Modern.az

Sinan Oğana verilən səslər “Cümhur İttifaqı”ndan oğurlanıb - Politoloqdan ŞOK İDDİA

Sinan Oğana verilən səslər “Cümhur İttifaqı”ndan oğurlanıb - Politoloqdan ŞOK İDDİA

Analitika

17 May 2023, 09:14

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində "Cümhur İttifaqı"nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı"nın vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlu və "ATA İttifaqı"nın təmsilçisi Sinan Oğan mübarizə aparıb.

 

Səsvermənin ilkin nəticələrinə əsasən Ərdoğan 49,42 faiz, Kılıçdaroğlu 45 faiz, Sinan Oğan isə 5,22 faiz səs toplayıb. Seçkinin ilk turunda namizədlərdən heç biri 50+1 faiz səs toplamadağından mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb. İkinci mərhələdə iki əsas namizəd - Ərdoğan və Kılıçdaroğlu mübarizə aparacaq. Türkiyə seçkilərinin sürpriz namizədi Sinan Oğan dövlət başçısı postu uğrunda mübarizədən kənar qalsa da, onun səslərinin ikinci turda həlledici olduğu bildirilir. Lakin Azərbaycan əsilli namizəd hələlik nə Ərdoğana, nə də Kılıçdaroğluna dəstəyini ifadə edib. O, tərəflərlə danışıqlar apardıqdan sonra iqtidarı, yoxsa müxalifəti seçəcəyini deyib.

 

Maraqlıdır, cəmi 5,22 faiz səs toplayan Oğanın dəstəyi niyə bu qədər əhəmiyyətlidir? 

 

 

Mövzunu Modern.az-a şərh edən politoloq Natiq Miri hesab edir ki, Sinan Oğan amili şişirdilir:

 

“Bəlkə də, azərbaycanlı olduğuna görə, həm Türkiyə ictimaiyyəti və mediasında, həm də Azərbaycanda Sinan Oğanın fəaliyyəti şişirdilir. Sinan Oğanın Türkiyədə aldığı səslər onun fəaliyyəti və populyarlığı ilə bağlı deyil. Sinan Oğan milliyyətçi kəsimə aid olan şəxsdir. Hesab edirəm ki, Sinan Oğana verilən səslər "Cümhur İttifaqı"ndan oğurlanmış səslərdir. Niyə bu səslər "Cümhur İttifaqı"na, xüsusilə də Milliyyətçi Hərəkat Partiyasına getmədi? Çünki AKP və MHP-dən incimiş milliyyətçi kəsim var. Milliyyətçilər zamanında parçalanıb. MHP-nin tərkibindən İYİ partiya deyilən FETÖ-cü siyasi partiya meydana çıxıb. Minlərlə aldadılmış insanlar mövcuddur. Siyasi fəal olan incik şəxslər seçkidə iştirak məcburiyyətindən və “Cümhur İttifaqı”na səs verməyəcəyindən PKK ilə ittifaqda olan "Millət İttifaqı"na səs vermədi. Bu məlum idi. Buna görə də 2 milyona yaxın səsi Sinan Oğan ala bildi”.

 

Politoloq Sinan Oğanın qərarının indiki məqamda həlledici olacağını düşünmədiyini deyir:

 

“İndiki dövrdə “Cümhur İttifaqı” çox önəmli olan parlament seçkisində böyük üstünlük əldə edib. 322 deputat yeri qazana bilib ki, bu da ümumi deputat sayının yarısından çoxunu təşkil edir. Bu, istənilən qərarların, siyasi layihələrin keçməsi baxımından çox vacib amildir. Bu baxımdan milliyyətçi kəsim Kamal Kılıçdaroğluna yönəlik seçim etsə, bu, Türkiyənin gələcəyi üçün siyasi xaos yaradacaq. Çünki prezident seçilmək hər şeyi həll etmir. “Cümhur İttifaqı” parlamentdə bütün qərarların sabotaj edilməsi, dayandırılması iqtidarında olacaq. Sinan Oğanın nə qərar verib-verməməsindən asılı olmayaraq, bu eloktarat öz seçimini edəndə "Cümhur İttifaqı"nı dəstəkləyəcək. Xalq artıq "Cümhur İttifaqı"nın nə qədər haqlı və güclü olduğunu gördü, buna inandı. Əlbəttə, Sinan Oğanın elektoratı olmadan da prosesi irəliyə götürmək mümkündür. Çünki milliyyətçilərin PKK-ya, Kılıçdaroğluna verəcək səsi yoxdur”.

 

 

N.Mirinin fikrincə, Sinan Oğanın “Millət İttifaqı”na yönəlməsi də vəziyyəti dəyişməyəcək:

 

“ATA İttifaqının namizədi Sinan Oğanın “Millət İttifaqı”na yönəlməsi ehtimalı sıfıra bərabərdir. Çünki bunu əsaslandıra bilməyəcək. Ortada PKK faktoru var. Sinan Oğan Kılıçdaroğluna yönəlik qərar qəbul etsə, gələcək siyasi fəaliyyətinin prespektivinin üzərindən xətt çəkmiş olar. Hər halda Türkiyə xalqı bu imtahandan necə üzüağ çıxdısa, ikinci turda da öz səsini "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğana verəcək. Proseslərin təhlili bunu göstərir. Düşünürəm ki, Sinan Oğan da bunu çox gözəl anlayır. Ona görə də doğru istiqamətdə qərar verməyə çalışacaq. Bəzi sövdələşmə predmetləri üçün arxa planda görüş və razılaşdırmalar ola bilər. Bu da siyasətdə təbiidir. Mən bunu istisna etmirəm. Sinan Oğanın bunu açıq şəkildə etməsi isə əxlaq baxımından doğru olmazdı. Belə proses gizli edilməlidir. Bu gələcək seçkilərdə də Sinan Oğan amilinin qalmasına xidmət edəcək. Əks təqdirdə siyasi karyerasını birdəfəlik basdırmış olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır