Modern.az

Moskva nə sülh istəyir, nə də müharibə... - ŞƏRH

Moskva nə sülh istəyir, nə də müharibə... - ŞƏRH

23 May 2023, 10:06

Ötən həftə Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Görüşdən sonra mətbuata açıqlama verən XİN başçıları bir sıra məsələlərdə, xüsusilə kommunikasiya vasitələrinin açılması mövzusunda irəliləyiş əldə etdiklərini bildiriblər.


Mayın 19-da keçirilən görüş barədə rəsmi Bakının yaydığı məlumatda qeyd olunub ki, Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Bundan əlavə, nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. 

 

Sözügedən sazişin adı ilk dəfə Vaşinqton görüşündə açıqlanıb. 1-4 may tarixlərində keçirilən görüş dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə baş tutub. Görüşdən sonra bir sıra mövzularda razılıq əldə edilsə də, tərəflər fikir ayrılıqlarının qaldığını etiraf ediblər. Ardınca Brüsseldə Şarl Mişelin iştirakı ilə Prezident İlham Əliyev və Paşinyan arasında görüş keçirilib.

 

Mayın 25-də isə Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü gözlənilir. Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə son proseslərin müzakirə ediləcəyi bildirilir. Nikol Paşinyan mayın 22-də keçirilən mətbuat konfransında Moskva görüşündə iştirak edəcəyini təsdiqləyib. Lakin o, görüş zamanı sülh müqaviləsinin imzalanmayacağını diqqətə çatdırıb.

 

Ancaq mətbuat konfransında Paşinyan Moskva görüşü öncəsi bir çox müsbət mesajlar verib. Belə ki, baş nazir əvvəllər Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, bu dəfə 86.6 min kvadrat kilometrə Qarabağın və anklavların da daxil olduğunu etiraf edib.

 

Liderlərin Moskva görüşündən gözləntilər nələrdir? Putinin iştirakı ilə keçiriləcək görüşdə tərəflər irəliləyiş əldə edə biləcəkmi?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Yeganə Hacıyeva hesab edir ki, bu mərhələ üçün Moskvada olacaq görüşlərlə bağlı pozitiv mesajlar verməyin mənası yoxdur.


"Moskvanın məqsədi danışıqlarda pozitiv addım atmaq üçün şəraitin yaradılması deyil. Rusiyanın məqsədi danışıqlar yolu ilə prosesi uzatmaqdır. Yəni Moskva "nə sülh, nə də müharibə" mərhələsini müəyyən bir status-kvo halına salmağa çalışır. Ukraynadakı savaş regionlararası proseslərdə Rusiyanın yerini göstərdi. Rusiya tək Cənubi Qafqazda deyil, digər regionlarda da üçüncü qüvvələrə güzəştə getdi. Bunu Moskvanın jesti kimi deyil, məcburiyyəti kimi qəbul etmək lazımdır. Çünki hazırkı mərhələdə onların başqa çıxış yolu yoxdur. Rusiya danışıqlarda heç kimi küskün salmadan proseslərə davam etmək istəyir. Cənubi Qafqazda sabitlik istəyir, ancaq sülh prosesində inkişafın olmağını istəmir. Buna görə Moskvada hər hansı pozitiv razılaşma ancaq epizodik hallar üzrə ola bilər. Azərbaycan sülh sazişində demarkasiya və delimitasiya işlərinin aparılmasını, ərazi bütövlüyünün tanınmasını istəyir. Onsuz da Ermənistan Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onu da qeyd etmək lazımdır ki, Paşinyanın tanıdığı Azərbaycan ərazisinə Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və digər ərazilər də daxildir. Demarkasiya və delimitasiya məsələsi reallaşmadan sülh müqaviləsindən danışmaq isə Ermənistan üçün tezdir", - deyə o bildirib.

 

Siyasi şərhçi vurğulayıb ki, ərazi bütövlüyünün tanınması sərhədlərə hörmət etmək deməkdir, ancaq biz Ermənistandan belə bir addım görməmişik:

 

"Azərbaycanın baxışı budur ki, sülhə gedən yolda problemlər həll olunmalıdır. Bunlar demarkasiya və delimitasiya məsələsi, Qarabağda olan radikal terrorçu qrupların çıxarılması və Ermənistanın bu ərazi ilə bağlı istənilən addımlarının dayandırılmasıdır. Əslində Ermənistanın pozisiyası Rusiya ilə eynidir. Paşinyan və komandası bilir ki, Brüsselin dəstəyi ilə müəyyən addımlar atmalıdır. Bu addımlar da üçtərəfli razılaşmaya uyğun olmalıdır. Məsələn, Qarabağdakı terrorçu dəstələri çıxara bilər, ancaq Ermənistan buna hazır deyil. Qarşı tərəf hər zaman çıxışlarına uyğun olmayan addımlar atır. Ərazi bütövlüyümüzü tanıdığını söyləyir, daha sonra isə 1991-ci ilin xəritələrini çıxararaq məsələni yubatmaq istəyir. Azərbaycan bu xəritə ilə bağlı pozitiv bir mesaj verdikdə isə 1975, ya da daha sonrakı illərin xəritələrini çıxarır. Ermənistan Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyirsə, önə sürdüymüz şərtləri qəbul etməlidir. Paşinyan irəli sürdüyümüz şərtləri bilir. Ermənistana qalan həmin təkliflərə uyğun hərəkət etməsidir".


Yeganə Hacıyevanın fikrincə, Moskvanın nəzərə almalı olduğu iki məqam var:

 

"Birincisi, üçtərəfli razılaşmada Ermənistanın qarantı olan Rusiya özünün tərtib etdiyi sənədin icra olunmasını təmin etməlidir. Çünki artıq bəyanatın imzalanmasından 2 il 7 ay keçib və münasibətlərdə cəmi iki siyasi razılaşma əldə olunub. Bunlar da tərəflərin qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və Ermənistanın Qarabağın Azərbaycan ərazisi olmasını qəbul etməsidir. Hərçənd, qeyd olunan məqamlar Avropanın moderatorluğu ilə əldə olunub. Qərb tərəfindən üçüncü bir razılaşmanın əldə olunması isə Rusiyanı prosesdən kənarlaşdıracaq. Moskva görüşü öncəsi rus telekanallarında Qarabağda olan üçüncü nəsil provaslav təbliğatı başlayıb. Lakin Qarabağın işğal altında olduğu 30 ildə ermənilər tərəfindən dağıdılan provaslav kilsələrlə bağlı Rusiyaya sual verən yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi