Modern.az

4 günlük döyüşün 4 mühüm nəticəsi - TƏHLİL

4 günlük döyüşün 4 mühüm nəticəsi - TƏHLİL

Analitika

3 Aprel 2023, 14:28

2016-cı il martın 31-də Prezident İlham Əliyev və Ermənistanın o zamankı rəhbəri Serj Sarkisyan Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfər etmişdi. Həmin dövrdə ABŞ-ın vitse-prezidenti olan Co Baydenin vasitəçiliyi ilə Ağ Evdə tərəflər arasında görüş keçirilmişdi. Vaşinqton görüşünün əsas müzakirə mövzusu Qarabağ münaqişəsinin həlli idi.

 

Bayden danışqlarla bağlı mətbuata açıqlamasında Prezident İlham Əliyevlə görüşlərə böyük əhəmiyyət verdiklərini və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirmişdi. O, həmçinin ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdı. O dövrdə ABŞ-ın Qarabağla bağlı mövqeyi rəsmi Bakı tərəfindən müsbət qarşılanmışdı.

 

Görüşün keçirilməsindən qısa müddət sonra, aprelin 2-si gecə saatlarında Azərbaycan və Ermənistan arasında Birinci Qarabağ müharibəsindən sonra ən genişmiqyaslı toqquşma yaşandı. Hərbi toqquşma zamanı hər iki tərəf itkilər verdi. Xüsusilə Ermənistanın çoxlu sayda texnikası və canlı qüvvəsi məhv edildi. Döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar azad olundu.

 

Ümumilikdə, dörd günlük toqquşmanın səbəbi Ermənistan hakimiyyətinin apardığı təxribatçı siyasət idi. Belə ki, Sarkisyan hakimiyyətində müdafiə nazirinin müavini işləyən, İkinci Qaranağ müharibəsində müdafiə naziri postunu tutan və hazırda həbsdə olan Davit Tonoyan 2016-cı ilin fevral ayının əvvəlində İrəvanın “statik müdafiə” strategiyasından daha aktiv çəkindirmə siyasətinə keçdiyini açıqladı. Bu, faktiki Ermənistanın hücuma keçəcəyi barədə elan idi. Yeri gəlmişkən, Tonoyan İkinci Qarabağ müharibəsindən əvvəl də oxşar təxribatçı bəyanat vermişdi. Belə ki, o, Nyu-York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə “Ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” kimi təxribatçı fikirlər səsləndirmişdi. 

 

2016-cı ilin aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının iclası keçirildi. Prezident İlham Əliyev iclas zamanı demişdi ki, Ermənistan qoşunların təmas xəttində mövqelərimizə hücum edərək, təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmaqla Azərbaycana qarşı növbəti silahlı təxribat törədib və erməni təxribatına Azərbaycan ordusundan adekvat cavab verilib, düşmənə sarsıdıcı zərbələr endirilib. İclasın sonunda dövlət başçısı vurğulamışdı ki, 2 aprel Azərbaycan ordusunun tarixinə parlaq qələbə günü kimi daxil olacaq.

 

4 günlük müharibə ilə bağlı təhlillər göstərir ki, döyüşlərdə ağır texnikalardan istifadə edilib. Ermənistan ordusunun çoxlu sayda zirehli texnikası və tankı sıradan çıxarılıb. Azərbaycan Ordusu döyüşdə ilk dəfə İsrail istehsalı texnologiyaları işə salıb. Belə ki, İsraildən alınan "Spike" tank əleyhinə raket sistemləri və "Harop" kamikadze tipli pilotsuz uçuş aparatları Aprel döyüşlərində sınaqdan keçirilib.

 

Məlumata əsasən, "Harop"la endirilən zərbələrdən biri Ağdərə ərazisinə göndərilən birinci Qarabağ müharibəsi veteranlarından ibarət könüllüləri daşıyan avtobusa dəyib, 5-dən çox erməni məhv edilib. Onu da qeyd edək ki, Aprel döyüşlərində qazanılan təcrübə İkinci Qarabağ müharibəsində çox uğurla tətbiq olunub.

 

Aprel döyüşlərinin uğuru Azərbaycan üçün psixoloji üstünlük idi. Ermənilərin qurduğu müdafiə xətləri yarılmışdı. Bu psixoloji üstünlük 4 ildən sonra Azərbaycan Ordusunun Ermənistan üzərində mütləq qələbə qazanmasına şərait yaratdı. Ermənistan cəmiyyətində isə hökumətə qarşı inamsızlıq, anti-Rusiya əhval-ruhiyyəsi formalaşdı. Prosesin məntiqi nəticəsi 2018-ci ildə hakimiyyət dəyişikliyinə səbəb oldu.

 

Aprel döyüşləri başa çatdıqdan sonra Ermənistan və Azərbaycan arasında intensiv danışıqlar başlandı. Döyüşlərin dayandırılmasına vasitəçilik edən Rusiya bu məsələdə aktiv rol oynadı. Aprelin 5-də Rusiya lideri Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefonla əlaqə saxladı. Aprelin 7-də o zamankı baş nazir Dmitri Medvedev İrəvana, xarici işlər naziri Sergey Lavrov isə Bakıya rəsmi səfər etdi. Mayın 16-da Vyana şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) vasitəçiliyi ilə Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutdu. Növbəti görüş isə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə iyunun 20-də Sankt-Peterburqda keçirildi.

 

Ümumilikdə, Aprel döyüşlərinin siyasi nəticələrini aşağıdakı kimi sadalamaq olar:

 

1. Danışıqlar prosesinə inam daha da azaldı və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyri-hərbi yolla qaytaracağına ümidlər demək olar ki, yox oldu.

 

2. Azərbaycan həm Ermənistana, həm də bütün dünyaya hərbi qüdrətini nümayiş etdirdi. Təsadüfi deyil ki, Ermənistan döyüşlərdən sonra orduda islahatlara başladı. Rəsmi Bakı istənilən təxribata adekvat və artıqlaması ilə cavab verəcəyini nümayiş etdirdi.

 

3. Ermənistan ordusunun "məğlubedilməz", təmas xəttinin "keçilməz" olması mifi darmadağın oldu. Bu, həm orduda, həm də ictimaiyyətdə psixoloji üstünlük yaratdı.

 

4. Bakı lazım gələrsə, işğal olunmuş əraziləri azad etmək üçün gücdən istifadə etmək imkanına malik olduğu mesajını dünyaya çatdırdı.

 

Cəmi 4 gün davam edən Aprel döyüşləri Azərbaycanın təmas xətti boyunca taktiki mövqelərinin yaxşılaşdırılması ilə nəticələndi. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən kəndin bərpası üçün 2016-2017-ci illərdə dövlət büdcəsindən 17,3 milyon manat ayırdı. Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində 50 fərdi yaşayış evi, məktəb, məscid, elektrik yarımstansiyası, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi. 2019-cu ilə qədər kəndə 1428 nəfər köçürüldü.

 

Bütövlükdə Aprel döyüşlərində qazanılan qələbə İkinci Qarabağ müharibəsi üçün böyük stimul idi. Döyüşlərdə istifadə edilən təcrübə və biliklər müharibə zamanı çox faydalı oldu. Əslində, Aprel döyüşləri Azərbaycan ərazilərinin işğaldan azad edilməsi prosesinin başlanğıcı idi və bu tarixi missiya Azərbaycan Ordusunun mütləq qələbəsi ilə başa çatdı...

 

Modern Təhlil Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər