Modern.az

Ermənistanın xəyanəti: Putin həbs olunsa... - Rusiyadan sərt reaksiya

Ermənistanın xəyanəti: Putin həbs olunsa... - Rusiyadan sərt reaksiya

27 Mart 2023, 09:34

Ermənistan Konstitusiya Məhkəməsi ötən həftə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Ermənistanın bu addımı Rusiyada etiraz doğurub. Belə ki, Roma Statutuna əsasən Rusiya Prezidenti Vladimir Putin Ermənistana səfər edərsə, bu ölkədə həbs olunmalıdır. Əks halda Ermənistanın özünü ağır cəza gözləyəcək. 

 
 
Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci il Roma Nizamnaməsinə əsasən təşkil olunub və 123 ölkə tərəfindən imzalanıb. Avropa İttifaqının 27 üzvünün hamısı nizamnaməni qəbul edib. Məhkəmənin yurisdiksiyası Rusiya, eləcə də ABŞ və Çin tərəfindən tanınmayıb. Roma Statutunun 63-cü maddəsinə əsasən, qiyabi məhkəmə prosesi mümkün deyil. Orderlərin icrası Roma Statutunun üzvü olan dövlətlərin üzərinə düşür. Ermənistan 1999-cu ildə Roma Statutunu imzalayıb, lakin BCM-nin nizamnamə sazişlərini hələ də ratifikasiya etməmişdi.


 
Bir neçə gün öncə Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına görə, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs edilməlidir. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb. Ermənistan isə strateji müttəfiq saydığı Putinin həbsi barədə qərara səssiz qalmaqla yanaşı, onun saxlanılması tələbinə etiraz etməyib.

 

 

Mövzu haqda Modern.az-a danışan rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix bildirib ki, hazırda Ermənistan çətin vəziyyətdədir.

 

“Ermənistanın qərarı Rusiyaya ən yüksək dərəcədə xəyanətdən başqa bir şey deyil. Bu halda Ermənistanla hər hansı strateji əlaqələrdən danışmaq olmaz. Ermənistanda Rusiya əleyhinə, xüsusən də Vladimir Putinə qarşı mitinqlər keçirilib, ölkənin KTMT-dən çıxması və Rusiya hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı sərt bəyanatlar səsləndirilib. Bütün bunların fonunda sual verməyə dəyər: niyə biz Ermənistanda belə bir hakimiyyəti dəstəkləyirik? 


Prinsipcə, Nikol Paşinyan heç vaxt Rusiyanın müttəfiqi olmayıb və olmayacaq. O, Ermənistanın suverenliyini qorumaq üçün bir müddət bu rolu oynamalı olub və indi Qərbə özününkü olduğunu və onun marionetini göstərməyə çalışır. Hətta istisna etmirəm ki, Ermənistan məhkəməsinin belə bir qərarından sonra İrəvan Moskvaya qarşı sanksiyalara, Avropa Birliyinin bu və ya digər paketinə qoşula bilər. Rusiya isə belə düşüncə ortaya qoymalıdır ki, əgər Ermənistan hakimiyyəti ölkəmizə və liderimizə qarşı qəbul edilən qərarlara açıq şəkildə qoşulursa, o zaman belə bir hökumət olmamalıdır”, - deyə rusiyalı politoloq Ermənistanın xəyanətkar ölkə olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir