Modern.az

İsrail çalxalanır: Xalq ayağa qalxdı, hökumətdə parçalanma...

İsrail çalxalanır: Xalq ayağa qalxdı, hökumətdə parçalanma...

Analitika

27 Mart 2023, 10:30

İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi yeni hökumət bu ilin yanvar ayında and içdikdən sonra ilk gündən ölkənin hüquq sistemində islahatlar aparacağını bəyan edib. Sağçı Netanyahu hökuməti Ali Məhkəməni İsrailin icraedici və qanunverici hakimiyyətinin işinə müdaxilə etməkdə ittiham edib.

 

Modern.az xəbər verir ki, Netanyahunun başlatdığı islahatlar əhali arasında genişmiqyaslı aksiyalara, hökumət daxilində parçalanmalara və Qərb ölkələrinin sərt reaksiyasına səbəb olub. Yerli mətbuat günlərdir davam edən etirazlar fonunda Netanyahunun qərarından geri çəkiləcəyini iddia edir, ancaq hələlik bununla bağlı hər hansı rəsmi açıqlama verilməyib.

 

Əslində nə baş verir? Hökumət niyə islahatlar keçirmək istəyir?

 

Ali Məhkəməni tənqid edənlər, o cümlədən, Netanyahu hökumətinin tərəfdarları iddia edirlər ki, məhkəmə sol meyilli və elitistdir, çox vaxt azlıqların hüquqlarını milli maraqlardan üstün tutur və siyasi proseslərə həddindən artıq müdaxilə edir. Hökumət Ali Məhkəmənin qanunverici və icraedici hakimiyyətin əleyhinə qərar çıxarmaq səlahiyyətlərini məhdudlaşdırmaq istəyir. Həmçinin, hakimlərin təyin edilməsi prosesində deputatlara daha çox səlahiyyət veriləcək. Yəni, Netanyahunun tərəfdarları hakimlərin təyin edilməsi üzrə komissiyada üstünlük təşkil edəcək və bu vəzifələrə öz adamlarını təyin edə biləcəklər.

 

 

Qanun layihəsinə etiraz edən siyasi qüvvələr bildirir ki, hakim koalisiyanın təklif etdiyi bütün qanun layihələri qəbul olunarsa, məhkəmə qanunverici və icraedici hakimiyyətdən asılı vəziyyətə düşəcək. İslahat planına daxil olan bəzi qanun layihələri artıq Knessetdə birinci oxunuşda səsvermədən keçib, bəziləri isə hələlik səsverməyə çıxarılmayıb.

 

Xalqı ayağa qaldıran səbəb nədir? 

 

İsraildə demokratiya olduqca kövrəkdir. Müşahidəçilər son illərdə ölkədə siyasi qütbləşmənin həddindən artıq kəskinləşdiyini söyləyir. İslahatla bağlı müzakirələr ölkənin siyasi həyatını parçalayıb. On minlərlə insan 3 ay ərzində həftədə iki dəfə etiraz aksiyası keçirir. Etirazçılar yolları, hava limanının girişini və nazirlikləri bağlamağa cəhd edir. Ötən həftə aksiyaçılar "milli iflic günü" keçirib, yollar bağlanıb, nəqliyyatın hərəkəti dayandırılıb.

 

Netanyahu hökumətində istefalar

 

İsrailin müdafiə naziri Yoav Qallant Netanyahudan islahatları dayandırmağı tələb edib. Qallant islahat planlarını, eləcə də etirazları ən azı İsrailin Müstəqillik Gününə qədər (aprelin 26-da qeyd olunur) dayandırmağa və bu məsələdə ictimai konsensus tapmağa çağırıb.

 

“Şəhərlərin küçələrində və ya Knessetin salonlarında tərəflərdən birinin qələbəsi İsrail dövləti üçün mütləq itkidir. Biz kimin haqlı olduğu suallarını bir kənara qoymalı, İsrail dövlətini gücləndirəcək və İsrail müdafiə qüvvələrini güclü saxlayacaq birləşdirici və vahid milli prosesə rəhbərlik etməliyik”, - nazir deyib. Onun sözlərinə görə, həm ümumən cəmiyyətdə, həm də orduda parçalanma var. 

 

 

Baş nazir bu çıxışından sonra müdafiə nazirini istefaya göndərib. Netanyahuya yaxın olan siyasətçilər müdafiə nazirini tənqid edərək, onun ünvanına ittihamlar səsləndiriblər. Parlament müxalifətinin liderləri müdafiə nazirini dəstəkləsələr də, etirazın əsas təşkilatçıları nümayişləri dayandırmaqdan imtina edib. Yoav Qalantı Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasının daha üç üzvü: Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədri Yuli Edelşteyn, deputat David Bitan və kənd təsərrüfatı naziri və Baş Təhlükəsizlik Xidmətinin (Şabak) keçmiş rəhbəri Avi Dixter dəstəkləyib. İstefa xəbərindən sonra ölkə boyu kortəbii etirazlar daha da şiddətlənib.

 

İsrail müxalifəti isə baş nazirin hərəkətini fərqli səciyyələndirir. Keçmiş müdafiə naziri Benny Qantz bildirib ki, bu gün Netanyahu siyasəti və özünü təhlükəsizlikdən üstün tutub.

 

İsrail Prezidenti İsxaq Hersoq da baş nazir Benyamin Netanyahu və hökumətini ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmağa çağırıb. Prezident bildirib ki, davam edən etirazlar fonunda İsrailin təhlükəsizliyi və iqtisadiyyatı təhdid altındadır. Hersoq qeyd edib ki, Knessetin (parlament) bütün fraksiyaları “ölkə vətəndaşlarını hər şeydən üstün tutmalı və gecikmədən məsuliyyətlə və cəsarətlə hərəkət etməlidir”.

 

"İsrail xalqının birliyi naminə, üzərimizə götürməli olduğumuz məsuliyyət naminə, sizi qanunvericilik prosesini dərhal dayandırmağa çağırıram”, - Prezident bəyan edib.

 

Təhlükəsizlik qüvvələri narahatdır

 

Bazar günü yüksək rütbəli, adının açıqlanmasını istəməyən təhlükəsizlik məmuru israilli jurnalistlərə etirazların təhlükəsindən danışıb. Onun sözlərinə görə, təkcə müdafiə naziri deyil, həm də Baş Qərargah rəisi, eləcə də “Şabak” və “Mossad”ın rəhbərləri islahatın indiki formada davam etdirilməsinin İsrail üçün təhlükəli olduğuna əmindirlər.

 

Təhlükəsizlik qüvvələri İranın nüvə proqramını gücləndirməsindən, Tehranla Moskva arasında münasibətlərin möhkəmlənməsindən (İsrail Rusiya Federasiyasının İrana silah satacağından qorxur), İranın İsraillə müharibə şəraitində olan fələstinli qruplara himayədarlığı artıracağından narahatdır. Bundan əlavlə, etirazlar terror hücumlarının kəskin artmasına səbəb ola bilər.

 

İsraildə baş verənlərə digər ölkələrin reaksiyası necədir? 

 

Hizbullahın baş katibi bir neçə həftə əvvəl İsraildəki parçalanma ilə bağlı sevincini dilə gətirib. Eyni zamanda İsrailin əsas müttəfiqi olan ABŞ Benyamin Netanyahu hökumətindən narazılığını bildirib. Amerikanın “Axios” saytı yazıb ki, ötən həftələrdə İsrail səfiri son 13 ildə ilk dəfə ABŞ Dövlət Departamentinə çağırılıb. Vaşinqton Knessetin qəbul etdiyi qanundan narazılığını ifadə edib. Hüquq sistemindəki islahatlar və bununla bağlı baş verənlər ABŞ və İsrailin digər Qərb tərəfdaşlarını da narahat etməyə başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü