Modern.az

Vaşinqton görüşünün nəticəsi: Paşinyan qorxur, vaxt istəyir 

Vaşinqton görüşünün nəticəsi: Paşinyan qorxur, vaxt istəyir 

Analitika

5 May 2023, 12:00

Əslində Vaşinqtonda baş tutan danışıqlardan belə bir nəticə çıxır ki, Ermənistan hələ də ərazi bütövlüyümüzün tanınmasından boyun qaçırır.

 

Bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün nəticələrini Modern.az-a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

 

Onun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bötüvlüyünün tanınması üçün əlavə vaxt istəyə bilər:

 

"Bəlkə də, Nikol Paşinyan və komandası bunun üçün vaxt istəyir. Mənim fikrimcə, proseslərin uğursuz olduğunu göstərmək istəməyən tərəflər belə bir açıqlama veriblər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, sülh yalnız Azərbaycan və Ermənistana lazımdır. Yəni Rusiyanın Vaşinqtonda olan görüşə necə reaksiya verməsi ayrı bir məsələdir. Ermənistan Moskvadan qorxursa, təbii ki, bu, onların seçimidir",- deyə sabiq nazir bildirib.

 

 

T.Zülfüqarov vurğulayıb ki, Ermənistan rəhbərliyi öz taleyini həll etmək üçün ciddi addımlar atmalıdır:

 

"Əslində Paşinyan danışıqlar gedən zaman bununla bağlı açıqlama vermişdi. O, həm də göstərir ki, ölkədə etirazlar davam edir. Yəni erməni xalqı etiraz edir və onların mövqeyi budur. Əlbəttə, bu da Ermənistanın köhnə oyunudur. Ermənistan başa düşmür ki, erməni xalqının mövqeyindən aslı olmayaraq Azərbaycan öz prinsipal mövqeyindən, yəni ərazi bütövlüyünün tanınması kimi məsələlərdə geri addım atmayacaq.

 

Sözün açığı, bundan sonra planlaşdırılan Moskva görüşünün Vaşinqton görüşü ilə eyni olacağını düşünürəm. Əldə olunmuş razılıqların bir növ davamı olacaq. Münaqişənin qalmasında bir çox güclər maraqlıdır. Onlar da müəyyən gedişlər etməklə istəklərinə nail olmaq istəyirlər".

 

Qeyd edək ki, ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və onları müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar nəticəsində Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

 

Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır