Modern.az

Türkiyə xalqı övladlarını şəhid edənlərə səs verməyəcək - TƏHLİL

Türkiyə xalqı övladlarını şəhid edənlərə səs verməyəcək - TƏHLİL

1 Aprel 2023, 10:10

Türkiyənin gündəmini zəbt edən parlament və prezident seçkilərinə iki aydan az vaxt qalıb. Əslində Türkiyədəki seçki tək bu ölkənin deyil, regionun, bütövlükdə dünyanın gündəmidir. Odur ki, dünyanı idarə edən güclərin də bu seçkilərdə aktivliyi fonunda maraqları qabarıq görünür.  

 

PKK kimin qardaşıdır…  

 

Seçki kampaniyalarının başlamasına az qalmış namizədlər fərqli qütblərin və fərqli siyasi görüşlü qüvvələrin dəstəyini almaq üçün bütün vasitələrdən istifadə edirlər. Prezident seçkilərində artıq 4 namizədin iştirak edəcəyi məlumdur. Bunlar "Cümhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət ittifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kemal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Muharrem İnce, sağçı və miqrant əleyhdarı ATA İttifaqının namizədi Sinan Oğandır.

 

Qayıdaq namizədlərin fərqli qütblərin və fərqli siyasi görüşlü qüvvələrin dəstəyini almaq məsələsinə. Bir neçə gün əvvəl Kılıçdaroğlu HDP-ni ziyarət edib və seçki ilə bağlı danışıqlar aparıb. Mətbuatda yayılan məlumata görə, CHP dəstək qarşılığında HDP-yə bəzi vədlər verib. Türkiyədə PKK-nin siyasi qolu hesab edilən HDP isə seçkilərdə namizəd irəli sürməyib. Özünü Atatürkün partiyası elan edən CHP-nin PKK terror təşkilatına yaxınlığı ilə tanınan HDP-dən dəstək istəməsi birmənalı qarşılanmayıb. "HDP bizim qardaş partiyadır. Daim arxasında dayanmağa, yanlarında olmağa hazırıq. Bundan sonra bütün demokratik qüvvələrin aksiyalarında yenidən bir araya gələcəyik”, - deyə partiyanın Gepze rayon təşkilatının sədri bildirib.

 

İllərdir Türkiyənın terrorla mübarizəsinə baxmayaraq, ana müxalifət partiyasının belə addım atması xalq tərəfindən qıcıqla qarşılanır. Nəinki Azərbaycana, bütün dünyaya məlumdur ki, HDP-yə dəstək verən PKK Qarabağ müharibəsində də Azərbaycana qarşı vuruşub. Terrror təşkilatının Ermənistanla gizli əlaqələrinin olduğu müxtəlif səviyyələrdə gündəmə gətirilib, sübutlar təqdim edilib və təsdiqini tapıb. Deməli, bu, həm də belə mənaya gəlir ki, Azərbaycan torpaqlarını işğal edən qüvvələr arasında PKK təmsilçiləri də olub. Təşkilatın terrorizmi dəstəkləyən ölkədə düşərgələrinin mövcud olması, terrorçuların uzun illər ərzində Ermənistanda sığınacaq tapması və təlim keçməsi konkret faktlarla müəyyən edilib. Bəziləri isə PKK-nı əslində kürd hərəkatı kimi yox, məhz erməni lobbisinin Türkiyəyə qarşı fəaliyyəti kimi xarakterizə edirlər. PKK-nın ermənilərin ASALA terror təşkilatının zəifləməsindən dərhal sonra yaranmağı da diqqətçəkən mövzudur. Belə bir məqamda Türkiyədə seçkilərdə dolayı yolla PKK dəstəyi istəyən liderlər yalnız Türkiyəyə, Azərbaycana qarşı deyil, bütün Türk dünyasına qarşı addım atmış olur. 

 

 PKK və HDP ilə bazarlıq masası 

 

 

Türkiyə-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, AKP-dən seçilən deputat Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, “Altılı masa” bazarlıqlar masasıdır:  

 

“Bilmək lazımdır ki, ölkəni bazarlıq yolu ilə idarə etmək olmaz. Bunu düşünmək belə qorxuncdur. Bir prezident namizədləri var, qalanları da biri-birindən düşüncələri, proqramları fərqli insanlardır. İqtisadiyyat, xarici siyasət, terrorla mübarizədə onların fikirləri təəssüf ki, fərqlidir. Türkiyə illərdir terrorla mübarizə aparır, amma “Altılı masa”nın bir ayağında terror təşkilatının uzantısı olan HDP var. Terrorla mübarizə zamanı minlərlə insanımız həlak olub, milyardlarla vəsait bu sahəyə ayrılıb. Amma indi onlar terror təşkilatı ilə birlik olub Türkiyəni hansı gələcəyə aparacaqlar. Türkiyə xalqı bunu bağışlamaz. Bu gün Türkiyənin hansı bölgəsinə getsəniz, orada PKK-nın qurbanı olan şəhid var. Ona görə də bu işbirliyi onlar üçün də sıxıntılı olacaq. Türkiyədə belə düşüncə formalaşdırmağa çalışırlar ki, Rəcəb Tayyib Ərdoğandan qurtulaq, daha sonra nə olursa olsun, bir yolla ölkəni idarə edərik. Belə bir fikri formalaşdırmaqla əslində xaricə xidmət edirlər. Bu işlər belə olmur. 20 ildir bu sahədə yoxdurlar. Xüsusilə, CHP bütün səsvermələrdə AKP-yə məğlub olub. İndi bu partiyanın gəlib xalqdan səs istəməsini, terror təşkilatı ilə əməkdaşlıq etməsini türk xalqı bağışlamaz. Ona görə də biz bunları tək-tək başa salmaq məcburiyyətindəyik. Bu ölkəni necə idarə edəcəklər, Allah bilir. Biz buna şərait yaratmarıq. İnşallah, biz seçkilərdə qalib gələcəyik”. 

 

 

Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli tanınmış mütəxəssis İmbat Muğlu müxalifətin terror təşkilatı ilə bir masaya oturduğunu bildirib: 

 

“Qarabağda Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşan PKK terrorçularına qarşı səsini çıxarmayan müxalifət indi həmin terrorçuların siyasi uzantısı ilə eyni masa arxasındadır. Suriyadan gəlib Ermənistan ordusunda can Azərbaycana qarşı döyüşən PKK terrorçuları bu günlərdə Türkiyə Böyük Millət Məclisinin çətiri altında Türkiyəyə xəyanət etməyə başlayıblar. Türkiyə insanı PKK-ya, PKK yanlılara səs verməyəcək "Millət İttifaqı"nın namizədi olan CHP lideri Kemal Kılıçdaroğlu seçkidə qalib gələcəyi təqdirdə Səlahəddin Dəmirtaş və Osman Kavalanı, həmçinin Gəzi Parkı və KHK məhbuslarını azad edəcəyini açıqlayıb. Prezident seçkilərində CHP lideri Kılıçdaroğluna dəstək verəcək terror təşkilatı PKK-nın siyasi qolu HDP-yə iki nazirlik vəd edilib.

 

Mümkün seçki qələbəsində HDP-dən bir qadın və bir kişi kabinetə daxil olacaq. Nazirlik masadakı tərəfdaşlıq kimi məxfi olacaq. Bu adlar rəsmi olaraq HDP-li olmayacaq, lakin HDP-nin kvotasından təyin olunduğu məlum olacaq. Lakin reallıq tamam başqadır. KHK-çı adlanan qrup iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) qanlı çevriliş cəhdindən sonra dövlətə yuva salmış terror təşkilatı mənsublarından ibarətdir. Məlum olduğu kimi, qanlı çevriliş cəhdindən sonra FETÖ və PKK kimi terror təşkilatları ilə əlaqəsi olan adlar (KHK) ilə işdən çıxarılıb”. 

 

 

Azərbaycan Milli Məclisinin deputat Aydın Mirzəzadə də terror təşkilatı ilə qurulan işbirliyini Azərbaycana xəyanət kimi qiymətləndirib: 

 

“Türkiyə dünya siyasətində çox vacib rol oynayan ölkələrdən biridir. 14 may seçkiləri də ona görə dünyada maraqla gözlənilir. Türkiyə daxildə baş verən hadisələr də eyni zamanda diqqəti cəlb edir. Namizədlər arasında Türk dünyasına, xüsusilə Azərbaycana qarşı düşmən mövqedə çıxış edən qüvvələrdən dəstək istəyənlər var. Bu da Türk dünyası üçün təəssüf doğurur. Türkiyəyəy rəhbərlik etmək istəyən insanların Azərbaycana qarşı sərt mövqe tutanlarla əlaqəsi, onlara müəyyən vədlər verməsi Türk dünyası üçün zərbədir. Türk xalqı bunları görür, Türkiyə-Azərbaycan qardaşlığını pozmaq istəyənlərə imkan verilməyəcək”.  

 

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, terrorçuları dəstəkləyən qruplarla əməkdaşlıq edənlər seçkidə məğlub olacaq:

 

“Ana müxalifət partiyasının  terrorçulardan dəstək istəməsi ilk növbədə xəyanətdir. HDP-nin sıralarında deputat namizədi olmaq istəyən onlarla PKK-çı var. PKK-çıların bir qismi Ermənistan tərəfindən Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşub. İndi onlardan səs, dəstək istəmək həm Türkiyəyə, həm də Azərbaycana qarşı xəyanətdir. Belə bir dəstək olarsa, Kılıçdaroğlu ciddi məğlubiyyətlə qarşılaşa bilər”. 

 

Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə cəmiyyətində PKK-ya qarşı barışmaz mövqe var. Yuxarıda da qeyd edildiyi kimi, Türkiyənin o kəndi yoxdur ki, orada PKK terrorçuları tərəfindən şəhid edilən olmasın. Heç şübhəsiz ki, qos-qoca Türkiyə bunun fərqindədir. Əlavə olaraq, qardaş Azərbaycan torpaqlarının işğalında məhz PKK-çıların olması faktları hər şeyi açıq göstərir. Demək ki, Türkiyə insanı seçkidə onun övladlarını şəhid edənlərə, torpaqlarını parçalamaq niyəti güdənlərə, PKK-ya, PKK yanlılara səs verməyəcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər