Modern.az

Putin İranla Azərbaycanı barışdıra bilərmi? - ŞƏRH

Putin İranla Azərbaycanı barışdıra bilərmi? - ŞƏRH

31 Mart 2023, 11:08

Azərbaycan və İran arasında münasibətlər kifayət qədər gərginləşib. İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycana qarşı ritorikanı sərtləşdirib, sərhədlərimizə yaxın hərbi təlimlər keçirib, eyni zamanda Xankəndiyə qanunsuz daşımalar həyata keçirib. Bu ilin yanvar ayında Tehrandakı səfirliyimizə silahlı hücum edilməsi isə gərginliyi pik həddinə çatdırıb.

 

Gözlənildiyi kimi, Azərbaycan Tehranın qərəzli siyasətinə adekvat cavab verərək, qonşu ölkəyə dəfələrlə xəbərdarlıq edib, habelə dövlətimiz əleyhinə səsləndirilən saxta ittihamlar rəsmi qurumları tərəfindən real faktlar əsasında ifşa olunub. Bütün bunlara baxmayaraq, ermənipərəst mövqe tutan İran hakimiyyəti hələ də Azərbaycanı hədəf almağa davam edir. 

 

Münasibətlərin gərginləşməsi fonunda bəzi ölkələr İran və Azərbaycan arasında vasitəçilik təklifi irəli sürüb. Türkiyədən vasitəçilik təklifi ilə bağlı bir neçə dəfə təklif səsləndirilib. Rusiya da İran və Azərbaycan arasında münasibətlərdə vasitəçilik etmək istəyir. Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüş zamanı Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, Moskva Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid edir. "Biz öz dostlarımıza mövcud problemlərin həllində kömək etməyə hazırıq”, - Lavrov deyib.

 

Bəs Rusiya İran və Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçilik edə bilərmi?

 

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Rusiya öz maraqları üçün Azərbaycanla İran arasında vasitəçilik etmək istəyir. Onun sözlərinə görə, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Rusiyanın vasitəçilik rolunda çıxış etmək istəyi Moskvanın maraqlarına uyğundur. Çünki onlar cənub-şimal dəhlizinin açılmasını istəyir. Bu da Azərbaycan və İrandan keçir:

 

"Rusiya iki dövlət arasında münasibətlərin gərginləşməsini istəmir. Onu da qeyd etmək lazımdır ki, münasibətlərin gərginləşməsində səbəbkar Azərbaycan deyil. Ölkəmiz heç vaxt digər ölkələrə qarşı qərəzli mövqe tutmayıb. İran isə düşünür ki, İsrail-Azərbaycan əlaqələri Azərbaycan-İran münasibətlərinə təsir edə bilər". 

 

 

İ.Vəlizadə, həmçinin vurğulayıb ki, Rusiya münasibətləri düzlətmək istəyirsə, İrana bəzi reallıqları başa salmalıdır:

 

"İran Azərbaycan-İsrail münasibətlərinin onlara təhdid yaratdığını düşünür. Ceyhun Bayramov Təl-Əvivdə olarkən bir daha qeyd etdi ki, Azərbaycan-İsrail münasibətləri üçüncü ölkələrə qarşı deyil. Eyni zamanda Prezident İlham Əliyev də dəfələrlə söyləyib ki, Azərbaycan dövləti heç vaxt icazə verməyəcək ki, ərazisi digər ölkələrə qarşı hərbi məqsədlərlə istifadə edilsin. Mən düşünürəm ki, bütün bu açıqlamalar İran üçün kifayət etməliydi. Rusiya isə həqiqətən münasibətlərin düzəlməsini istəyirsə, Azərbaycanın bölgədə yeni müharibə yaratmaq fikrində olmadığını İrana başa salmalıdır. Əslində münasibətlərin düzəlməsi üçün üçüncü bir ölkənin vasitəçiliyinə ehtiyac yoxdur. Amma iş orasındadır ki, bizimlə İran arasında dialoq alınmır. Hazırda sözügedən ölkə ilə aramızda olan münasibət böhran vəziyyətinə gəlib".

 

Politoloqun fikrincə, bölgədə tək Rusiya yox, Türkiyə də çalışır ki, gərginlik aradan götürülsün:

 

"Çavuşoğlu, səhv etmirəmsə, ötən həftə çıxışında söylədi ki, Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü keçirilə bilər. Görünür, qardaş ölkə mövcud vəziyyətdən narahatdır. Təəssüflər olsun ki, münasibətlər o qədər gərginləşib ki, bəzi ölkələr vasitəçi olmaq istəyir. Əvvəl isə biz bütün bu danışıqları və digər işləri özümüz yoluna qoyurduq. Ermənistan İsraildə bizdən qabaq səfirlik açıb. Ermənilər dəfələrlə İsrailə müraciət ediblər ki, bizə silah-sursat satın. Buna baxmayaraq, İran olanlara reaksiya vermirdi. İran rəhbərliyində praqmatik fikirlər hökm sürsə, mövcud mənzərə dəyişər".

 

 

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur.

 

O fikirlərini belə əsaslandırıb: "Rusiya İranla Azərbaycan arasında vasitəçi ola bilərmi? Bu sual Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada birgə keçirdiyi mətbuat konfransından sonra aktuallaşıb. Birincisi, Lavrov Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini bildirib. İkincisi, Lavrov İranla Azərbaycan arasında gərginliyin azalması üçün vasitəçi ola biləcəyinə eyham vurub.

 

Kreml necə ki, Azərbaycanla Ermənistan arasında “vasitəçilik” edir, eynisini Azərbaycanla İran üçün təklif edir. Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb. Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur. İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir. Kreml “vasitəçi” olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq".

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi