Modern.az

Türkiyə prezidentliyinə namizədlərin həyat yolu: Oğandan Ərdoğana...

Türkiyə prezidentliyinə namizədlərin həyat yolu: Oğandan Ərdoğana...

Analitika

4 Aprel 2023, 08:58

Məlum olduğu kimi, Türkiyədə keçiriləcək prezident seçkilərində 4 nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.

 

Azərbaycan oxucusunun mütləq əksəriyyətinin yaxından izlədiyi bu seçkilərdə namizəd olan siyasətçiləri nə qədər yaxından tanıyırıq?

 

Modern.az Türkiyə prezidenti olmaq istəyən 4 liderin həyat yoluna nəzər salmağa çalışıb və bioqrafiyaları araşdırıb.

 

1. Rəcəb Tayyib Ərdoğan

 

 

"Cümhur İttifaqı"nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulda anadan olub. Tarixi şəhərin mühafizəkarlığı ilə seçilən Kasımpaşa bölgəsində böyüyən Ərdoğan Mərmərə Universitetinə daxil olub və 1981-ci ildə iqtisadi və ticari elmlər fakültəsindən məzun olub. O, tələbəliyi dövründə Milli Türk Tələbə Birliyi təşkilatının fəaliyyətində aktiv iştirak edib. Siyasi həyata Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakanın Rifah Partiyası vasitəsilə atılıb. Partiya Ərdoğanı 27 mart 1994-cü ildə keçirilən yerli seçkilərdə İstanbul bələdiyyəsinin sədrliyinə namizəd göstərib. 25.19 faiz səs toplayan gənc siyasətçi sol təmayüllü rəqiblərinin pərakəndəliyindən və vahid namizəd çıxarmayaraq səsləri bölməyindən də istifadə edərək sədr seçilmişdi. Bu, Ərdoğanın ilk siyasi uğuru kimi tarixə düşən seçkilər və nəticələr olub. Həmin dövrdə mühafizəkar Rifah Partiyasının qələbə çalan digər namizədi, Ankara bələdiyyəsinin sədri Melih Gökçeklə birlikdə Ərdoğan ölkə miqyasında məşhurlaşan və parlayan siyasətçilərdən biri olmuşdu.

 

Ərdoğan 12 dekabr 1997-ci ildə Siirt vilayətində vətəndaşlar qarşısında çıxış edərkən oxuduğu Ziya Gökalpın "Əsgər duası" adlı şeirinə görə məsuliyyətə cəlb olundu və həbs cəzasına məhkum edildi. Buna görə İstanbul bələdiyyəsinin sədri vəzifəsindən kənarlaşdırılan siyasətçi 26 mart 1999-cu ildə Pınarhisar həbsxanasına salındı. 4 ay həbsdə qalan Ərdoğan 24 iyul 1999-cu ildə azadlığa buraxıldı. "Erdemliler Hareketi" çərçivəsində o, silahdaşları ilə birgə bağlanan Fəzilət Partiyasının ardından (Rifah Partiyası qapadıldıqdan sonra Ərbakanın ardıcıllarının yaratdığı siyasi partiya - red.) bu siyasi təmayülün qurduğu Səadət Partiyasına qoşulmayaraq 14 avqust 2001-ci ildə mövqeyini "mühafizəkar demokrat" kimi təsvir edərək Ədalət və İnkişaf Partiyasının (AKP) yaradılmasında iştirak etdi. Partiyanın qurucuları Ərdoğanı sədr seçdilər. AKP qurulduqdan sonra girdiyi ilk parlament seçkilərində 34.6 faiz səs topladı və seçkilərdən sonra formalaşmış parlament konfiqurasiyasına görə bundan xeyli çox - mandatlarından yarısından artığını əldə edərək təkbaşına iqtidar olmaq hüququ aldı. Siyasi fəaliyyət qadağası olduğu üçün Ərdoğan deputat ola bilmədi və yeni hökumətin qurulmasında da iştirak edə bilmədi. Beləliklə, 58-ci Türkiyə hökumətini qurmaq onun ovaxtkı silahdaşı Abdullah Gülə həvalə olundu. Gül baş nazir seçildi.

 

Siyasi qadağası qanunvericiliyə edilən dəyişikliklərlə aradan qaldırıldıqdan sonra 9 mart 2003-cü ildə keçirilmiş təkrar seçkilərdə deputat seçildi. 15 mart 2003-cü ildə isə 59-cu hökuməti qurdu və baş nazir oldu. Bundan sonra 2015-ci ilin iyunundakı parlament və 2019-cu ildəki bələdiyyə seçkiləri istisna olmaqla, Ərdoğanın liderlik etdiyi AKP qatıldığı bütün parlament, prezident və bələdiyyə seçkilərində, habelə referendumlarda qələbə çalıb. Belə ki, Ərdoğan 1994-cü ildən bəri mübarizə apardığı 12 seçki və 3 referendumdan qalib olaraq çıxıb. Türkiyə konstitusiyasının dəyişdirilməsindən sonra prezidentin parlament yox, birbaşa xalq tərəfindən seçilməsi qüvvəyə mindi və Ərdoğan 2014-cü ildə keçirilən prezident seçkilərini udaraq xalq tərəfindən seçilmiş ilk Türkiyə prezidenti oldu.

 

2. Kemal Kılıçdaroğlu

 

 

"Millət İttifaqı"nın prezidentliyə namizədi olan Kemal Kılıçdaroğlu 1948-ci ildə Tuncelinin Nazımiye rayonunda doğulub. Ankara İqtisadi və Ticari Elmlər Akademiyasından (Hazırda Qazi Universitetinin iqtisadi və inzibati elmlər fakültəsi - red.) 1971-ci ildə məzun olan Kılıçdaroğlu müxtəlif dövlət qurumlarında çalışıb. O, peşəkar bürokratdır. 3 noyabr 2002-ci ildə CHP-nin İstanbul üzrə millət vəkili kimi parlament mandatı əldə edib. 2007-ci ildəki parlament seçkilərində də qalib gələn siyasətçi deputatlıqla yanaşı, partiyasının qanunverici orqandakı fraksiyasının sədr müavini olub. CHP sədri Deniz Baykalın istefasından sonra 22 may 2010-cu ildəki partiya qurultayında CHP sədri seçilib.

 

CHP sədri olmazdan əvvəl 2009-cu ildə keçirilən yerli seçkilərdə İstanbul bələdiyyəsinin sədrliyinə namizəd olan Kılıçdaroğlu Ərdoğanın topladığı səsdən çox - 37 faiz səs toplasa da, məğlub oldu. Seçkiləri onun AKP-dən olan rəqibi Kadir Topbaş qazandı. Kılıçdaroğlunun sədrliyi dövründə CHP girdiyi bütün seçkilərdə ən çox səs toplayan ikinci partiya olmağı qoruyub və parlamentdə yaratdığı böyük fraksiya ilə ana müxalifət partiyası statusunu daşıyıb.

 

Kılıçdaroğlu 2015-ci ilin iyun ayında keçirilən parlament seçkilərində heç bir siyasi qüvvənin 50 faizdən çox səs toplamağa müvəffəq olmaması ilə başladılan koalisiya danışıqlarında CHP-ni təmsil edib və müzakirələr aparıb. Lakin AKP-CHP koalisiyası, eləcə də digər koalision hökumət variantları baş tutmayıb və ölkə həmin ilin noyabrında yenidən seçkilərə gedib. Ahmet Davutoğlunun sədrlik etdiyi AKP bu seçkilərdə lazımi səsi toplayaraq təkbaşına hökumət qurub. Kılıçdaroğlu 2019-cu ildəki bələdiyyə seçkilərində CHP-nin əsas böyük şəhərlərdəki qələbəsinin memarı hesab olunur və bu seçkilərdən sonra siyasi reytinqini xeyli artırıb. Keçirilmiş müxtəlif sosioloji rəy sorğuları da Adana, Antalya, Ankara, Aydın, Artvin, Ardahan, Bilecik, Bolu, Burdur, Çanakkale, Edirne, Eskişehir, Hatay, İstanbul, İzmir, Kırşehir, Mersin, Muğla, Sinop, Tekirdağ və Yalova vilayət bələdiyyələrindəki qələbənin Kılıçdaroğlunun dəstəyini artırdığını sübut edir. Bundan başqa, xeyli vilayətdaxili rayonlarda da Kılıçdaroğlunun sədri olduğu partiya qalib gəlib.

 

3. Muharrem İnce

 

 

Məmləkət Partiyasının sədri və prezidentliyə namizədi olan İnce 4 may 1964-cü ildə Yalovanın Elmalık kəndində dünyaya gəlib. Uludağ Universitetinin Balıkesir filialının Necatibey təhsil fakültəsinin fizika-kimya müəllimliyi ixtisasının məzunudur. O, müxtəlif məktəblərdə fizika müəllimi kimi pedaqoji sahədə fəaliyyət göstərib. 1999-cu ildə CHP-nin Yalovadakı yerli təşkilatının sədri olan siyasətçi 2002-ci ildə deputat seçilib. CHP funksioneri kimi partiyadaxili strukturlarda müxtəlif postlar tutan İnce iki dəfə - 2014 və 2018-ci illərdə keçirilən qurultaylarda partiya sədrliyinə namizəd olsa da, Kemal Kılıçdaroğluna uduzub.

 

Muharrem İnce CHP-nin prezidentliyə namizədi kimi 24 iyun 2018-ci il seçkilərində iştirak edib. 30.7 faiz səs yığaraq Ərdoğana məğlub olan siyasətçi ikinci yeri tutmuşdu. Kampaniya dövründə məğlub olacağı təqdirdə seçkilərdən sonra etiraz aksiyası keçirəcəyini və dolayı olaraq nəticələri tanımayacağını vəd edən İnce seçki gecəsi qeybə çəkilmiş, məşhur jurnalist İsmail Küçükkayaya "adam qazandı" mesajını atmışdı. Onun bu hərəkəti tərəfdarlarını xeyli məyus etmiş və reytinqinə böyük ziyan vurmuşdu. 4 sentyabr 2020-ci ildə İnce "1000 gündə Məmləkət Hərəkatı"nı yaratmış və regionları gəzərək vətəndaşlarla görüşlərə başlamışdı. 18 may 2021-ci ildə hərəkatı eyniadlı partiyaya transformasiya edən siyasətçi həmin ilin 18 sentyabrında Məmləkət Partiyasının sədri seçilib. Bu seçkilərə qatılmaq üçün imzatoplama kampaniyasında İnce 114 661 imza yığaraq namizədliyini qeydə aldırıb.

 

4. Sinan Oğan

 

 

"ATA İttifaqı"nın namizədi olan Sinan Oğan 1 sentyabr 1967-ci ildə İğdırın Melekli bölgəsində anadan olub. Azərbaycan əsillidir. 1989-cu ildə Mərmərə Universitetinin iqtisadi və inzibati elmlər fakültəsini bitirib. Magistratura təhsilini eyni universitetin bank işi ixtisası üzrə alıb. Oğan doktorantura təhsilini isə Rusiyada - Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda politologiya ixtisası üzrə alıb. Mərmərə Universitetinin Türkiyat Araşdırmaları İnstitutunda elmi işçi olan siyasətçi Azərbaycan Dövlət İqtisad Universitetində müəllim və dekan müavini kimi fəaliyyət göstərib.

 

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan şöbəsinin rəhbəri olan Oğan sonradan Avrasiya Strateji Araşdırmalar Mərkəzinin (ASAM) Rusiya və Ukrayna araşdırmaları şöbəsinin sədri vəzifəsini tutub. O, 2004-cü ildə Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzini (TÜRKSAM) qurub. 12 iyun 2011-ci ildə keçirilmiş parlament seçkilərində Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdırdan millət vəkili seçilib. 26 avqust 2015-ci ildə MHP sıralarından xaric olunub. Məhkəməyə müraciət edən siyasətçi prosesdə qalib gəlib və 2 noyabr 2015-ci ildə partiya üzvlüyünə bərpa olunub.

 

Oğan 10 mart 2017-ci ildə təkrar şəkildə partiyadan xaric edilib. Sinan Oğanın namizədliyi ultra-sağçı qüvvələrin toplaşdığı və əsasını Ümit Özdağın Zəfər Partiyasının təşkil etdiyi "ATA İttifaqı" tərəfindən irəli sürülüb. Özdağ CHP-dən Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın namizədliyini irəli sürmək niyyətini açıqlasa da, bu, paytaxt meri tərəfindən rədd olunaraq baş tutmayıb. Bundan sonra ittifaqın qurulma dövründə Muharrem İnceni dəstəkləyəcəyini açıqlayan Özdağ yenidən Yavaşın adını gündəmə gətirib və onun bu addımı İncenin narazılığına səbəb olub. Məmləkət Partiyası bu ittifaqı tərk etdikdən sonra "ATA İttifaqı" Sinan Oğanı namizəd elan edib. O, 111 508 imza toplayaraq Ali Seçki Komissiyası tərəfindən prezidentliyə namizəd kimi qeydə alınıb.

 

Qeyd edək ki, 14 mayda Türkiyədə prezident seçkiləri ilə yanaşı, parlament seçkiləri də baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir