Modern.az

Türkiyə daha da güclənir - Qardaşlarımız dünyaya meydan oxuyur

Türkiyə daha da güclənir - Qardaşlarımız dünyaya meydan oxuyur

11 Aprel 2023, 15:58

Türkiyənin qlobal silah bazarında payı artmaqda davam edir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2018-2022-ci illəri əhatə edən hesabatına əsasən, son illərdə pilotsuz uçuş aparatları (PUA), zirehli texnika və raket sistemləri ilə müdafiə sənayesində ciddi irəliləyiş əldə edən Türkiyə dünyanın 12-ci ən böyük silah ixracatçısıdır.

 

Əvvəlki hesabatla müqayisədə silah satışlarını 2 dəfə artıran qardaş ölkə qlobal silah satışlarının 1.1%-ni əhatə edir. Türk silahlarının ən böyük alıcıları Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Omandır. Rəsmi statistikaya əsasən, Türkiyə ötən il 4 milyard dollarlıq silah satıb, bu il isə silah satışlarını daha da artırmağı planlaşdırır. 

 

Qardaş ölkənin müdafiə sənayesi şirkətləri dünyanın 30-a yaxın ölkəsinə ixrac edilən "Bayraktar TB2", "Anka", "Aksungur", "Akıncı" pilotsuz uçuş aparatlarını istehsal edir. Ölkənin xarici şirkətlərdən asılılığına son qoymaq üçün yerli müəssisələrdə milli döyüş təyyarələri, helikopterlər, hərbi gəmilər, zirehli texnika və silah-sursat hazırlanır.

 

Azərbaycan Ordusu da Türkiyənin istehsal etdiyi silah, texnika və sursatlardan istifadə edir. Belə ki, ordumuzun silah arsenalında olan "Bayraktar TB2", "Kargu" PUA-ları, "Kobra" zirehli maşınları, "Qasırğa", "Sakarya" raket sistemləri və digər müasir texnika və silahlar Türkiyədən tədarük edilib.

 

İkinci Qarabağ müharibəsində Türkiyə istehsalı silah və texnika Ermənistan ordusunun məhv edilməsində xüsusi rol oynayıb. Müharibədən sonra Türkiyənin PUA satışlarında ciddi artım qeydə alınıb. Məlumata görə, bir çox Afrika və Asiya ölkələri Türkiyədən "Bayraktar TB2" PUA-sını sifariş edib.

 

Ukraynadakı müharibə isə bu sistemlərin nə qədər önəmli olduğunu bir daha göstərdi. Belə ki, Türkiyə istehsalı PUA-lar əksər hallarda Rusiyanın zirehli texnikalarının qarşısının alınmasında istifadə edilib. Bundan başqa, Rusiyanın Qara Dəniz donanmasının flaqman gəmisi hesab edilən "Moskva" kreyserinin məhv edilməsi əməliyyatında da "Bayraktar" iştirak edib.

 

Son illərdə müdafiə sənayesi sahəsində sürətlə yüksələn Türkiyə ötən gün yeni bir ilkə imza atıb. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən "TCG Anadolu" amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilib.

 

2016-cı ildə inşasına başlanan "TCG Anadolu" PUA (pilotsuz uçuş aparatları) gəmisinin istifadəyə verilməsi ilə bağlı Tuzla bölgəsində keçirilən mərasimdə Ərdoğanla yanaşı, "Cumhur İttifaqı"nda təmsil olunan digər partiyaların liderləri də iştirak edib. 

 

 

Ərdoğan çıxışında "TCG Anadolu"nun dünyanın ilk PUA gəmisi olduğunu bildirib. Türkiyənin yerli şirkətləri tərəfindən istehsal edilən "Bayraktar TB3" PUA-ları, "KızılElma" insansız qırıcıları, "Hürjet" təlim təyyarələri hərbi gəmidən enib-qalxa biləcək. Uzunluğu 231 metr, eni 32 metr olan "TCG Anadolu" vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank və digər zirehli texnikalarda daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan "TCG Anadolu" 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan "TCG Anadolu" Türkiyə və müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. Bu kimi strateji döyüş gəmiləri əməliyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edirlər. Məsələn, ABŞ bu gəmilərdən istifadə edərək həm Yaxın Şərqdə, həm də Cənubi Çin dənizində güc nümayiş etdirir.

 

Dünən keçirilən mərasim zamanı Ərdoğan Türkiyənin müdafiə büdcəsinin 75 milyard dollara çatdırılacağını bəyan edib. Bu il rəsmi Ankara mütəffiq ölkələrə silah ixracını 6 milyard dollara artırmağı, yeni silah və texnika istehsal etməyi planlaşdırır. 2023-cü ildə yerli şirkətlər tərəfindən hazırlanan MMU döyüş təyyarəsi, "Hürjet" reaktiv təlim təyyarəsi, "Gökbey" helikopteri, "hava-hava" tipli raketlər, "KızılElma" insansız qırıcıları, "Tayfun" ballistik raketləri, "Altay" tankları, "Siper" hava hücumundan müdafiə sistemlərində ciddi inkişaf qeydə alınacaq.

 

Hazırda Türkiyənin silah və texnikaya olan ehtiyacının 70%-dən çoxu yerli şirkətlər tərəfindən qarşılanır. Qardaş ölkə müdafiə sənayesində yerlilik faizini də artırmağı hədəfləyir. Bu, ölkənin digər dövlətlərdən asılılığını azaltmaq üçün önəmli faktordur.

 

Qardaş ölkə dünyaya meydan oxuyur...

 

 

Deputat Nəsib Məhəməliyev Modern.az-a bildirib ki, "TCG Anadolu" gəmisinin istifadəyə verilməsi Türkiyənin gücünü 10 qat artıracaq.

 

"Dünya tarixində PUA-lar üçün istehsal olunmuş ilk gəmini məhz Türkiyə istehsal etdi. Bu, Türkiyənin Hərbi Dəniz donanmasında ən böyük gəmidir. Belə gəmilər ABŞ, ÇİN, Fransa və Rusiyada var. Türkiyə dənizlərlə əhatə olunmuş ölkədir və buna görə də "dəniz dövləti" hesab olunur. Nəzərə alsaq ki, Türkiyənin yerləşdiyi coğrafiya geosiyasi baxımdan tarixən diqqət mərkəzində qalıb, müxtəlif sivilizasiya və qüvvələrin toqquşma nöqtəsi olub, bu baxımdan Türkiyə Hərbi Dəniz Donanmasının müasir standartlara cavab verən silahlarla və gəmilərlə təchiz olunması dövlətin təhlükəsizliyinə müsbət təsir edir. Hesab edirəm ki, yeni gəminin istifadəyə verilməsi ilə Türkiyə donanması 10 qat güclənəcək. Əlbəttə, qardaş ölkənin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyi deməkdir. İlk PUA gəmisinin istifadəyə verilməsi əlamətdar hadisədir. Mən böyük fəxarət hissi ilə bu xəbəri qarşıladım", - parlamentari qeyd edib.

 

Deputat onu da vurğulayıb ki, Ərdoğanın hakimiyyətə gəldiyi zaman Türkiyədə 60 şirkət vardısa, hakimiyyətdə olduğu zamanda bu say 1000-ə çatıb: "Bu, həm Türkiyənin, Azərbaycanın və dostların sevincinə səbəb olan hadisədir. Türkiyə indiyə qədər istifadə etdiyi silahların, demək olar ki, 90 faizini idxal edirdi. Artıq son illərdə qardaş ölkədə silah sənayesi o qədər sürətləndi ki, silah idxal edəndən ixrac edən ölkəyə çevrildi. Ötən ilin göstəricilərinə baxsaq, Türkiyə 5 milyard dollardan artıq silah satışından gəlir əldə edib. Bu, həm Türkiyənin iqtisadiyyatının güclənməsi, həm də təhlükəsizlik və ordunun güclənməsi deməkdir. Türkiyə artıq yeni döyüş gəmiləri, sualtı və suüstü pilotsuz gəmilər, qayıqlar istehsal edən 10 dövlətdən biridir. Bu proses daha da sürətlə inkişaf edir.

 

Həmçinin, qeyd etmək lazımdır ki, "KızılElma" pilotsuz qırıcısı da dünyada ilkdir. Bununla yanaşı, Türkiyə beşinci nəsil reaktiv qırıcılar istehsal edən ölkələr siyahısına qatılır. Yaxın illərdə Türkiyə bu təyyarələri istehsal edən dördüncü ölkə olacaq. Bütün bunlar kompleks şəkildə Avrasiya regionunda və beynəlxalq təhlükəsizlik sistemində Türkiyənin yerini göstərir. Türkiyənin güclənməsi Azərbaycanın və türk dünyasının gücünə güc qatması deməkdir. Türkiyə həm qardaş ölkə, həm də strateji müttəfiqimizdir".

 

 

Hərbi analitik Aplarslan İmamqulu isə qeyd edib ki, Türkiyə müdafiə sənayesinin inkişafı ölkə iqtisadiyyatına  müsbət təsir göstərir. 


"Türkiyə ilk amfibiya gəmilərinin istehsalı və sınaqdan keçirilməsinə başlayıb. Bu gəmilər ümumi olaraq PUA və helikopterlərin daşınması üçün nəzərdə tutulub. Ətrafı dənizlərlə çevrili olan bir dövlətin bu gün belə gəmilərə ehtiyacı var. Xüsusilə, Egey, Aralıq və Qara dənizdə aparılan əməliyyatlarda bu cür platformaların olması, gələcəkdə daha dinamik əməliyyatlarda iştirak etməsinə şərait yaradacaq. Ümumiyyətlə, Türkiyənin müdafiə sənayesi bir çox istiqamətdə inkişaf edib. Bunlar arasında ASELSAN, ROKETSAN, BAYKAR kimi şirkətlər ölkənin müdafiə sənayesini inkişaf etməsinə, iqtisadi durumun daha da yaxşılaşdırılmasına xidmət edir. Sevincidirici haldır ki, Azərbaycan da Türkiyənin müdafiə sənayesi şirkətləri ilə əməkdaşlıq edir. Bu da tez bir zamanda bizim müdafiə sənayemizin inkişaf etməsinə gətirib çıxaracaq", - deyə hərbi analitik vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər