Modern.az

Əliyevin 3 ildə Mərkəzi Asiyaya 10-cu səfəri

Əliyevin 3 ildə Mərkəzi Asiyaya 10-cu səfəri

Analitika

10 Aprel 2023, 13:57

SSRİ-nin dağılması ilə digər müttəfiq dövlətlərlə birlikdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Azərbaycanın müstəqillik əldə etməsi dünyanın siyasi xəritəsində, xüsusən də Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. 1990-cı illər təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk Dünyası üçün önəmli tarix sayılır. O vaxta qədər Türk Dünyası beynəlxalq arenada ancaq Türkiyə Cümhuriyyəti ilə təmsil olunurdu. SSRİ-nin süqutu nəticəsində beş türk dövlətinin müstəqillik əldə etməsi türk dünyasının canlanmasına yol açdı.

 

Müstəqillik qazandıqdan sonra Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri gücləndirməyi qarşısına hədəf qoyub. Mərkəzi Asiya dövlətləri ilə əlaqələr Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Bu dövlətlərin və Azərbaycanın maraqları təkcə ümumi tarixi və mədəni köklərə malik olduqlarına görə deyil, həm də sıx iqtisadi və siyasi maraqlara görə üst-üstə düşür. Azərbaycan strateji baxımdan Mərkəzi Asiya üçün Avropa bazarlarına gedən yolu təmin edir. 

 

 

Son illərdə beynəlxalq münasibətlərin daha çox diqqət mərkəzində olan Mərkəzi Asiya ölkələrinin bütün dünya üçün əhəmiyyəti Ukraynada müharibənin başlamasından sonra daha da artıb. Müharibənin başlaması ilə Sovet İttifaqının dağılmasından sonra beynəlxalq münasibətlər sisteminə daxil olan Mərkəzi Asiyada Rusiyanın təsir imkanları azalıb və digər aktorlar yaranan güc boşluğunu doldurmaq üçün hərəkətə keçiblər. Bu mübarizədə Çin, ABŞ, Türkiyə, İranla yanaşı, Hindistan, Pakistan, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı, Yaponiya da aktiv iştirak edir.

 

Mərkəzi Asiyada nüfuz uğrunda gedən mübarizədə Türk Dövlətləri Təşkilatı (TDT) aktiv fəaliyyəti ilə diqqət çəkir. TDT-yə üzv olan ölkələrdən üçü - Özbəkistan, Qırğızıstan və Qazaxıstan Mərkəzi Asiya regionunda yerləşir. Türkmənistan isə təşkilatda müşahidəçi qismində iştirak edir, hazırda Türkmənistanın təşkilata üzv olması istiqamətində aktiv danışıqlar aparılır. 

 

 

Təşkilatın aparacı üzvlərindən biri kimi Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrinə xüsusi önəm verir. Təsadüfi deyil ki, rəsmi Bakı regionda yerləşən 3 ölkə ilə - Qırğızıstan, Özbəkistan və Qazaxıstanla strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avrotlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində də Azərbaycan Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq edir, eyni zamanda ölkələr beynəlxalq müstəvidə bir-birilərinin mövqeyini dəstəkləyirlər.

 

Əlaqələrin canlandığı bir məqamda - aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstana yola düşüb. Bu, son 3 ildə Azərbaycan Prezidentinin Mərkəzi Asiyaya 10-cu səfəridir. Təkcə, 2022-ci ildə dövlət başçısı 7 dəfə bu regionda yerləşən ölkələrə səfər edib. Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının da Azərbaycana səfərlərində artım müşahidə edilir. 

 

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev Mərkəzi Asiyanın yalnız türkdilli dövlətləri ilə deyil, həmçinin Tacikistanla da əlaqələrə diqqət yetirir. Belə ki, bir neçə gün əvvəl dövlət başçısı Tacikistanda səfərdə olub. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb.

 

 

Şübhəsiz ki, münasibətlərin inkişaf etməsində iqtisadi amillərin də böyük rolu var. Müşahidələr göstərir ki, Ukraynada müharibənin başlamasından sonra Orta Dəhlizin cəlbediciliyi xeyli artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi tanınan Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstan tərəfindən yaradılıb və daha sonra Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. 

 

Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, daha sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutlardan biri hesab edilir. Dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdıra bilir.

 

 

Türkmənistan və Azərbaycan arasında Xəzər dənizinin dibindəki neft yataqlarının birgə istismarına dair razılıq əldə edilməsi, eyni zamanda “Özbəknefteqaz” və SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatı üzrə birgə layihələrin işlənib hazırlanması, təcrübə mübadiləsi, qarşılıqlı investisiyaların və özəlləşdirmələrin təşviqi kimi məsələlərdə fəal əməkdaşlıq Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə yol açıb. 

 

Ümumilikdə isə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin daha geniş perspektivləri var və gələcək illərdə bu potensialdan tam istifadə üçün böyük addımların atılacağı gözlənilir.

 

Modern.az Təhlil Qrupu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var