Modern.az

İsraillə strateji müttəfiqlik Azərbaycan üçün nə vəd edir...

İsraillə strateji müttəfiqlik Azərbaycan üçün nə vəd edir...

Analitika

22 Aprel 2023, 13:48

Son illər Azərbaycan-İsrail münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkəmizin Təl-Əvivdə səfirlik açması, ardınca İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya ilk səfəri fonunda təmaslarda müsbət dinamika yaranıb. İki ölkənin uzun illərin dostluğuna söykənən siyasi əlaqələri iqtisadi, hərbi, səhiyyə və digər sahələrdə də canlanmaya səbəb olub. 

 

Bəs təmasların daha da möhkəmlənməsi Azərbaycan üçün nələr vəd edir? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycanın İsraildə səfirliyi açılandan sonra iki ölkə arasında olan münasibətlər yeni dövrə qədəm qoyub.

 

"İsrail ilə Azərbaycanın ənənəvi münasibətləri var. İsraildə səfirliyimiz açıldıqdan sonra əlaqələrimiz daha üst səviyyəyə yüksəldi. İsrail iqtisadi və siyasi cəhətdən kifayət qədər inkişaf etmiş, beynəlxalq arenada böyük nüfuza malik olan dövlətdir. İsrail həm də yüksək səviyyədə kommunikasiya və müasir nanotexnologiyalara, inkişaf etmiş kənd təsərrüfatı, sənaye və müdafiə sisteminə malikdir. Münasibətlərin yüksəlməsi Azərbaycana iqtisadi, siyasi və təhlükəsizlik baxımından müsbət dividentlər gətirir", - parlamentari qeyd edib.

 

 

N.Məhəməliyev vurğulayıb ki, İsrail XİN başçısının Azərbaycana səfərinə İranın necə reaksiya verməsi bizi maraqlandırmır:

 

"İsraillə Azərbaycanın daha da yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir. Bu baxımdan hesab edirəm ki, İsrail XİN başçısının böyük heyətlə Azərbaycana səfəri, həm Prezident İlham Əliyevlə, həm də Azərbaycan xarici işlər naziri ilə görüşlər keçirməsi əlamətdar haldır. Bunun müsbət nəticələrini yaxın zamanda görəcəyik. Biz İsrailin sənaye və kənd təsərrüfatı sahəsində mövcud olan təcrübəsindən bəhrələnirik. Eyni zamanda İsrail təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycana həm müharibədən əvvəl, həm də müharibədən sonra öz dəstəyini göstərib. Bu baxımdan əməkdaşlığımızın davam etdirilməsi hər iki xalqın maraqlarına cavab verir. İranın isə bu məsələyə yanaşması bizi maraqlandırmamalıdır. Çünki Azərbaycan müstəqil dövlətdir və öz azad siyasətini qurur".

 

Molla rejiminin dərdi nədir...

 

"Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq siyasətdə özünü təsdiq etmiş liderdir. Azərbaycanın milli maraqları nə tələb edirsə, ölkə başçısı onu həyata keçirir. Bizim üçün vacib deyil ki, kimsə bizim İsrail, ya da başqa bir ölkə ilə münasibətlərimizə necə baxacaq. Xüsusilə, İran açıq şəkildə düşmən mövqeyini ortaya qoyub. İranın bizə hansısa bir dövlətlə əməkdaşlıq etməyimiz haqda göstəriş verməsinə mənəvi haqqı yoxdur. Çünki İran bizim düşmənimizə hərtərəfli dəstək verir. Torpaqlarımızın işğalı dövründə Ermənistanın yanında olub, iqtisadi, siyasi dəstək göstərib. İndi isə Ermənistan ordusunun təşkilatlanmasında iştirak edir. Eyni zamanda regionda sülhün olmasına ən böyük maneəni məhz İran göstərir. Molla rejimi kommunikasiyaların açılmasına qarşı çıxır. Bu baxımdan İranın məsləhətlərinə ehtiyacımız yoxdur. İran getsin öz işləri ilə məşğul olsun", - deyə deputat əlavə edib.

 

 

Politoloq Elşən Məcidov isə qeyd edib ki, Azərbaycan İsraillə həm strateji tərəfdaş, həm də strateji müttəfiqdir:

 

"İsrailin "Harop" dronları "Bayraktar"la birlikdə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın hava məkanı üzərində dominantlığı əldə etməsinə yardım edib. Həmçinin bildiyimiz kimi, Azərbaycanın kosmosda olan peykləri kəşfiyyat məqsədilə də istifadə olunur. Oradan əldə olunan məlumatların məxfi qalması üçün tədbirlər görülməlidir. İsrailin XİN başçısı Azərbaycanda kiber təhlükəsizliklə bağlı saziş imzaladı. Bu razılaşma iki ölkə arasında olan münasibətlərin möhkəmləndirilməsini təmin edir. Əlbəttə, bu, İran tərəfindən birmənalı qarşılanmayacaq. Çünki kibertəhlükəsizlik və digər sahələrdə Azərbaycanın inkişaf etməsi qoşunların koordinasiyalı hərəkət etməsinə imkan yaradır. İran Azərbaycanı daim hədələməklə məşğuldur, ordumuzun parçalanmasını istəyir. Buna baxmayaraq, Azərbaycanın İsraillə əlaqələri daha da güclənir".

 

Düşmənimizə yardım edənlər bizim də düşmənimizdir

 

"İsrail Azərbaycan üçün strateji müttəfiqdir. Nazir Ceyhun Bayramov İsrailə səfər etdikdə, Azərbaycan Xarici İşlər Nazirliyi iki ölkə arasında olan münasibətləri strateji tərəfdaşlıq olaraq deyil, strateji müttəfiqlik səviyyəsində xarakterizə etmişdi. Ümumən götürəndə Azərbaycan dövlətinin siyasi baxışı ondan ibarətdir ki, milli təhlükəsizlik problemlərimizi kim bizimlə bölüşürsə, o, bizim müttəfiqimizdir. Ancaq kim rəqiblərimizə kömək edirsə, düşmənimizdir. İkinci Qarabağ müharibəsinə diqqət yetirsək, İsrailin Azərbaycanın haqlı mövqeyinə dəstək verdiyini görərik. İsrail həm silah, həm də kəşfiyyat məlumatı baxımından bizə yardım edirdi. İran isə özünün və digər dövlətlərin göndərdiyi silahları birbaşa İrəvana çatdırırdı", - politoloq vurğulayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər