Modern.az

Sülh müqaviləsi yolunda sonuncu maneə - ŞƏRH

Sülh müqaviləsi yolunda sonuncu maneə - ŞƏRH

Analitika

22 May 2023, 16:40

Vətən müharibəsində qələbə və sonrakı dövrlərdə müxtəlif irili-xırdalı əməliyyatlarla torpaqda və ya sahədə Azərbaycan bölgəni hərbi vasitələrlə təmizləməklə və müxtəlif yüksəkliklərə çıxaraq tam nəzarəti təmin etməklə yanaşı, diplomatik sahədə də danışıqlarda istifadə edilən və xeyrimizə olmayan ifadələrdən təmizləməni həyata keçirməkdədir.

 

Modern.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Çıraqov özünün "Facebook" səhifəsində yazıb.

 

O qeyd edib ki, artıq danışıqlar prosesindən və qəbul edilən bəyanatlardan “Dağlıq Qarabağ” və “status” ifadələri çıxarılıb. 2020-ci ilə qədər sənədlərdə Azərbaycanın əleyhinə olan “öz müqəddəratını təyin etmə” hüququ vardı. Sonuncu Brüssel bəyanatında Qarabağdakı ermənilər “əhali” (population), daha əvvəlki Blinkenin tvitində “sakinlər” adlandırıldı. 

 

 

"Yəni, Azərbaycan bu əhalinin təsbitinin “milli azlıqdan” da aşağı statusla müəyyənləşdirməyə nail olub. Yəni, əgər bu əhali sənədlərdə “people” (xalq) kimi təsbit edilərdisə, öz müqəddəratını təyin edə bilərdi. Beynəlxalq hüquqda milli azlıqların, əhalinin və sakinlərin öz müqəddəratlarını təyin etmə hüquqları yoxdur. Bu hüquq ancaq xalqlarındır. Ermənistan üçün buradakı ermənilərin xalq (people) adlandırılması prinsipial məsələ idi. Gələcək sənədlərdən artıq “öz müqəddəratını təyin etmə hüququ” ifadəsi də beləliklə silindi.

 

Yəni, diplomatik leksikon da tamamilə sıfırlanıb və yenilənib.

 

İndi qalıb Ermənistanın ən sonuncu müqavimət xətti. Bu da Azərbaycanın üzərinə Qarabağdakı ermənilərlə bağlı öhdəlik qoymağa nail olmaqdır. Ermənistan guya buradakı əhaliyə qarşı soyqırım ediləcəyi bəhanəsini əsas gətirərək beynəlxalq mexanizm tələb edir. Azərbaycan bunun qətiyyətlə əleyhinə çıxır və məsələni sırf digər milli azlıqlarla olduğu kimi daxili işi sayır. Paşinyan bununla bir tərəfdən problemi beynəlmilləşdirməyə, məsələni işğalçılıqdan insan hüquqları platformasına və narrativlərinə çəkməyə çalışır. Ki, gələcəkdə Ermənistan üçün Qarabağa iddialar üçün əsaslar versin. Eyni zamanda Paşinyan daxili təzyiqlər kritik həddə çatarsa öz mövqeyini yenidən dəyişə bilmək üçün manevr imkanı saxlamağa çalışır.

 

Qətiyyətlə Ermənistana məsələni insan hüquqları platformasına gətirilməsinə və bu narrativin dominant olmasına imkan vermək olmaz. Şəxsən mənə görə məhz indi Ermənistana qarşı işğalçılıq dövründə vurulan ziyanla bağlı müxtəlif məhkəmə iddialarının tam zamanıdır. Ermənistan Qarabağdakı ermənilərin "hüquqları və təhlükəsizliyi" adı altında gələcək üçün bomba və mina qoymağa çalışır.

 

Bu maneə ən sonuncu və sülh müqaviləsinin imzalanması yolunda ən əsas maneədir. Laçında NBM-in qurulmasından sonra ikinci ən mühüm müqavimət xətti budur, ondan da ağır və çətin görünür. Paşinyan bu gün Qarabağı Azərbaycanın ərazisi saydığını bəyan etdiyi eyni zamanda, Ermənistan Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə yeni müraciət etdi. Təsadüfi deyil, yuxarıdakı məntiqlə izah edilir", - deyə Fuad Çıraqov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı