Ötən gün İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana səfər edib. İsrailli nazir səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, XİN başçısı Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Görüş zamanı bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb, daha sonra önəmli sənədlər imzalanıb.
Məlumata görə, Eli Koheni Bakı səfərində kibertəhlükəsizlik, təhlükəsizlik, su idarəetməsi və kənd təsərrüfatı sahələri üzrə 20 İsrail şirkətinin nümayəndələri müşayiət edib.
“Əməkdaşlığı genişləndirir, hər iki ölkənin iqtisadiyyatı və təhlükəsizliyinə töhfə veririk. Bu, İsrail və Azərbaycan əlaqələrində yeni dövrdür”, - deyə nazir Bakı səfəri ilə bağlı sosial şəbəkə hesabında yazıb. Eli Kohen, həmçinin bildirib ki, Azərbaycanın strateji mövqeyi İsraillə əlaqələrin əhəmiyyətini böyüdür.
Maraqlıdır, İsrail XİN başçısının Bakıya ilk səfərində Tehrana hansı mesaj verildi? Azərbaycanın Təl-Əvivdə səfirlik açmasını hiddətlə qarışılayan İranın cavabı necə olacaq?
Bir müddət deyinib, sonra dayanacaqlar...
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın İrandakı keçmiş səfiri, tarixçi Nəsib Nəsibli bildirib ki, İran və Azərbaycan arasında gərginlik üçüncü dövlətlə bağlı deyil:
“İranı ən çox narahat edən məsələ İsraildə səfirliyin açılması idi. Səfirliyin rəsmi şəkildə fəaliyyətə başlamasından sonra İran tərəfi daha da hiddətləndi. Onlar bir müddət deyinəcəklər, sonda dayanacaqlarını düşünürəm. İran və Azərbaycan arasında ziddiyyətlər köklüdür. İki ölkə arasında hiss olunan gərginlik və ziddiyyət İsraildən gələn nümayəndə heyəti və İrandakı hakimiyyətlə bağlı deyil. Bu ziddiyyətlər indi yaranmayıb, Azərbaycan müstəqillik əldə edən gündən bəri davam edir. İran hər zaman Azərbaycanın müstəqilliyini özünə qarşı təhdid olaraq görüb. Anormal yanaşma olsa da, bu, gerçəkdir. Əlbəttə, İsrail və Azərbaycanın yaxınlaşması üçüncü ölkə ilə bağlı deyil. Bu, iki ölkə arasında maraqlardan qaynaqlanır”.
Üç ölkə birlikdə ilkə imza ata bilər...
İsraildən olan tanınmış siyasi ekspert David Gendelman XİN başçısının Azərbaycana səfərinin iki ölkə üçün önəmli olduğunu qeyd edib:
“Bu yaxınlarda Azərbaycan ilk müsəlman şiə dövləti olaraq İsraildə səfirlik açdı. Səfirliyin açılması tarixi hadisə hesab edilməlidir. Bundan sonra İsrail XİN rəhbəri Azərbaycana səfər edib. Bu səfər iki ölkə arasında əlaqələrə müsbət istiqamətdə daha da təsir edəcək".
David Gendelmanin fikrincə, İsrail Azərbaycanla hər bir sahədə əməkdaşlıq etməkdə maraqlıdır. Bura iqtisadi, siyasi, həmçinin təhlükəsizlik məsələləri də daxildir:
"Gələcəkdə əməkdaşlıq daha da artacaq. İsrail və Azərbaycan birlikdə müdafiə sahəsində əməkdaşlıq edərək, Azərbaycanı silah istehsal edən ölkəyə çevirə bilərlər. Burada üçüncü ölkənin, yəni Türkiyənin də dəstəyi vacibdir. Üç ölkə birlikdə müdafiə sahəsində ilklərə imza ata bilər. Eyni zamanda, XİN rəhbərinin Azərbaycana səfəri İranı narahat etməli deyil. İki ölkə arasında əlaqələr İrana görə tənzimlənmir, Tehran bunu qəbul etməlidir”.