəstək ifadə olunub.

 

 

Liderlərin tədbirdəki çıxışlarında, toplantıdan sonra baş tutan mətbuat konfransında da vacib siyasi mesajlar verildi, Türk Dünyasının gələcəyi üçün ümidli olmağa əsas verən, beynəlxalq münasibətlər baxımından önəm daşıyan məqamlara, Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu. Məsələn, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iclasdan sonra keçirdiyi mətbuat konfransında Ankara görüşünün TDT üçün sinerji yaratdığını qeyd etməsi bir daha əməkdaşlığın dərinləşdirilməsinə və əlaqələrin daha da sıx hala gətirilməsinə böyük inamı təcəssüm etdirirdi: “Ədalətli institusional strukturlardan məhrum birliklərin bloklandığı prosesdə Türk Dövlətləri Təşkilatı səsin, nəfəsin və sinerjinin yeni mərkəzinə çevrilir”.

 

Uğurla başa çatan toplantıda yuxarıda qeyd olunduğu kimi, 3 vacib sənəd - Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısının Ankara Bəyannaməsi, Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında qərar, Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş imzalandı.

 

Qeyd edək ki, növbəti görüş Qazaxıstanın Türküstan şəhərində keçiriləcək.

 

 

 

 

 

Modern Təhlil Qrupu

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır