Modern.az

İran niyə qəzəblənib? - TƏHLİL

İran niyə qəzəblənib? - TƏHLİL

25 Mart 2023, 10:00

Son günlərdə İran ilə İsrailin onsuz da gərgin olan münasibəti yenidən dünya mediasının gündəmindən düşmür. Təəccüblü haldır ki, İran rəsmiləri İsraillə getdikcə gərginləşən münasibətə Azərbaycan Respublikasını da əlavə edir, onu sionizmə xidmətdə suçlayırlar. Azərbaycan Respublikasının hərbi-siyasi uğurları, əzəli torpaqlarının əksər hissəsini mənfur düşmən işğalından geri alması, tarixi ərazimiz Zəngəzurdan dəhliz açıb Naxçıvanla Zəngilan arasında yol çəkmək istəyi İranı bərk qəzəbləndirib. Sirr deyildir ki, İran Ermənistan ərazisini Avropa ölkələri ilə ticarət üçün yeganə quru yolu olaraq görür və bu yolu əldən verməmək üçün istənilən hərbi müdaxiləyə əl ata bilər.

Xatırlayırsınızsa, 2022-ci ilin oktyabr ayında Ermənistanın Qafan şəhərində İranın konsulluğunun açılışında xarici işlər  naziri Əmir Abdullahian demişdi ki, “İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi kimi görür və konsulluğun açılmasını da İranla erməni xalqının minillik münasibətinin xoş təzahürü olaraq dəyərləndirir.” (Bax: //www.i24news.tv/en/news/middle-east/iran-eastern-states/1679411591-irgc-threatens-azerbaijani-president-for-zionist-aggression-against-armenia )

İran rəsmilərinin Azərbaycan Respublikasına münasibətlərində fərqli baxış açıları sərgilənir. Məsələn, İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri bu ərəfədə İrəvanda keçirdiyi mətbuat konfransında bildirmişdir ki, rəsmi Tehran bölgədə  möhkəm sülhün bərqərar olmasına, qonşu dövlətlərlə dinc yanaşı yaşamağa çalışır.

21 mart 2023-cü il tarixində isə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və Qüds qüvvələrinə (Niru-ye Qods) aid rəsmi informasiya vasitələrində Azərbaycan Respublikasına ciddi təhdidlər edilmişdir:

اگر تمام دنیا شما را برادر خطاب كند و همه كشور ها آتمی از شما پشتیبانی كند تیر كمانداران این خاك را به وطن خواهند دوخت.  – Bütün dünya sizi  qardaş deyə çağırsa da, bütün atom silahlı ölkələr sizi qorusa da oxçuların atdığı oxlar  bu torpağı vətənə birləşdirəcəkdir” (Bax: //akharinkhabar.ir/gallery/ ).  
Bu cümlədəki “sizi” sözü ilə “Azərbaycan”,  “qardaş” kəlməsi ilə “Türkiyə”, “atom silahlı ölkələr” ifadəsi ilə “İsrail və Pakistan”, “oxçular” təbiri ilə (orijinal mətində “ kəmandaran”)  “İran silahlı qüvvələri”, “bu torpağı” deyimi ilə “Azərbaycan Respublikası”, “vətən” termini ilə “İran” nəzərdə tutulduğu gün kimi aydındır. Qeyd olunan cümlənin sadə anlamı budur ki, “biz sizin əraziləri öz torpaqlarımıza birləşdirəcəyik, sizi nə qardaşınız, nə də atom silahı olan dostlarınız qoruya biləcəkdir”. Sual olunur: Azərbaycan Ordusunun öz əzəli torpaqlarını erməni işğalçılarından geri alması, bu işdə öz strateji müttəfiqlərindən yardım alması İranı niyə  bu qədər qəzəbləndirib? Yoxsa, Azərbaycan Respublikası hər hansı bir dövlətlə tərəfdaşlıq etmək üçün öncədən İrandan razılıq almalıdır?

Son otuz ildə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında bütün islami dəyərləri məhv etməsini, müsəlmanların məzarlarını şumlamasını, məscidlərini donuzxanaya çevirməsini “görməyən”, ermənilərə hər cür lojistik dəstək verən İran birdən-birə Azərbaycanı siyasi müttəfiqi İsraillə əməkdaşlıqda, sionizmə xidmətdə ittihamalamağa başlayıb. Adətən təmkinli davranan ali rəhbər cənab Xameneyi də bizi nəzərdə tutaraq üstüötrtülü eyham da vurub: “Güvənlik üçün özgəyə söykənənlər tezliklə qapaz yeyərlər -تکیه کنندگان به بیگانه برای تأمین امنیت به زودی سیلی میخورند - (Bax: //kayhan.ir/fa/news/227137).

Qardaş Türkiyənin, strateji tərəfdaş Pakistanın, dost İsrailin Azərbaycana dəstəyini qısqanclıqla qarşılayan İran unudur ki, müəyyən vaxtlarda o özü də açıq və gizli şəkildə İsrail də daxil olmaqla, başqalarından yardım almış və almaqdadır. Məsələn, İraqla 8 illik muharibə zamanı Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya), Suriya Ərəb Cümhuriyyəti, Liviya və dövlətlər ona böyük yardım göstərmişlər.

Azərbaycanın dövlət sərhədlərində hərbi təlim keçirməyən qonşumuz son bir ildə  tez-tez müxtəlif kod adı altında çoxsaylı əsgəri birliyin qatılımıyla hərbi manevrlərə, başqa sözlə, bizə əzələ göstərisinə başlayıb. Oxucuları bezdirmədən müxtəlif vaxtlarda İrana edilən bəzi hərbi yardımdan qısaca söz açmaq istəyirik.

1980-1988-ci illərdə davam etmiş, çoxsaylı insan həyatına, böyük ölçüdə maddi-mənəvi itkilərə yol açmış müharibəyə iranlılar “istənilməyən savaş”, yaxud “kutsal döyüş” (“جنگ تحمیلی - cəng-e təhmili” və ya “دفاع مقدس – defa-ye muqəddəs”) deyirlər. O vaxtlar İranda şahlıq rejimi yenicə yıxılmışdı, yeni quruluş hələ tam bərqərar olmamışdı. Tehranda bir qrup iranlı tələbənin 04.11.1979-cu ildə ABŞ böyükelçiliyinin 52 diplomatını 444 gün girov saxlaması İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə nəticələnmişdi. Bunu fürsət bilən İraq ordusu 22.09.1980-ci ildə beynəlxalq aləmdən, az qala, təcrid olunmuş İrana hücum etmişdi. Savaşın başlanğıcında (1980-1982-ci illərdə) İraq ordusu hətta bəzi uğurlar qazanmış, İranın bir sıra ərazilərini ələ keçirmişdi. Təkbaşına uğurlu hərbi əməliyyatlar aparmağın mümkünsüzlüyü o zaman İran rəsmilərini bəzi dövlətlərlə sövdələşməyə aparmışdı.

Mənbələrin məlumatına görə, İraqla muharibə zamanı İranın indi düşmən olaraq təqdim etdiyi İsrail də ona gizli şəkildə yardım göstərmişdir. İran rəsmiləri isə birmənalı şəkildə adıçəkilən ölkə ilə hər hansı bir əməkdaşlığın olmadığını bildirmişdir. 16 iyul 1979-cu ildə İraqın dövlət başçısı olmuş Səddam Hüseyn (1937- 2006) İranın neftlə zəngin olan sərhədyanı Xuzistan əyalətini (lurların, ərəblərin, əfşarların, qaşqay türklərinin və farsların yaşadığı, 64 min kv. km ərazisi olan o yer etnik baxımdan çox qarışıqdır) ələ keçirmək istəyirdi və bu məqsədlə sürətlə silahlanırdı. İranın o zamankı baş naziri Mehdi Bazarqan (1907- 1995) hərbi yardım üçün ABŞ Prezidenti Cimmi Karterə (1924) müraciət etsə də, Karter bu istəyi yerinə yetirməmişdi. İddialara görə, Karter administrasiyasından umduqları hərbi yardımı ala bilməyən İran rəsmiləri dolayı yollarla israillilərlə hərbi dəstək üçün gizli sövdələşməyə nail olmuşdular (Bax: M. Jonathan. The Iran-Contra connection: secret teams and covert operations in the Reagan era. Boston, 1987).

Adının çəkilməsini istəməyən yüksək vəzifəli bir israilli yetkili 22.11.1986-cı ildə "Nyu York Tayms" qəzetinin müxbirinə etiraf etmişdi ki, əslində, İsrailin İrana hərbi dəstəyi ABŞ rəsmilərinin razılığı əsasında gerçəkləşmişdi (Bax: //www.nytimes.com/1986/11/22/world/isreael-a....

Mənbələrin məlumatına görə, 1981-1989-cu illərdə ABŞ Prezidenti olmuş Ronald Reyqan (1911-2004) İrana silah satılmasına qarşı çıxsa da, Dövlət Departamentinin müşaviri Robert Makfarleyn bu işdə ABŞ dövlət katibi A. Heyq ilə İsrailin baş naziri M. Begin (1913- 1992) arasında koordinatorluq etmişdir. Əldə olunmuş gizli razılıq əsasında İsrail İrana əvvəlcə sadə, köhnə modelli hərbi avadanlıqlar satmağa başlamış, daha sonra isə sövdələşmənin şərtindən çıxaraq ona həm də müasir hərbi silahlar vermişdir. Bu işi gerçəkləşdirə bilmək üçün İsrail hərbi kəşfiyyatı Nyu Yorkda məxfi əməliyyat gerçəkləşdirmiş, Uoll Strit (Wall Street) bölgəsindəki Con Strit (John Street ) küçəsində 50 nəfər işçisi olan  saxta şirkət yaratmışdır. Uydurma şirkətin ofisi  alınan amerikan silahlarının İrana satışını həyata keçirmişdir (Bax: Ari Ben Menashe. Profits of War: Inside the Secret U.S.-Israeli Arms Network, 2015).

1982-ci ilin mart ayında "Nyu York Tayms" qəzetinə İsrailin gizli olaraq İrana silah satması haqqında məlumat sızdırılmış və ifşa olunmamaq üçün yuxarıda qeyd olunan o uydurma şirkət təcili şəkildə Nyu Yorkdan Londona köçürülmüşdür. Yəhudi kökənli amerikalı araşdırmaçı-publisist Seymur Herş (1937- Seymour Hersh) 1991-ci ildə "Nyu York Tayms" qəzetində yazmışdır ki, Londona köçürülən şirkət 1983-cü ildən etibarən İrana bir neçə milyard dollarlıq amerikan istehsalı hərbi silah-sursat satmışdır. (Bax: //web.archive.org/web/20180728191307/https:/....

Mətbuata sızan məlumata inansaq, Reyqan administrasiyası bütün müttəfiqlərini İrana silah satmamağa səsləyəndə və İrana silah ötürülməsinin qarşısını almaq üçün çılğın “Dəyanət əməliyyatı” (Operation Staunch) aparanda da İsrail tərəfindən İrana silah satışı davam etdirilmişdir. Təl-Əviv Universiteti nəzdindəki Yaffe Strateji Araştırmalar İnstitutunun bildirisinə əsasən, İran 1981-1983-cü illərdə İsraildən 500 milyon dollar dəyərində silah almışdır və ödənişin əsas hissəsini neftlə ödəmişdir (Bax: Trita Parsi. Treacherous alliance. The Secret Dealings of Israel, Iran and U.S., Yale University Press, 2007, p. 106-107). 

Vaşinqtondakı Corctaun Universitetinin professoru, “Intelligence and National Security” (“Kəşfiyyat və Milli Təhlükəsizlik”) jurnalının baş redaktoru, prof. Mark Fitian (M. Phythian) bildirir ki, İraq ordusunun sürətli hücumunu ləngitmək və onun asan qələbəsinin qarşını almaq məqsədilə ABŞ-ın razılığı ilə İsrail Bağdada hava hücumu etmək üçün İrana şərait yaratmışdı (Bax: Mark Phythian. Arming Iraq: How the U.S. and Britain Secretly Built Saddam's War Machine. Northeastern University Press, 1997, p. 20).

Təl-Əvivdə nəşr olunan gündəlik “Yediot axaronot- Son xəbərlər” qəzetinin hərbi şərhçisi, publisist Ronen Berqman etiraf edir ki, başlanğıcda, yəni, 1981-ci ildə İsrail “Balıqqulağı” (“Operation Seashell”) kod adlı əməliyyat çərçivəsində Cənubi Kiprin Larnaka hava limanı vasitəsilə İrana 75 milyon dollarlıq hərbi ləvazimat satıb. Hərbi yükləri əvvəlcə Argentinadan kiralanmış “Transporte Aereo Rioplatense” hava şirkəti daşıyırmış, lakin təyyarə Ermənistanda qəzaya uğradıqdan sonra bu işi gəmiylə davam etdirmişlər (Bax: R. Bergman. The secret war with Iran. New York, Free Press, 2008, pp. 40-48).

1955-1979-cu illərdə İsrailin Tehranda hərbi attaşesi olmuş, İrandakı iş adamlarının hamısını yaxından tanıyan Yaakov Nimrodinin (1926) vasitəçiliyi ilə İsrail 1982-ci ildə İrana 136 milyon dollar həcmində silah satmışdır. Mossadın sabiq əməkdaşı Y. Nimrodi bu barədə 2004-cü ildə kitab da yazmışdır. İsrailin müdafiə naziri Ariel Şaron 1982-ci ilin mayında ABŞ-da keçirdiyi mətbuat konfransında ABŞ-ın razılığı ilə İrana silah satdıqlarını açıqlamışdı. O, 28 sentyabr 1983-cü ildə Parisdə də İranı silahla təchiz etdiklərini bir daha bəyan etmişdir.  

Yeri gəlmişkən, İsrailin İrana silah satışına vasitəçilik edənlərdən biri türk əsilli biznesmen Adnan Kaşıkçı (1935-2017), digəri də iranlı yəhudi milyarder Mənuçohr Qurbanifər (1945 ) olmuşdur. 1984-cü ilin baharında o zamankı Qərbi Almaniyanın kansleri Helmut Kox ABŞ Prezidentinə İsrailin İrana 500 milyon dollarlıq silah satdığından şikayətlənmişdi. 1985-ci ildə Danimarka bayrağı altında üzən yük gəmiləri İsrailin Qırmızı dənizdəki Eilat limanından  İranın Fars körfəzindəki Bəndər Abbas limanına 600-dən çox səfər etmiş və hərbi təyinatlı yüklər daşımışdır (Bax: The New York Times, 12.08.1991).

1986-cı ilin noyabr ayında Beyrutda ( Livan ) çıxan “الشراع - Əşşir'ə-Yelkən" jurnalında ABŞ və İsrailin İrana silah satdığını bildirən bir yazı beynəlxalq qalmaqala səbəb olmuşdu. O zamankı Prezident R. Reyqan 06.11.1986-cı ildə televiziya ilə çıxış edib xəbərin əsassız olduğunu söyləsə də, bir həftə sonra, 13.11.1986-cı ildə o xəbəri doğrulamışdı. Bu olay İran-Kontra qalmaqalı (Iran–Contra affair ) və ya İranqeyt (Irangate) adı ilə məşhurdur.

1986-cı ilin noyabr ayının 3-də Ceyn Hanterin (Jane Hunter) ABŞ-da nəşr olunan “Washington Report” jurnalındakı “İsrail silahının İrana satışı” başlıqlı məqaləsi geniş ictimai rəy doğurmuşdu. Yazıda iddia olunurdu ki, İrana 2,6 milyard dollar həcmində silah satmağa cəhd etdiyinə görə 5 nəfər şəxs Bermud adalarında həbs olunmuşdur (Bax: //www.wrmea.org/1986-november/israeli-arms-s...

Mənbələrdən məlum olur ki, irandakı bəzi vaizlər məscidlərdə cümə xütbələrində, moizələrində İsraili kəskin tənqid atəşinə tutanda israilli texniklər, mütəxəssislər, hərbi müşavirlər iranlılara cani-dildən kömək edir, onları yeni texnika ilə necə davranmağı öyrədir, əllərindən gələn köməyi əsirgəmirlərmiş. 1984-cü ildə idarə etdiyi F4 (Fhantom 4) reaktiv təyyarəsi ilə Səudiyyə Ərəbistanına qaçmış iranlı pilotun təyyarəsinə ekspert baxışı keçiriləndə məlum olmuşdu ki, təyyarənin çox hissəsi öncə İsrailə eksport olunmuş, daha sonra da İrana satılmış detallardan ibarətdir (Bax: Jonathan Marshall. The Iran-Contra connection, Boston, 1987, p. 174).

İsrail həm də İran neftinin satılmasında yardımçı olmuşdur. Beynəlxalq şirkətlər İranı tərk edib gedəndə, bir çox dövlət İran neftini almaqdan imtina edəndə yəhudi əsilli milyarder Mark Riç (Marc Rich 1934-2013) ABŞ-ın İran neftinə tətbiq etdiyi embarqonu heçə sayaraq İran neftinin ticarətinə başlamış, İranın müəyyən dərəcədə böhrandan çıxmasına böyük yardım göstərmişdir. Buna görə Federal Təhqiqat Bürosu (FBI) uzun müddət onu təqib etmiş və yalnız Mossadın sabiq rəhbəri Avner Azuların şəxsən özünün ABŞ prezidenti Bill Klintona yazılı müraciətindən sonra Mark Riç əvf olunmuşdur.

Politoloq Trita Parsi yazır ki, İsrailin yardımlarına baxmayaraq, İran rəsmiləri nə İraqla muharibə zamanı, nə də ondan sonrakı dövrdə İsrailin yardımını etiraf etdilər. Əksinə, onlar İsraili islam düşməni olaraq qələmə verib özlərini dünya müsəlmanlarının hamisi, islamın dayağı olaraq təqdim etməyə çalışırlar (Bax: Trita Parsi. Treacherous Alliance, Yale University Press, 2007, p. 82).

Zənnimizcə, burada qeyd olunanlar İranın İsraillə münasibətlərinin əslində yetərli dərəcədə qənaətbəxş olduğunu isbatlayır. Yəni, üzdə söylənilənlərlə əməllər bambaşqadır. Bizə elə gəlir ki, Azərbaycan dövlətini İsraillə əməkdaşlıqda ittiham edən İranın Azərbaycan Respublikasına soyuq münasibəti İsrailə qısqanclığından qaynaqlanır, yəni, onu bizimlə paylaşa bilmir.

İsrail dövlətinin İrana etdiyi yardımlar barədə, əlbəttə ki, çox bəhs etmək olar. Bu yerdə yadıma Azərbaycanın məşhur şairi, əslən Şuşadan olan Qasım bəy Zakirin (1784-1857) tanış misraları düşür. Həmin misralarda insanlara şəriətdən moizələr oxuyub haram yeməməkdən dəm vuran bir vaizdən bəhs olunur:

 Vaiz oxur bizə şəri- Mustafa:

“Harama mürtəkib olmayın əsla”.

Özü lum-lum udur batində, amma

Zahirdə dediyi mənaya bir bax…

Azərbaycan Respublikasının İsraillə strateji əməkdaşlığını və dostluğunu İran İslam Cümhuriyyətinin təhlükəsizliyinə təhdid kimi baxmaq böyük yanlışlıqdır. Bizim dövlət yetkililəri dəfələrlə “Azərbaycan Respublikası heç vaxt öz ərazisindən qonşu dövlətlərə qarşı fəaliyyət göstərilməsinə imkan verməyəcəkdir” fikrini səsləndirmişlər. Azərbaycan Respublikası da İran İslam Cümhuriyyəti kimi suveren, müstəqil dövlətdir və yürütdüyü həm daxili, həm də xarici siyasətində ərazi ölçüsündən, əhali sayından asılı olmayaraq, heç bir dövlət ona nəyi necə etməyi, kimlə dost olub, kimlə əlaqə qurmağı diktə edə bilməz. Başda qonşu dövlətlər olmaqla, bütün dövlətlərlə münasibətdə dinc yanaşı yaşamaq siyasəti aparan, heç kimin daxili işinə müdaxilə etməyən, hamının suverenliyinə hörmətlə yanaşan Azərbaycan Respublikası özünə qarşı münasibətdə də eyni prinsipə riayət edilməsini istəyir.

İran ilə İsrail münasibətlərini islam inqilabından öncə və sonrakı mərhələlərdə nəzərdən keçirsək aydın şəkildə görərik ki, İsrail dövlətinin yarandığı gündən başlayaraq bu münasibətlər ziqzalı olmuşdur.  1947-ci ilin 29 noyabrında Fələstinin bölünməsi haqqında BMT-nin qətnaməsinin müzakirəsi  zamanı İran qətiyyətlə onun əleyhinə çıxmışdı, 11 may 1949-cu ildə İsrailin BMT-yə üzv olunmasına da İran öz etirazını bildirmişdi. Bəziləri hesab edir ki, yəhudilik etnik mənsubiyyət deyil, dini konfessiya olduğundan  İsrailə müstəqil dövlət statusunun verilməsi hüquqi baxımdan qeyri-qanuni hadisədir. Fələstin ərazisinin yəhudilərin əzəli torpaqları olması da, bir sıra iranlı politoloqlara görə,  mübahisəyə açıq məsələdir,  başqa sözlə, dünyanın siyasi xəritəsində İsrail adlı dövlətin yaranması Qərbin müsəlman Şərqinə qarşı davam etdirdiyi səlib yürüşünün davam etdirilməsinin nəticəsidir. Dünya dövlətləri  bir-birinin ardınca İsraili rəsmən tanımağa başlayanda İran da 1950-ci ilin mart ayının 6-da İsraili de-fakto tanmışdı. (Bax: Israel: relations with Iran. Encyclopædia Iranica) Bəzi qaynaqlar bu işdə sionist lobbisinin o zamankı yüksək məqamlara verdiyi böyük miqdarda rüşvətin və hədiyyələrin önəmli rol oynadığını vurğulayır. (Bax: Mansour Farhang. The Iran-Israel connection . Arab Studies Quarterly, 1989, v. 11, № 1, p. 86)

1952-ci ilin 23 iyulunda Misirdə monarxiya rejiminin hərbi yolla devrilməsi və Cəmal Əbdülnasir Hüseynin hakimiyyətə gəlməsi, onun Sovet hökuməti ilə dostluq etməsi İranı istər-istəməz antisovet koalisiyasına yönləndirməyə, İsraillə bir düşərgəyə keçməyə sövq etmişdi, nəticədə İran Böyük Britaniya və ABŞ-ın təşəbbüsü ilə 1955-1979-cu illərdə mövcud olmuş Bağdad paktı iştirakçısına çevrilmişdi. Bağdad paktının strateji məqsədi kommunizmin Yaxın və Orta Şərq ölkələrinə yayılmasının qarşısını almaq idi.  1950-ci illərin ikinci yarısından başlayaraq İran və İsrail arasında münasibətlərdə normallaşma görünməyə başlamış, hətta  1960-1970-ci illərdə İran-İsrail münasibətləri yüksələn xətlə inkişaf etmişdi. Məsələn, 1970-ci illərdə İsrail Xark adasında İran Hərbi Dəniz Qüvvələri üçün 12 minlik hərbi kontingentin normal fəaliyyət göstərməsi və yaşaması üçün bütün infrastrukturu əhatə edən hərbi kompləks inşa etmiş, Bəndər Abbas və Buşəhr limanlarını abadlaşdırmışdı. Süveyş kanalı ilə neft tankerləri hərəkət edə bilmədiyi dönəmdə,1970-1975-ci illərdə, Eylat-Aşkelon Transisrail  neft kəmərinin çəkilişində İranın ciddi rolu olmuşdu. 5-10 iyun 1967-ci ildə ərəblərlə İsrail arasında baş vermiş 6 günlük müharibədən sonra  İran birmənalı şəkildə İsrailin tərəfini tutmuş, ərəblərin etirazına baxmayaraq ona neft və neft məhsulları ixracını dayandırmamışdır. Hətta 1973-cü ilin 6-24 oktyabr tarixlərində baş vermiş İsrail- Misir və Suriya müharibəsində İran yenə də İsrailin tərəfini tutmuş, ona 25 ədəd “Fantom” ( F-4) qırıcı təyyarəsi də vermişdi. ( Bax: В. И. Месамед. Ирано-израильские отношения: от партнерства к конфронтации. Институт Ближнего Востока, 2007)

Pəhləvi rejiminin süqutuna qədər İranla İsrail arasında hərbi-iqtisadi əməkdaşlıq daim genişlənmişdir. Məsələn, 1977-ci ildə İsrailin  İrana ixracatının həcmi 103,2 milyard dollara çatmışdı ki, bu da 1970-ci ildəki rəqəmdən 80,9 milyard çox idi. Müqayisə üçün qeyd edək ki, bu rəqəm həmin dövrdə İsrail -Türkiyə, İsrail -Yaponiya iqtisadi əməkdaşlığından əldə edilən nəticədən daha yüksəkdi. İraqda Səddam Hüseynin siyasi rəhbər olduğu “Bəəs” partiyasına qarşı mübarizə aparan kürd separatçılarını 1965-1975-ci illərdə həm İran, həm də İsrail aktiv şəkildə dəstəkləmiş, hər iki ölkənin mütəxəssisləri kürdlərin 1968-ci ildə yaradılmış “Parastin” gizli xüsusi xidmət orqanının təşkilində  köməklik göstərmişlər. (Bax: The Kurdish Security Forces- //www.hrw.org/reports/2007)

1970-ci illərin əvvəllərində İsrail İrana  SSRİ-nin “Termit”-P-17 qurğularından müdafiə olunmaq üçün  “Gabriel” qanadlı raketləri vermək haqqında razılığa gəlmişdi. O zamanlarda İsrailə gedib-gələn İranlı diplomatlar ərəblər bu əlaqədən xəbərsiz qalsın deyə oranı şərti olaraq “Bern -2” adlandırırdılar. Qaynaqlarda İran-İsrail münasibətlərinin bu şəkildə vüsət tapmasının başlıca səbəbi hər iki tərəfin İran körfəzində Səddam Hüseyn və Cəmal Əbdülnasirin yeritdiyi panərəbist siyasətinin qarşısını almağa yönəlik hərəkətlərlə açıqlanır. 1970-ci illərdə İran İsrail ilə müxtəlif sahələrdə əməkdaşlıq etsə də, əsas mübadilə mövzusu  hərbi avadanlıq və təchizat  idi. İsrail də ABŞ kimi, İrana verdiyi silah-sursat əvəzinə neft alırdı: (Bax: //www.mehrnews.com/news/)

İran və İsrail münasibətlərində ciddi soyuqluq 1973-cü ilin 6-24 oktyabrında, İsraillə ərəb dövlətlərinin sayca 4-cü, 18 günlük müharibəsindən sonra başlamışdı. Xatırladaq ki, yəhudilərin “yom kippur” adlandırdıqları bayramda  (günahların bağışlanılması günü) ərəblərin hücuma keçməsi ilə başlayan müharibədən sonra OPEK neftin qiymətini kəskin şəkildə qaldırmış, Qərbi Avropa ölkələrinə və İsrailə yanacaq satmağı yasaqlamış, dünyada yanacaq böhranı başlamış, 28 Afrika ölkəsi İsraillə diplomatik əlaqəni kəsmişdi. Vəziyyətin ciddiliyini görən ABŞ prezidenti R.Nikson  dövlət katibi H.Kissinceri  20.10.1973-cü ildə təcili olaraq Moskvaya, L.Brejnevin huzuruna göndərmişdi, SSRİ və ABŞ-ın iştirakı ilə BMT-nin qətnaməsi hazırlanmış və muharibə dayandırılmışdı. Vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışan İran şahı M.R. Pəhləvi bacardıqca İsrail ilə ABŞ-ın arasında inciklik və inamsızlıq yaratmağa, öz nüfuzunu artırmağa, eyni zamanda, ABŞ-la ərəb ölkələri arasında barışdırıcı missiyanı icra edə biləcəyi təsəvvürü yaratmağa başladı. Digər tərəfdən, İran şahı gələcəkdə İran torpaqlarını baş verə biləcək sovet və ya ərəb işğalından qorumaq üçün BMT-nin 22.11. 1967-ci ildə qəbul olunmuş 242 saylı qətnaməsinin icrasının tətbiq edilməsinin tərəfdarı idi. Həmin qətnaməyə görə, “hərbi müdaxilə nəticəsində ələ keçirilmiş ərazilər işğal olunmuş bölgə statusundadır və o yerləri zəbt etmiş dövlət oranı əsla özünün qanuni torpağı saya bilməz”. Məhz bu səbəbdən İran nümayəndələri 10. 11. 1975-ci ildə BMT-nin “İrqi diskriminasiyanın bütün formalarının ləğvi” haqqında 3379 saylı qətnaməsinin lehinə səs vermişdi. Həmin qətnamədə “sionizm irqçilik və irqi ayrı-seçkilik formasıdır” şəklində açıqlanmışdır: “Zionism is a form of racism and racial discrimination".  (Bax: Lewis Paul. "U.N. Repeals Its '75 Resolution Equating Zionism With Racism", 17. 12. 1991)

İranın antiisrail mövqe tutması yəhudi lobbisinin hiddətinə səbəb olmuşdu.  Sovet işğalının nə olduğunu yaxşı bilən İran şahı (SSRİ və Böyük Britaniya 1941-1946-cı illərdə İranı işğal etmişdi) eyni hadisəni təkrar yaşamamaq üçün İsraillə barışmağa, ona güzəştə getməyə məcbur olmuşdu.

İranda baş vermiş islam inqilabından sonra İsraillə münasibət kökündən  dəyişdi. 20 fevral 1979-cu ildə İran inqilabi hökumətinin qərarı ilə İsrailin “Elal” aviasiya şirkətinə mənsub 32 nəfər israilli mütəxəssis ölkədən çıxarıldı və İran-İsrail əlaqələri kəsildi. Fələstinlilərə dəstək və həmrəylik kimi İslam inqilabından sonra hər il orucluq ayının son cüməsi İranda “Qüds günü” kimi qeyd olunmağa başladı. ( Bax: //www.bbc.com/persian/iran/2009/09/090914_si_hashemi_qods  )

1980-ci ildə İranda yəhudi icmasının nümayəndəsinin parlamentdə təmsil olunmasına imkan verən qanun maddəsi ləğv edildi, 1981-1983-cü illərdə İranda yəhudi əsilli bir neçə şəxs casusluqda ittiham olnaraq cəzalandırıldı. 1979-1984-cü illərdə İranda yaşayan yəhudilərin əksəriyyəti ölkədən köçüb getsə də, bir müddət İranla İsrail arasında mötədil münasibətlər yaranmışdı. İran ilə İraq arasında baş vermiş 8 illik müharibədə (1980-1988 ) İrana silah satışında mühüm rol oynayan  İsrail, həm də mümkün qədər bu müharibənin uzun müddətli olmasınıi hər iki tərəfin bütün potensialını sərf etməsini və müharibədən möhtac durumda çıxmasında maraqlı idi. Belə olduğu təqdirdə İsrail uzun müddət rahat nəfəs ala bilərdi.  İran İslam Cümhuriyyətinin banisi Ayətullah imam Xomeyninin vəfatından təqribən 5 ay sonra, 1989-cu ilin noyabr ayında İsrail Xarici İşlər Nazirliyi ABŞ Dövlət departamentinə İranla neft ticarətini bərpa edilməsinə dair məlumat verdi. 1990-cı ildə isə İsrailin hərbi naziri Moşe Şaha Knessetdə bildirmişdi ki, onun ölkəsi neft və neft məhsullarına görə İrana 2,5 milyon dollar həcmində  pul ödəmişdir. (Bax: In oil deal with Iran. BBC, Feb 22, 1990). Əlbəttə ki, İran bu fikirləri təkzib etmişdir.  

1991-ci ildə “Səhrada tufan” hərbi əməliyyatından sonra İraqın çökməsi və SSRİ-nin dağılması Yaxın və Orta  Şərqdə geopolitik vəziyyəti kökündən dəyişdirdi.

İsrail mətbuatında tədricən İran terrorçuların hamisi olaraq təqdim edilməyə başladı, xüsusən, Livanda İsrailə və onun tərəfdarlarına qarşı silahlı fəaliyyət göstərən “Hizbullah- حزب الله “  )  partiyasını ciddi cəhdlə İranla bağlı olduğuna dair yazıların gündəmə gətirilməsi soyuq olan münasibətləri daha da gərginləşdirirdi. 18 mart 1992-ci ildə  Argentinanın paytaxtı Buenos Ayresdə, İsrail səfirliyi qarşısında  baş vermiş partlayışda 29 nəfər həlak olmuş, 100 nəfər yaralanmışdı, həyatını itərənlər və  yaralanlar arasında səfirlik işçiləri də vardı.  2 il sonra, 18 iyul 1994-cü ildə yənə də Buenos Ayresdə  yəhudi mərkəzində partlayış oldu, nəticədə 85 şəxs öldü, 300-dən çox insan yaralandı. Bu partlayışların “Hizbullah”çılar tərəfindən törədildiyi barədə KİV-lərdəki yazılarda bu aktın arxasında İran xüsusi xidmət orqanlarının əli olduğuna dair iddialar yayınlansa da sübutedici dəlillər aşkar edilə bilmədi. (Bax: Alexei Barrionuevo. Inquiry on 1994, Blast at Argentina Jewish Center, The New York Times, 17.07.2009)

İsraili əslində qayğılandıran başlıca səbəb İranın israrla nüvə proqramını davam etdirməsidir. Xatırladaq ki, İran hələ keçən əsrdən bu sahədə ciddi şəkildə fəaliyyət göstərmişdir. Məsələn, 5 mart 1957-ci ildə İran və ABŞ atomdan dinc məqsədlərlə istifadə haqqında əməkdaşlıq müqaviləsi imzalamış, 1958-ci ildə İAEA-nın (Beynəlxalq Atom Enerjisi Agentliyi) üzvü olmuş, bu sahədə  qabaqcıl dövlətlərlə əlaqə yaratmışdır. ( Bax: Haidar, J.I., "Sanctions and Exports Deflection: Evidence from Iran," Paris School of Economics, University of Paris, 1 Pantheon Sorbonne, Mimeo, 2015 )
Eyni zamanda, İran nüvə silahlarının atmosferdə, kosmosda və su altında sınaqdan çıxarılmasının qadağan edilməsi haqqında  1963-cü il müqaviləsini də imzalamışdır. İran ilə Rusiya 1992 və 1995-ci illərdə atom enerjisindən dinc məqsədlərlə istifadə etmək barədə razılığa gəlmişdir. Rusiya əldə olunmuş razılıq əsasında İranın Buşəhr və Xuzistan ərazilərində AES inşa edir. 2003-cü ildən başlayaraq ABŞ və İsrail İranı ciddi şəkildə  özünə nüvə silahı yaratmağa çalışmaqda ittiham edir. 2004-cü ilin yayında  İAEA-nın səlahiyyətli mütəxəssisləri ABŞ və İsrailin israrı ilə İranda yoxlamalar apardılar, amma təhlükəli heç bir şey tapmadılar. Buna baxmayaraq, ABŞ və İsrailin şübhəsi bitmədi. Onlar əmindirlər ki, İran bir neçə nüvə bombası yaratmağa yetəcək qədər zənginləşdirilmiş urana sahibdir. İsrail yetkililəri İranın inadla AMAD  layihəsini (پروژه آماد) gerçəkləşməkdə olduğunu bildirir. Məsələn, 30 aprel 2018-ci ildə İsrail  rəsmiləri ələ keçirdikləri 100 min səhifəlik kağız və sayısal (digital) yazıların buna əsas verdiyini bəyan etsələr də, İran XİN müavini Abbas Əraqçı bu iddiaları yalanlamışdı. (Bax:  РИА Новости, 5 мая 2018)

1996-cı ildə İsraildə baş nazir seçilən Binyamin Netanyahu və 1997-ci ildə İran İslam Cümhuriyyətində iqtidara gələn Mohamməd Xatəmi zamanında İran-İsrail münasibətlərində bir irəliləyiş olacağı düşünülsə də, bu gözləntilər özünü doğrultmadı. İranın 23 iyul 1998-ci ildə 2500 km məsafədən hədəfi vura bilən orta mənzilli “Şəhab-3” ballistik raketini sınaqdan keçirməsi israilli yetkililəri ciddi narahat etməyə başladı. Mətbuatda İsrail Hərbi Hava Qüvvələrinə məxsus süpersonik, 20 km yüksəklikdən uça bilən F-15 “Eagle” qırıcılarının İrana hər an zərbə endirməyə hazır olması barədə xəbərlər yayılmağa başladı. Hər iki tərəf bir-birini təhdid edən açıqlamalarla tez-tez gündəmə gəlirdi. 2001-2009-cu illərdə ABŞ-ın 43-cü prezidenti olmuş Corc  Buş antiiran tutumu ilə İsrail-İran münasibətlərinindəki gərginliyi daha da artırdı. İran birtərəfli qaydada 28 mart 2002-ci ildə Beyrutda imzalanmış İsraillə sülh bəyannaməsinə qatılmaq istəyini bildirsə də, “Əl Qaidə” və “Taliban” silahlı dəstələrinə qarşı mübarizə aparsa da, ABŞ rəhbərliyi İranın bu hərəkətlərini zəiflik kimi dəyərləndirdi, 9 aprel 2003-cü ildə İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra İsrail İran İslam Cümhuriyyətini Yaxın və Orta Şərqdə ən böyük təhlükə olaraq görməyə başladı.  2005-2013-cü illərdə İran İslam Cümhuriyyətinin 6-cı prezidenti olmuş Mahmud Əhməd Nejadın zamanında İran-İsrail münasibətlərində kəskinləşmə daha ciddi şəkil almağa başladı. Ə.Nejad Avropa mətbuatında 1910-cu ildən tirajlanan, Osmanlı dönəmində, güya, ermənilərə, 1939-1945-ci illərdə isə yəhudilərə tətbiq olunmuş “holokaust”un uydurma suçlama olduğunu, “hətta gerçəksə belə, israillilər üçün ərazini ABŞ, Kanada və Avropa ölkələri öz torpaqlarından verməlidir” fikri dünyada şok effekti yaratmışdı.  “İncil”dən alınmış  “holokaust”  sözü “hər şeyin yandırılıb məhv edilməsi” deməkdir, farslar ona “həmesuzi”-   همه سوزی    - deyirlər . ( Bax: Iranian leader denies Holocaust, BBC (14 December, 2005)

2007-ci ildə İran İslam Cümhuriyyətində nümayiş etdirilən İran, Macarıstan, Fransa və Livan kinematoqraflarının birgə istehsalı olan “Sıfır dərəcə dönüş-  مدار صفر درجه” - adlı teleserial məhz “holokaust” məsələsini işıqlandırır. Film 1941-ci ildə Parisdə İranın konsulu olmuş Əbdül Hüseyn Sərdarinin (1914-1981) İran vətəndaşı olmayan yəhudilərə də İran pasportu verərək onları Parisi işğal etmiş hitlerçilərin çəngindən qurtarması hadisəsi əsasında çəkilmişdir.

İsrail ikinci Livan müharibəsindən sonra (12 iyul- 14 avqust 2006 ) “Hizbullah” birləşmələrinin kifayət qədər mükəmməl silahlı olmasından son dərəcə şübhələnərək bunun səbəbkarının İran olduğunu irəli sürdü. 2012-ci ildə İsrailin  Hindistan, Tailand və  Gürcüstandakı nümayəndələrinə olan hücumlarda da yenə  İran amili ortaya atıldı. İsrail İranın nüvə proqramından da bərk əndişə duyur, yəhudilərin çoxu İranın bir gün onlara hücum edəcəyindən qorxur. İran da öz növbəsində, öz ərazisi və əhalisinin təhlükəsizliyi üçün müəyyən tədbirlər görür. Məsələn, İran 2007-ci ildə Rusiyadan C-300 tipli zenit raket kompləksi almaq barədə razılığa gəlib. Hazırda Hörmüz boğazına nəzarəti əlində saxlayan İran ona İsrail tərəfindən hər hansı bir təcavüzkar hərəkət baş verərsə, Hörmüz boğazını bağlayacağını, üçüncü dünya ölkələrinə neft daşıyan gəmilərin hərəkətini dayandıracağını, İsraili isə yer üzündən siləcəyini bəyan edir. İsrail rəsmiləri İranın bəyanatının sadəcə təhdiddən ibarət olmadığını çox gözəl  anlayır və preventiv tədbirlər görülməsi üçün ABŞ başda olmaqla dünyanın bütün qabaqcıl dövlətlərini inandırmağa çalışırlar ki, İran təkçə İsrail üçün deyil, istənilən dövlət üçün çox ciddi təhlükədir. 2015-ci ildə İrana tətbiq olunan embarqo sanksiyasının qaldırılması müqabilində İran da  öz nüvə proqramının gerçəkləşməsini dayandırmışdır. Bununla belə, tərəflər bir-birlərini müxtəlif hadisələrə görə qarşılıqlı ittihamlarını davam etdirirlər. Məsələn,  “Stuxnet” virusu ilə İran nüvə fizikası alimlərinin bilgisayarlarının sistemini çökdürülməsində, 5 iranlı fizikin müəmmalı şəkildə həlak olmasında İran tərəfi, ilk növbədə, İsrailin əli olduğunu güman edir. Qərbdə çıxan mətbuat vasitələri isə, nüvə proqramı üzərində çalışan bəzi alimlərin Qərbə qaçmaması üçün iranlı xəfiyyələrin özləri tərəfindən də öldürülə biləcəyi ehtimalının az olmamasını iddia edir. ( Bax: Siegfried S. Hecker, Abbas Milani. Ending the assassination and oppression of Iranian nuclear scientists; Bulletin of the Atomic Scientists, 2015, v. 71, № 1, p. 46—52 )

İran öz növbəsində, onun ərazi bütövlüyü üçün təhlükə törədən “Cundullah” (- جندالله – ALLAHın əsgərləri) və PJAK-ın ( Partiya Jiyana Azad a Kurdistane- “Kürdistan Azad Həyat Partiyası”) İsrail tərəfindən dəstəkləndiyini düşünür.

İsrail KİV vasitəsilə dünya ictimaiyyətini inandırmağa səy göstərir ki, Suriya ərazisində İrana aid gizli bazalar var və  bu bazalar “Hizbullah”ın nəzarətindədir. Əgər “hizbullah”çılar Bəşər Əsəd qüvvələrini üstələsələr, mütləq İsrail-Suriya sərhəddindəki Colan ( Misirlilər -c- hərfini –q- şəklində tələffüz etdiklərindən هضبة الجولان -Həzbətu’l Culan- Colan təpələri” ifadəsini biz də yanlışlıqla “Golan heights- Голанские высоты- Qolan təpələri” şəklində yazır və tələffüz edirik) təpələrini ələ keçirəcəklər.

2018-ci ilin fevral ayında mətbuat İsraildə vurulan  pilotsuz uçan aparatın İran istehsalı olduğu barədə xəbər yaydı. ABŞ prezidenti D. Tramp İrana yenidən iqtisadi sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulayır.  2018-ci ilin aprelində İsrailin Suriyaya hava zərbələrindən 7 iranlı həlak oldu, bu ilin may ayında Colan təpələrindən İsrailə 20 ədəd “Fəcr” (“Qrad”ın İran modifikasiyası ) raketi atıldı. İsrail bunun “Qüds” ( İslam inqilabı keşikçiləri korpusuna aid xüsusi təyinatlı hərbi bölmə – Sepah- e Quds -  سپاه قدس - ) birləşmələri tərəfindən icra olunduğunu bildirir. İsrail cavab atəşi ilə  Suriyanın 50 obyektini bombaladı. Nəticədə, 20 nəfər də  həyatını itirdi.

Son zamanlarda İran-İsrail- Azərbaycan münasibətlərində, təəssüf ki,  yüksələn gərginlik müşahidə olunur. Tərəflərin bir-birinə inamı qalmadığından istənilən hərəkətdə dərhal gizli və məkrli strateji məqsədlər axtarılır, münasibətlərin normallaşması naminə atılan hər addımı rəqibin siyasi sayıqlığını azaltmağa yönəlik hərəkət kimi qəbul edilir. Qonşu dövlətlər çox gözəl bilirlər ki, bizim özgə torpaqlarda gözümüz yoxdur. Məqsədimiz öz ərazi bütünlüyümüzün tam bərpasına nail olmaq və  onun hər qarışına nəzarəti təmin etməkdir.

İranlılar təhlükəli və riskli bir işlə məşğul olmağa “ با دم شیر بازی كردن – Ba dom-e şir bazi kərdən- aslanın quyruğu ilə oynamaq” deyirlər. Hörmətli oxucular, yəqin ki, “bir əyalət mollası”nın  bizim Zəngəzur dəhlizi açmaq istəyimizi belə dəyərləndirdiyini  yaxşı xatırlayırlar. O əyalət imamcüməsi  unudur ki, bizlərdə heç kimdən və heç nədən qorxub çəkinməyənlərə “QURD ürəyi yeyib” söylənilir. Dünyanın super dövlətləri ilə paritet münasibətlər quran, ən modern silahlarla təchiz edilmiş, QURD ürəkli igidləri olan Azərbaycan Respublikasının Müzəffər Ordusu onun istəklərinə qarşı gələn istənilən qüvvəni diz çökdürər və qardaş Türkiyə ilə birlikdə Türkistana gedəcək Zəngəzur dəhlizini ən qısa zamanda açar!

İslami dəyərlərlə davranmağı bəyan etmiş dövlət Qurani- kərimin bütün prinsiplərinə sadiq qalmalıdır. Axı  Müqəddəs kitabımızda Uca ALLAH öz bəndələrinə “.   يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً–  Ya əyyuhə’l ləzinə amənu, udxulu fi’s silmi kaffətən— Ey iman edənlər, hamılıqla barışığa gəlin (Bəqərə, 208)- buyurmuşdur!



Professor Ramazan SİRACOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan dağıdıcı hücum:Rusiya şəhərləri bombalandı