Modern.az

Yeni dünya nizamı və Qafqaza proyeksiyası - Nələr olacaq?

Yeni dünya nizamı və Qafqaza proyeksiyası - Nələr olacaq?

Analitika

18 May 2023, 09:32

Son vaxtlar dünyada münaqişə ocaqlarının çoxalması yeni nizamın formalaşması fikrini gündəmə gətirib. Bəzi ekspertlərin fikrincə, yeni dünya nizamının yaradılması Rusiya-Ukrayna müharibəsi ilə birbaşa bağlıdır. Bir çox şərhçilər isə düşünür ki, Ukrayna torpaqlarına hücum edən Rusiya fiaskoya uğrayaraq, geri çəkiləcək və daxildə parçalanmalar yaranacaq. 

 

Yeni dünya nizamının formalaşması Cənubi Qafqaz regionuna da öz təsirini göstərəcək. Proqnozlara görə, Ermənistan Azərbaycan və Türkiyə ilə razılığa gəlmədiyi halda, daxildə daha ağır vəziyyətlə üzləşəcək. Bu da Ermənistan hakimiyyəti üçün yaxşı heç nə vəd etmir. 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, yeni dünya nizamının formalaşması daha çox ABŞ və Avropa İttifaqından asılı olacaq. 


"Əgər söhbət yer kürəsinin çoxqütblü inkişafından gedirsə, burada əsas aparıcı qüvvələr sadaladıqlarımız olacaq. Çünki onlar dünyaya, insanlara daha mütərəqqi və cəlbedici dəyərlər sistemi təqdim edəcək. Digər qütbləri isə Çin, Braziliya və Rusiya formalaşdırmağa çalışacaq. Ancaq bu qütb diktəedici mövqeyə sahib olmayacaq. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı iddialı çıxış etməsinə baxmayaraq, oraya daxil olan ölkələr arasında ciddi ziddiyyətlər mövcuddur. Buna misal olaraq Hindistanla Çin arasındakı anlaşılmazlıqları göstərə bilərik. İndi olmasa da gələcəkdə Rusiya ilə Çin arasında rəqabətin olacağı istisna deyil. Bu dövlətlər dünyaya mütərəqqi təklif verə bilməyəcək. Ola bilər ki, iqtisadi sahədə müəyyən əməkdaşlıq telləri yaransın və ölkələr bir-biri ilə əməkdaşlıq qura bilsinlər. Dünənə qədər Çin Rusiya ilə birlikdə ABŞ dollarına alternativ maliyyə vasitəsi təqdim etməyə çalışırdısa, bu gün onu müəyyənləşdirməkdə öz iradəsini diktə etmək istəyir. Dolların isə təsiredici dairəsi günü-gündən genişlənir", - deyə politoloq vurğulayıb.

 

 

Q .Hüseynli vurğulayıb ki, Rusiyanın gələcəyi həddindən artıq dumanlıdır və bu ölkə ilə bağlı müsbət proqnoz vermək çətindir:

 

"Suriya hələ öz daxilində olan böhranı həll edə bilməyib. Onun Ərəb liqasına qayıtması ölkədaxili proseslərə ciddi təsir göstərməyəcək. Üstəlik, ölkə avtoritar metodla, yəni sülalə hakimiyyəti ilə idarə olunur. Yaxın Şərq, Ərəb ölkələrinin ən böyük problemi demokratik dəyərlərdən uzaq olmaq və insan haqları məsələsinə diqqət etməməkdir. Ukrayna isə Rusiyanı məğlub etdikdən sonra danışıqlara başlayacaq. Bu sülh danışıqlarında Ukrayna özünə dəymiş ziyanın qarşılığında Rusiyadan təzminat tələb edəcək. Rusiyanın isə gələcəyi xeyli dumanlı görünür. Orada da avtoritar rejim hökm sürür. Həmçinin Rusiya dünya təhlükəsizliyi üçün hər zaman təhdid hesab olunub. Buna görə də sözügedən ölkəyə böyük diqqət olacaq.

 

Qərb ölkələri Ukraynanın qələbəsindən sonra iqtisadiyyata, kommunikasiya vasitələrinə və insanlara dəymiş zərərə görə Rusiyadan çox böyük məbləğdə təzminat tələb edəcək. Ümumiyyətlə, soyuq müharibə dövründə iki qütb var idi. Bunlar ABŞ və Sovet İttifaqı idi. Ancaq SSRİ dağıldıqdan sonra Rusiya regional dövlət oldu. Yəni Rusiya SSRİ-dən sonra bir qütb kimi çıxış edə bilmir. Bundan sonra Rusiyanın regional güc olmasına belə imkan verilməyəcək. Rusiya əyalət ölkəsi kimi qalacaq və ondan qopmalar ola bilər. Orada müxtəlif xalqlar var və hər biri müstəqilliyə can atır. Düşünürəm ki, Rusiyanın taleyi ən azı 20-30 il qeyri-müəyyən olacaq".

 

 

"Cənubi Qafqazda sərhədlər 1920-ci il və bundan əvvəlki xəritələr əsasında müəyyən edilsə, o zaman Azərbaycanın 114 min kvadrat kilometrlik sahəsi geri qayıtmalıdır. Bu ərazilərin geri qaytarılması nəticəsində Ermənistanın sərhədləri təxminən 10,5 min kvadrat kilometr ola bilər. Amma buna dünyanın razılaşacağını, olanlara böyük güclərin müşahidəçi qalacağını söyləmək çətindir. İndi mübarizə əsasən, Azərbaycanın 1991-ci ilə qədər olan sərhədlərinin bərpası və ərazi bütövlüyünün tanınmasıdır. Bizim heç bir ölkəyə ərazi iddiamız yoxdur. Azərbaycan indiki Ermənistan ərazisi olan tarixi torpaqlarımızdan zorla çıxarılan vətəndaşlarımızın geri qayıtması üçün danışıqlar yolu ilə mübarizə aparacaq. Hələlik Cənubi Qafqazda formalaşan nizam proseslərin 1991-ci ildə imzalanan Alma-Ata sənədinə, orada öz əksini tapmış SSRİ dövrünün inzibati sərhədlərinə uyğun olaraq inkişafından ibarət olacaq", - deyə sabiq dövlət müşaviri əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır