Modern.az

Putini devirmək istəyənlər Qarabağda təxribat törədir -  ŞOK İDDİA

Putini devirmək istəyənlər Qarabağda təxribat törədir -  ŞOK İDDİA

2 İyun 2023, 10:00

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının intensivləşdiyi bir vaxtda sərhəddə və Qarabağ bölgəsində ermənilər tərəfindən təxribatlar törədilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan ordusu mayın son günlərində və iyunun 1-də sərhəddə Azərbaycanın mövqelərini intensiv atəşə tutub.

 

Bundan başqa qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb.

 

Təxribatlar fonunda sosial şəbəkələrdə Ermənistanın şərti sərhəddə əlavə qüvvə cəlb etməsi ilə bağlı görüntülər yayılıb. Videokadrlarda erməni tərəfinin Azərbaycanla sərhəd ərazilərə canlı qüvvə və texnika cəlb etdiyi əks olunub.



Bəs Ermənistanın sülh danışıqlarından əvvəl bu cür təxribatlara əl atmasına səbəb nədir?

 

Bu barədə Modern.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, sülh sazişi bağlanana qədər belə hadisələr baş verə bilər.


"Azərbaycan Ordusu Ermənistanın hər bir təxribatına hazırlıqlı olmalıdır. Çünki ermənilər başa düşməlidir ki, belə təxribatlar cavabsız qalmayacaq. Azərbaycan bu cür hadisələri qəbul etməyəcək. Ermənistanı belə təxribatlara yönəldənin kim olduğunu demək çətindir, çünki onların daxilində də kifayət qədər revanşist qüvvələr var. Həmin şəxslər iki ölkə arasında sülhün yaranmamasını və münaqişə vəziyyətinin qalmasını istəyir", - sabiq nazir deyib.

 

 

Elman Məmmədyarov qeyd edib ki, Ermənistan tərəfi təxribatçı addımlar atmaqla danışıqlara təsir göstərməyə çalışır.

 

"Bundan sonra da belə təxribatların olacağı istisna edilmir. Şübhəsiz ki, Azərbaycan Ordusu istənilən təxribata cavab vermək iqtidarındadır".

 

Politoloq Cümşüd Nuriyev isə Ermənistanın törətdiyi təxribatların arxasında Rusiyanın dayandığını düşünür.

 

"Onsuz da ermənilər hər zaman təxribatla məşğuldurlar. Ötən dəfə də Ağdam, Tovuz, Kəlbəcəri atəşə tutmuşdular. Görünən odur ki, Ermənistan təxribatçı addımları atmaqdan çəkinmir. Sülh danışıqlarına baxmayaraq, qarşı tərəfin belə hərəkətlərə son verəcəyi ilə bağlı zəmanətimiz yoxdur. Mən düşünürəm ki, Ermənistanın təxribatyönümlü addımlar atmasına Rusiya səbəb olur. Çünki Moskvanın burada iki marağı var. Onlar istəyir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasın və qarşıdurma davam etsin",- politoloq deyib.

 

 

C.Nuriyev onu da vurğulayıb ki,  Rusiya Ukraynadakı uğursuzluğunu bu yolla ört-basdır etməyə çalışır:

 

"Daha doğrusu, Putin yox, onun yanındakı elita bu məqsədi güdür. Çünki onlar Putini devirmək istəyirlər. Rusiyada olan həmin qüvvələr Ermənistanı yeni təxribata çəkmək fikrindədirlər. Bununla da Azərbaycanı başqa bir dövlətin ərazisinə müdaxilə etməkdə ittiham etməyə çalışırlar. Yəni ölkəmizin əlindən siyasi "kozırı" almaq niyyətindədirlər. Çünki Azərbaycan indiyədək öz ərazisini işğaldan azad etmək üçün BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hərbi addımlar atıb. Mən inanmıram ki, Azərbaycan Ordusu ermənilərin təhriki ilə onların ərazisinə girsin. Rusiya da çox yaxşı bilir ki, Ermənistan sülh sazişini imzalamağa məcbur olacaq və bununla da sülhməramlılar Qarabağdan çıxarılacaq. Lakin Moskva bunu istəmir. Rusiyanın Qarabağda biznesi var. Onlar hər bir maşını müşayiət etmək üçün əvvəl 1000 dollar, indi isə 10 000 dollar alırlar. Görünən odur ki, bu ssenari Moskvada Rusiya kəşfiyyat orqanları tərəfindən hazırlanıb. Ancaq onların təxribat planı həyata keçməyəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?