Modern.az

Məncə, Qarabağdan getmək istəyən ermənilərə pul verməliyik - Məmmədyarov

Məncə, Qarabağdan getmək istəyən ermənilərə pul verməliyik - Məmmədyarov

Analitika

10 May 2023, 16:22

May ayında Azərbaycan və Ermənistan rəsmiləri bir neçə dəfə görüşəcəklər. Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə bir araya gələcəklər. 

 

İyunun 1-də isə Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin sammitində Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə növbəti görüşün keçirilməsi planlaşdırılır. Həmçinin mayın 19-da Azərbaycan və Ermənistan XİN başçıları Moskvada danışıqlar aparacaqlar. 

 

Mayda nəzərdə tutulan intensiv görüşlərdə sülhə nail olunacaqmı? Gözləntilər nədən ibarətdir?


Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, görüşlərin intensivləşməsi sülh sazişinin imzalanması yolunda müsbət tendensiyadır. 


"Son zamanlar Azərbaycan və Ermənistanın dövlət rəsmilərinin görüşləri intensivləşib. Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ və Avropanın vasitəçiliyi ilə mayın 14-ü Brüsseldə görüşəcəklər. Həmçinin Kişinyovda və Moskvada da görüşlərin keçirilməsi gözlənilir. Bizim üçün əsas məsələ danışıqların harada keçirilməsindən aslı olmayaraq nəticə verməsidir. Ümumiyyətlə, görüşlərin çoxalması müsbət tendensiyadır. Çünki hər görüş sülhə doğru atılmış bir addım kimi hesab olunur. Ermənistan ona tutulan iradları qəbul edib, bunu düzəltmək üçün adekvat addımlar atsa, irəliləyiş olacaq", - deyə sabiq nazir bildirib.

 


E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın şərtləri bəllidir və Ermənistan tərəfi konkret mövqe ortaya qoymalıdır:

 

"Mən bu məsələ ilə bağlı öz mövqeyimi dəfələrlə səsləndirmişəm. Azərbaycan 44 günlük müharibədən sonra bütün Qarabağ ərazisi üzərində suverenliyini bərpa edib. O demək deyil ki, biz sülh sazişi üçün özümüzü öldürməliyik. Çünki bu müqavilə olarsa, hər iki tərəf üçün çox yaxşıdır. Ancaq olmasa, onsuz da Azərbaycan günü-gündən inkişaf edir. Yəni mən deyə bilmərəm ki, hökman sülh müqaviləsi imzalanmalıdır. Ümumiyyətlə, bütün görüşlərdə sülh sazişinin ilkin addımı kimi hesab edilə biləcək bir sənədin imzalanacağını indidən deyə bilmərik. İntensiv görüşlər adamda belə bir təəssürat yaradır ki, Azərbaycan danışıqlarda təzyiq göstərərsə, istədiklərinə nail olacaq".

 

"Ölkəmizin şərtləri bəllidir. Ərazi bütövlüyümüzün tanınması və Qarabağ məsələsinin bizim daxili işimiz olması kimi mövzular danışıqlar masasında Azərbaycanın ilkin şərtləridir. Ermənilər qalmaq istəyirsə, Azərbaycanın konstitusiyasına uyğun olaraq vətəndaşlığı qəbul etməlidirlər. Sözün açığı, məndən olsaydı, Qarabağdan getmək istəyən ermənilərə maddi yardım göstərərdim. Bu, ona görə lazımdır ki, belə olduğu halda heç kəs bizi etnik təmizləmə ilə ittiham edə bilməyəcək. Ermənilərin üzsüzlüyünü hər kəs bilir. Qarabağdan getmək istəyən ermənilərə maddi yardım göstərərək onları torpaqlarımızdan yola sala bilərik", - deyə sabiq XİN başçısı vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?