Süni zəka ilə bağlı elmi araşdırmalar genişləndikcə, onun həyatın müxtəlif sferalarında istifadəsi də genişlənir. Artıq xeyli vaxtdır ki, süni zəka sadəcə informasiya texnologiyaları məsələsi deyil və məişətdən siyasətə, incəsənətdən əmək münasibətlərinə, səhiyyədən iqtisadiyyata qədər ən müxtəlif sahələri əhatə edir.
Bəs süni zəkanın insan həyatına bu miqyasda daxil olması nələrə gətirib çıxara bilər? İşləri asanlaşdıran, vaxta qənaət etməyə imkan verən və digər bir çox üstünlüklər qazandıran süni zəkanın təhlükəli tərəfləri gözardı edilərsə, nələr baş verə bilər?
Hər şeydən əvvəl, ona görə ki, süni zəka peşələrin gələcəyinə təsir göstərir. Avtomatlaşdırmanın sürəti hazırkı səviyyədə davam edərsə və investisiya qoyuluşu işçilərin məhsuldarlığının artırılmasına deyil, onların süni zəkanın imkanları ilə əvəzlənməsinə yönələrsə, gələcəkdə dünyanı yüz milyonlarla işsiz ordusu gözləyəcək.
Şübhəsiz ki, bu ssenariyə skeptik yanaşma da mövcuddur və heç kim süni zəkanın insanı mütləq şəkildə hər sahədə əvəz edə biləcəyini iddia etmir. Lakin süni zəkanın inkişaf etdirilməsi üçün xərclənən kosmik vəsait həcmi bunun bir çox sahədə baş verəcəyini istisna etmir. Biznes qurumlarının istehsal xərcləri və maya dəyərini minimuma endirmək üçün əməkhaqqı komponentini azaltmağa həvəsli olması sirr deyil və gələcəkdə bunu tamamilə sıfırlamaq arzusu heç də təəccüb doğurmamalıdır.
Süni zəkanın həyatımıza daxil olmasının ikinci böyük problematik tərəfi isə demokratiya və fərdi azadlıqlar kontekstində ortaya çıxır. Bu texnologiyaların sürətli inkişafı şəxsi məlumatların qorunması, intim həyata müdaxilə, cəmiyyətin total nəzarət altına alınması imkanlarının asanlaşması və s. halları doğurur.
Siyasəti rəqəmsal olaraq yenidən formalaşdırmaq mövzusunda dünya hələlik ilk addımlarını atsa da, bu sahədə böyük problemlər artıq mövcuddur. “Facebook” və “Twitter” kimi süni zəkanın geniş tətbiqi ilə idarə olunan sosial media resursları siyasi kommunikasiya və siyasi marketinq sahələrini, cəmiyyətdə gedən ictimai-siyasi məzmunlu diskussiyaları kökündən dəyişdirməkdədir. Süni zəka bu platformalar vasitəsilə istifadəçilərə hər bir şəxsə individual siyasi mesaj və kampaniya vədləri kimi kontentlərin hazırlanmasına və müxtəlif kəsimlərdən və maraq qruplarından olan icmalara spesifik şəkildə müraciət etməyə imkan verir.
Siyasi baxımdan süni zəkanın yaratdığı təhlükələrə ən bariz nümunə 2016-cı ildə ortaya çıxan “Cambridge Analytica” skandalıdır. Seçkilər dövründə namizəd və partiyalara siyasi konsaltinq xidməti göstərən şirkət süni zəkanın köməyi ilə “Facebook”da 270 000 istifadəçinin paylaşdığı məlumatlar vasitəsilə 50 milyon seçici ilə bağlı informasiya bazası yaratmışdır. Seçicilərin maraq dairəsindən tutmuş psixoloji xüsusiyyətlərinə, geyim və qida zövqünə qədər hər şeyi öyrənən şirkət süni zəkanın analiz qabiliyyəti ilə əldəki məlumatları emal etmiş və Böyük Britaniyadakı “Brexit” referendumu və ABŞ-dakı prezident seçkilərində konkret hədəf qruplarına yönələn və müəyyən edilmiş kampaniya məqsədinə fokuslanan siyasi reklamların hazırlanması üçün siyasi qüvvələrə məsləhətlər verilmişdir.
Göründüyü kimi, süni zəkadan istifadə edilməklə vətəndaşların siyasi seçimləri də manipulyasiya edilə bilər. Eyni metodla böyük korporasiyaların məhsulların satışını artırmağa yönələn reklam strategiyası formalaşdırmasında istifadəsi də geniş yayılmış praktikadır. Üstəlik, heç kim toplanan şəxsi məlumatların təkcə siyasi konsaltinq və məhsulların reklamında istifadə olunacağına zəmanət vermir. Süni zəka vasitəsilə kifayət qədər təhlükəli, əsas insan hüquq və azadlıqlarına zidd addımlar da asanlıqla atıla bilər.
Məsələn, Çin Kommunist Partiyası süni zəkadan istifadə etməklə ölkə ərazisində, xüsusən Sintszyan-Uyğur və Tibet muxtar rayonlarında kütləvi nəzarət mexanizmi formalaşdırıb. Siyasi fəaliyyətin kontrol altında saxlanılması, casus proqramları vasitəsilə şifrələrin qırılması, privat yazışmaların və özəl söhbətlərin öyrənilməsi məhz süni zəka ilə həyata keçirilir.
Süni zəkanın digər təhlükəli xüsusiyyəti isə üztanıma və səstanıma imkanlarıdır. Bir çox hallarda güc strukturlarının səlahiyyətlərinə daxil olan məsələlərdə, məsələn, terrorçuluqla mübarizə sahəsində istifadə olunan, eləcə də lokal təhlükəsizlik məqsədləri üçün mülki təşkilat və müəssisələrdə də tətbiq olunan bu texnologiyaların fərqli məqsədlər üçün istifadə olunmadığı məlum deyil.
Bunun digər mənfi tərəfi ondan ibarətdir ki, daim nəzarət altında olduğunu düşünən insanlar siyasi fəaliyyətdən, vətəndaş mövqeyini ifadə etməkdən çəkinir, ictimai iştirakçılığa meyl göstərmir və nəticədə demokratik idarəetmə və hüquq və azadlıqların başlıca qarantı olan ictimai nəzarət institutu sıradan çıxır.
Başqa bir nümunə isə süni zəkanın vətəndaşlığın alınması, yaşamaq icazəsi və viza verilməsi sahəsində tətbiqi ilə bağlıdır. Konkret üz standartları ilə müqayisəyə söykənən sistem monqoloid və neqroid irqinə mənsub insanların üz cizgilərini avtomatik təhlükəli kateqoriyasına aid edir və onlara müsbət cavabın verilməsini “tövsiyə olunmayan” hesab edir.
Süni zəka vasitəsilə rəsm çəkilməsi, musiqi bəstələnməsi, nəzm və nəsr əsərlərinin yaradılması, o cümlədən elmi mətnlərin yazılması ilk baxışdan təhlükəsiz görünür. Burada plagiat halları kimi etik tərəfləri kənara qoysaq belə, təhlükə yenə də sovuşmur. Belə ki, bu yolla “fake news”ların asanlıqla yayılması mümkündür ki, bu da ictimai fikrin zərərli istiqamətlərə yönəldilməsi və çaşdırılması ilə bağlı problemlər yaradır.
Məsələn, Ukraynada müharibə başlayandan bəri Rusiya təbliğat maşını dəfələrlə süni zəka vasitəsilə Volodomir Zelenskinin saxta videolarını hazırlayıb, onun adından müharibənin gedişinə təsir edə biləcək, qarşı tərəfin mənəvi-psixoloji hazırlığını sarsıda biləcək fikirləri audiovizual formatda tirajlayıb. Eləcə də Rusiya lideri Putinin piarı üçün dəfələrlə süni zəkadan istifadə olunaraq müxtəlif propoqanda materialları dərc olunub. Doğrudur, sonradan bu cür məlumatların həqiqiliyini yoxlamaq mümkün olur, lakin nəzərə almaq lazımdır ki, oxucuların heç də hamısı media savadlılığına malik deyil və mütəxəssislərin yoxlamasından sonra ortaya çıxan həqiqətin tirajlanması hər zaman yalanla miqyasda zəif olur və ilkin informasiya ilə tanış olan bütün insanlara çatmaq və onları agah etmək mümkün olmur. İnformasiya məkanının “qızıl qaydası” – “İlk yayan qazanır” – burada özünü göstərir. Üstəlik, hazırda bu texnologiyaların yüksək inkişaf səviyyəsi “peşəkar oxucu”nu da aldatmağa imkan verir və bəzən media savadlılığı da köməyə çatmır. Mütəxəssislər belə, məlumatın saxta olub-olmamasını ayırd etmək üçün xeyli baş sındırmalı olur.
Zərərlilik səviyyəsi aşağı qiymətləndirilsə də, son günlərdə hətta tanınmış və etibarlılığı hamılıqla qəbul olunan dünyanın nüfuzlu mətbuat orqanlarının da yanıldığı süni zəka əməli – Roma papasının qeyri-ənənəvi gödəkçədə fotosunun yayılması da maraqlı nümunə hesab oluna bilər. Necə deyərlər, adi gözlə fotonun real yoxsa, süni zəka məhsulu olmasını təyin etmək mümkün olmamışdı.
(Yuxarıdakı şəkildən fərqli olaraq, onunla eyni qəbildən olan bu fotoların real olmadığını isə ilk baxışdan anlamaq olur)
Siyahını çox uzatmaq olar. Əsas məsələ ondan ibarətdir ki, süni zəkanın bu miqyasda geniş vüsət alması siyasi və iqtisadi baxımdan, mənəvi və psixoloji baxımdan böyük təhdid yarada bilər. Təbii ki, burada günahkarın süni zəka olmadığı aşkardır. Ondan kimin necə və hansı məqsədlə istifadə etməsi önəm daşıyır. Və süni zəkanın tibb, təhsil və digər sahələrdə yaratdığı imkan və fürsətlər də heç bir halda nəzərdən qaça bilməz.
Nə qədər effektiv olacağı mübahisəyə açıq olsa da, hələlik yeganə çıxış yollarından biri süni zəkanın inkişaf etdirilməsi ilə məşğul olan insanların və qurumların əməl etməsinin vacib olduğu xüsusi etik prinsiplərin işlənib hazırlanması, sosial məsuliyyətin aşılanması və süni zəkanın total nəzarətinin tam bərqərar olması ilə əldən çıxmadan, fürsət varkən mövcud ictimai nəzarət imkanlarından istifadə etməklə süni zəka üzrə “R&D” layihələrinin (“research and development” – “araşdırma və inkişaf”) istiqamətinin daha humanitar məqsədlərə çevrilməsinə nail olmaqdır...
Qeyd: Yazı hazırlanarkən “Redesigning AI: Work, Democracy and Justice in the Age of Automation. Boston Review, 2021, Boston Critic, Inc” nəşrindən istifadə olunmuşdur.