Modern.az

“D'Hondt” seçki sistemi - Türkiyədə səslər necə hesablanır? - ARAŞDIRMA

“D'Hondt” seçki sistemi - Türkiyədə səslər necə hesablanır? - ARAŞDIRMA

Analitika

7 Aprel 2023, 17:04

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə bir sıra məsələlər - namizədlərin kimliyi, seçkilərə təsir edən faktorlar, siyasi ittifaqlar və bir sıra digər mövzularla bağlı geniş müzakirələr gedir. Lakin seçkilərin taleyinə və nəticələrə təsir göstərən ən əhəmiyyətli məsələlərdən biri də seçki sistemidir. Səslərin sayılması metodologiyası, minimal səs bariyeri kimi məqamlar seçkilərdən sonra parlamentdə yaranacaq siyasi mozaikanı şərtləndirən amillərdəndir.

 

Modern.az Türkiyədəki seçki sistemi ilə bağlı araşdırmasını təqdim edir.

 

Əvvəlcə qısaca prezident seçkilərinə toxunaq. Burada məsələ çox sadədir. Ən çox səs toplamış namizəd 50%+1 səs yığmaq şərti ilə qalib gəlir. Əgər namizədlərdən heç biri səslərin yarısını toplamağa müvəffəq olmayıbsa, bu zaman ikinci tur keçirilir və bu turda yalnız ilk turda birinci və ikinci yeri tutan namizədlər yarışır. Seçkilərin ikinci turunda ən çox səs toplamış namizəd prezident seçilir.

 

 

Parlament seçkilərində isə sistem daha mürəkkəbdir. Onu qeyd etməklə başlayaq ki, Türkiyədə deputatlar Azərbaycandan fərqli olaraq majoritar yox, proporsional seçki sistemi ilə seçilir. Yəni burada seçicilər konkret namizədlərə yox, partiya və ya siyasi blokların müəyyən etdiyi siyahılara səs verir. Ölkəmizdə də proporsional seçki sistemi 2002-ci ilə qədər majoritar sistemlə birlikdə qarışıq formada tətbiq olunub.

 

Türkiyədəki proporsional seçki sistemində hər seçki bölgəsi üzrə ayrı-ayrı siyahılar hazırlanır və bölgə əhalisinin sayına uyğun olaraq müvafiq deputat yerlərindən toplanılan səsə uyğun mandat qazanılır. Proporsional sistemin tətbiq olunduğu əksər ölkələrdə isə (2002-ci ilə qədər Azərbaycanda da) bütün ölkə vahid seçki dairəsi hesab olunur və seçkilərə qatılan siyasi qüvvələrin hər biri ölkə üzrə vahid siyahı ilə yarışır.

 

Digər bir məqam isə səslərin sayılması ilə metodologiyası ilə bağlıdır. Proporsional seçki sistemində səslərin sayılması üçün müxtəlif metodlar var. "Sent-Laqyu", "Hantinqton-Hill", "Hera", "Drupa kvotası", "İmperiali", "Haqenbax-Bişofa", "D'Hondt", "ümummilli qalıq" və "ehtiyat səs" metodları bunlara misal ola bilər. Türkiyədə 1961-ci ildən bəri (1965 və 1966-ci illərdəki seçkilər istisna olmaqla) "D'Hondt" sistemi tətbiq olunur.

 

                                   Fotoda: Viktor D'Hondt

 

Bu sistem yaradıcısı, məşhur belçikalı hüquqşünas və riyaziyyatçı Viktor D'Hondtun adı ilə adlandırılıb. O, 1841-1901-ci illərdə yaşayıb. Bu riyazi metodologiyanı 1878-ci ildə yaradıb. "D'Hondt" sistemi elmi ədəbiyyatda həmçinin "Cefferson sistemi", "ən böyük bölənlər metodu" kimi də adlandırılır. "D'Hondt" Türkiyə ilə yanaşı, Argentina, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Şərqi Timor, Ekvador, Finlandiya, Xorvatiya, İsrail, İslandiya, Yaponiya, Kolumbiya, Macarıstan, Şimali Makedoniya, Paraqvay, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Sloveniya, Çili kimi ölkələrdə də istifadə olunur.

 

Bu sistemlə səslərin sayılması siyasi qüvvələrin topladığı səsin hər dəfə qazanılan deputat yeri sayının üzərinə "1" əlavə olunmaqla, yenidən bölünməsi ilə həyata keçirilir. Sistemin mahiyyətini daha yaxşı başa düşmək üçün bu nümunəyə nəzər salmaq faydalı olar. Tutaq ki, hər hansı seçki bölgəsində əhalinin sayı parlamentə 7 deputatla təmsil olunmağa imkan verir. Seçkilərdə bu bölgədə A partiyası 60 000, B partiyası 25 000, C partiyası isə 14 000 səs toplayıb. Bu zaman partiyalar üzrə əldə olunmuş deputat yerləri belə paylanar: 7 deputat yerindən ilki ən çox səs topladığı üçün A partiyasına verilər. Artıq A partiyasının 1 deputat yeri var.

 

Bundan sonra partiyanın topladığı səs - 60 000 qazandığı deputat yeri sayının üzərinə "1" əlavə olunmaqla alınan ədədə bölünər. 60 000 : (1+1) = 30 000. Digər partiyaların səsi isə hələlik deputat yeri qazanmadıqları üçün olduğu kimi qalar: 25 00014 000. Bu zaman yenə də ən çox səs - 30 000 - A partiyasında olduğu üçün ikinci deputat yeri də A partiyasına verilər. Bununla da A partiyasının deputat yerlərinin sayı 2-yə çatar.

Bu xəbər ilə bağlı
Türkiyədə seçkilərə təsir edən faktorlar - Seçici psixologiyası
Xəbəri oxu

 

Proses yeni davam etdirilməlidir. A partiyasının səsi - 60 000 qazandığı deputat yerlərinin sayının üzərinə "1" əlavə olunmaqla alınan ədədə bölünər. 60 000 : (2+1) = 20 000. Heç bir deputat yeri qazanmayan digər partiyaların səsləri dəyişməz - 25 000 14 000. Burada ən çox səs B partiyasına - 25 000 məxsus olduğu üçün üçüncü mandat bu partiyaya verilər. Hazırda A partiyasının 2, B partiyasının isə 1 deputat yeri var.

 

Hesablama yenə də eyni qaydada aparılır. Bu mərhələdə deputat yeri qazanan partiyanın səsi aldığı yerlərin sayının üzərinə "1" əlavə olunmaqla yaranmış rəqəmə bölünür, digər partiyaların səsi isə olduğu kimi qalır: A partiyası - 20 000, B partiyası - 25 000 : (1+1) = 12 500, C partiyası - 14 000. Göründüyü kimi, ən çox səs A partiyasında olduğu üçün dördüncü mandat bu partiyaya verilər. A partiyasının 3, B partiyasının 1 yeri var.

 

Bu dəfə son mərhələdə deputat yeri qazanan partiyanın - A partiyasının səsi oxşar qaydada bölünür, digər partiyaların səsləri isə dəyişmir. A partiyası -60 000 : (3+1) = 15 000, B partiyası - 12 500, C partiyası - 14 000. Beşinci deputat yeri A partiyasınındır. Beləliklə, A partiyası 4, B partiyasının 1 yer əldə edib.

 

Proses altıncı dəfə yerinə yetirilir. A partiyası - 60 000 : (4+1) = 12 000, B partiyası - 12 500, C partiyası - 14 000.  Bu dəfə deputat yeri C partiyasına verilir. A partiyasının 4, B partiyasının 1, C partiyasının 1 mandatı var.

 

Sonuncu - yeddinci deputat mandatının hansı partiyaya verilməsini müəyyənləşdirmək üçün son dəfə hesablama aparılır. A partiyası - 12 000, B partiyası - 12 500, C partiyası - 14 000 : (1+1) = 7 000. Göründüyü kimi, sonuncu deputat yeri B partiyasınındır. Yekun olaraq bu seçki bölgəsində A partiyası 4, B partiyası 2, C partiyası isə 1 deputat yeri qazanmış oldu.

 

Əgər partiyaların topladıqları səsləri qazandıqları mandatların sayına bölsək, görərik ki, A partiyası 1 deputat yeri üçün 15 000, B partiyası 12 500, C partiyası isə 14 000 səs toplamalı olub. Ən çox deputat yerini A partiyası qazanmış olsa da, daha az səslə daha çox mandat qazanmaqla üstünlük əldə edən partiyanın B partiyası olduğu görünür. Bu, "D'Hondt" sisteminin qüsurlarından biri hesab olunur.

 

 

Türkiyədəki seçki sistemi ilə bağlı bilinməli olan digər bir məqam isə parlamentə düşə bilmək üçün siyasi qüvvələrin toplamalı olduğu minimal səs faizi həddi - seçki bariyeridir. Belə ki, bu vaxta qədər 10 faiz olan bu bariyer seçki qanunvericiliyinə edilmiş sonuncu dəyişikliklə 7 faizə endirilib. Yəni hər hansı siyasi qüvvə hər hansı seçki bölgəsində ən çox səsi toplayaraq qalib gəlmiş olsa da, deputat yeri əldə etmək üçün ölkə üzrə səslərin minimum 7 faizini yığmalıdır.

 

Seçkilərə ittifaqlarla girdikdə 7 faizlik minimal hədd ittifaqa şamil olunur və bu ittifaqa daxil olan partiyalar ayrılıqda seçicilərin 7 faizinin səsini toplamasa da, ümumilikdə bu qədər səs toplanıbsa, avtomatik bariyeri keçmiş hesab olunurlar. Bu vaxta qədər seçkilərə siyasi ittifaqla birlikdə daxil olmağın digər bir üstünlüyü isə yuxarıda izah olunmuş "D'Hondt" sistemi ilə deputat yerlərinin bölgüsü zamanı xırda partiyaların proporsional siyahıları ilə topladığı özlərinə mandat əldə etməyə imkan verməyən cüzi səs payının ittifaqdakı daha çox səs toplamış digər böyük partiyaların xeyirinə hesablanması ilə bağlı idi ki, bu, ittifaqın əldə etdiyi toplam mandat sayının artmasına kömək edirdi. Lakin seçki qanunvericiliyinə edilmiş son dəyişiklikdən sonra bu məqam aradan qalxdı və artıq bu seçkilərdən etibarən ittifaqdakı partiyaların ayrılıqda proporsional siyahılar üzrə topladıqları səs digər partiyaların səs faizinə heç bir təsir göstərməyəcək. Bu, kiçik partiyaların topladığı səslərin itkiyə getməsinə səbəb olacaq.

 

 

Təsadüfi deyil ki, artıq 14 maydakı seçkilərdə ittifaqlarla birgə iştirak edəcək siyasi partiyalar proporsional siyahılarını birləşdirməyə həvəs göstərir. Yəni xırda partiyaların müstəqil proporsional siyahılarla seçkilərə qatılaraq cüzi səs toplaması və mandat qazana bilməməsinin qarşısını almaq, o cümlədən bu səslərin ittifaqdakı digər partiyalara da heç bir faydası olmadan itkiyə getməsini önləmək prioritet hesab olunur. Bu səslərin itkiyə getməməsi üçün xırda partiyaların namizədləri böyük partiyaların siyahısından namizəd göstərilir ki, onların tərəfdarları da çox səs qazanacağı və mandat əldə edəcəyi dəqiq olan partiyalara səs versin və itki olmasın.

 

Məsələn, "Millət İttifaqı"na daxil olan cüzi səs faizinə malik DEVA Partiyası, Gələcək Partiyası, Səadət Partiyası və Demokrat Partiya ayrıca proporsional siyahılar hazırlamaq əvəzinə namizədlərini daha böyük partiya olan Cümhuriyyət Xalq Partiyasının (CHP) siyahısından göstərəcək və bu partiyaların tərəfdarları bülletendə CHP siyahısına səs verəcək. İttifaqa daxil olan İYİ Partiya isə itkiyə getməyəcək qədər səs toplaya biləcəyini düşündüyü üçün müstəqil proporsional siyahıdan seçkilərə qatılacaq. Oxşar addımı "Əmək və Azadlıq İttifaqı"na daxil olan Türkiyə Fəhlə Partiyası (TİP) da atır. İttifaqa daxil olan bütün partiyalar daha çox səs faizinə malik Xalqların Demokratik Partiyası (HDP) ilə birgə Yaşıl Sol Partiyanın (YSP) siyahısından vahid şəkildə seçkilərdə iştirak qərarı versə də, TİP müstəqil proporsional siyahı ilə seçkilərə gedir.

 

 

Bu, müəyyən qədər seçki bülletenində partiya loqotipinin əks olunması məsələsi ilə də bağlıdır. Belə ki, partiyaların müstəqil proporsional siyahı ilə seçkilərə qatılması onların bülletendə adı və loqotipinin görünməsinə səbəb olur və partiyanın məşhurlaşmasına, seçicilərin siyasi qüvvəni tanımasına və reytinqinə müsbət təsir edir. Müstəqil proporsional siyahı ilə seçkilərdə iştirak həm də partiyaların güc nümayişi kimi qəbul olunur və çox səs toplayacağından arxayınlığını nümayiş etdirir.

 

14 mayda keçiriləcək parlament seçkilərində də seçki sisteminin nəticələrə təsir göstərəcəyi şübhə doğurmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar