Ötən həftə Azərbaycan və İran xarici işlər nazirlərinin telefon danışığından sonra iki ölkə arasında münasibətlərin normallaşacağı barədə müxtəlif fikirlər səsləndirilir. XİN başçılarının ərazi bütövlüyü məsələsində vahid mövqe sərgiləməsi, təmasların davam etdirilməsinə razılaşmaları buzların əriməsində müsbət addım kimi qiymətləndirilir. Lakin İranın sonrakı günlərdə hansı mövqedən çıxış edəcəyi sual altında olduğundan, qonşu ölkələrin barışığa nail olub-olmayacağını demək çətin məsələdir.
Bəs, proqnozlar nədən xəbər verir? Münasibətlər normallaşacaqmı?
Bu barədə Modern.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycan İranla münasibətləri yaxşılaşdırmağa hazırdır.
"Son günlər Azərbaycanla İran arasında münasibətlər həddən artıq kəskinləşib. Bunun günahkarı ölkəmiz deyil, İran tərəfidir. İranın vaxtaşırı Azərbaycana qarşı etdiyi hərəkətlər, generalların bizi hədələməsi, səfirliyimizə hücum edilməsi, deputat Fazil Mustafaya qarşı terror aktının törədilməsi əlaqələrimizi son həddə çatdırıb. Dövlətimiz bununla belə qonşu İranla münasibətləri yaxşılaşdırmaq üçün "qapı"nı hər zaman açıq saxlayıb. İran xarici işlər naziri iki gün ərzində Azərbaycanın XİN başçısı ilə geniş müzakirələr apardı. Detallardan xəbər verilməsə də, aydın məsələdir ki, ölkəmiz qarşı tərəfi vəziyyətin kəskinləşməsinə səbəb olan hərəkətlərə görə məsuliyyətə çağırıb. İranı Azərbaycana qarşı atılan addımlardan çəkinməyə və normal qonşuluq münasibətləri yaratmağa dəvət edib", - deyə parlamentari vurğulayıb.
A.Mirzəzadənin fikrincə, münasibətlərin normallaşması üçün İran real addımlar atmalıdır:
"Əlbəttə, nəticə olaraq iki ölkə arasında əvvəldən razılaşdırılmış layihələrin həyata keçirilməsinə razılıq verilməsini müsbət hal kimi qiymətləndirirəm. Qonşu ölkələr mehriban əlaqədə olmalı, bir-birinin daxili işlərinə qarışmamalı, maraqlarına hörmətlə yanaşmalıdır. Azərbaycan İrana qarşı bunları edib. Bizim qarşı tərəfə bildirəcək kifayət qədər iradlarımız var. Bununla belə dövlətimiz olanları dünəndə qoyaraq gələcəkdə İranla yaxşı münasibətlər qurmağa hazırdır. Qarşı tərəfdən uzanan ələ Azərbaycan qarşılıq verəcək. Bundan sonrakı münasibətlər İranın atacağı real və konkret addımlardan aslıdır. Ümid edirik ki, İran Azərbaycan kimi qonşu itirməyin nə demək olduğunu özü üçün yəqin edəcək. Ölkəmiz qonşularla hər zaman yaxşı münasibətdə olub".
Politoloq Tofiq Abbasov isə hesab edir ki, indi əsas məsələ iki ölkə arasında təmasların qırılmamasıdır. Təmaslar qırıldığı zaman qarışıq vəziyyət, anlaşılmazlıq və təzadlar dərinləşir.
"Ona görə də Azərbaycan-İran xarici işlər nazirləri arasında telefon danışığı vacibdir. Çünki bizim münasibətlərimizə qarışan qüvvələr də var. Onların bəziləri faktiki olaraq çalışır ki, Azərbaycanla İran arasında uçurum yaransın. Mən bu proseslərdə ikitərəfli dialoqun qalmasının tərəfdarıyam. Yəni iki ölkə də bir-birinin mövqeylərini bilməlidir",- deyə politoloq söyləyib.
T.Abbasov əlavə edib ki, münasibətin pozulması nə Azərbaycanın, nə də İranın xeyrinədir. O, fikirlərini belə əsaslandırıb:
"Ermənistanın mətbuatı yazır ki, Azərbaycanla İran arasında müharibə olacaq. Göründüyü kimi, ermənilər iki ölkə arasında baş verən hadisələrdən özlərinə pay çıxarmağa çalışır. İndiki gərginlik onlar üçün faydalıdır. Ermənistan istəyir ki, regionda vəziyyət gərgin olaraq qalsın və bizi digər dövlətlərlə toqquşdursunlar. Diplomatiyanın birbaşa vəzifəsi anlaşılmazlığın aradan qaldırılmasıdır. Doğrudur, bir çox hallarda İran tərəfi çox dərinliyə getdi. Azərbaycanın faktiki olaraq günahı yoxdur. İran çalışır ki, uğurlarımızı, həyata keçirdiyimiz müstəqil siyasətin gətirdiyi töhfələri heç etsin. Təbii ki, bu, düzgün yanaşma deyil. Ümumiyyətlə, təzadlar dərinləşdikcə, iki tərəf də itirəcək. Çünki biz həm qonuşuyuq, həm də bir-birimizə bağlıyıq. Azərbaycan və İran arasında əlaqələrin düzəlməsi iki tərəfə də fayda verər. Doğrudur, müəyyən səhvlər oldu. Məsələn, səfirliyimizə qarşı hücuma heç cür bəraət qazandırmaq olmaz. Ona görə də ilk olaraq tərəflərin bir-birini eşitməsi vacibdir. Xarici işlər nazirlərinin telefon danışığı dövlət başçılarının icazəsi ilə baş tutub. Hətta ola bilsin ki, hansısa zərurət yarandığı üçün telefon danışığı aparılıb. Hesab edirəm ki, danışıqlar davam etməlidir".