Azərbaycanda regionların davamlı inkişafına nail olmaq üçün atılmalı olan bir sıra addımlar var. Bu addımları müəyyən etmək üçün əvvəlcə müvafiq sahədəki problemləri, təsir edən faktorları öyrənmək, iqtisadi amillərin, idarəetmənin və digər parametrlərin regionların davamlı inkişafındakı rolunu aydınlaşdırmaq vacibdir. Azərbaycanda regionlararası disbalans və davamlı inkişaf sahəsində müəyyən problemlərin olması araşdırmanı kifayət qədər aktual edir.
Əvvəlcə, davamlı inkişaf anlayışına nəzər yetirək. Bu anlayış ilk dəfə 1987-ci ildə Ümumdünya Ətraf Mühit və İnkişaf Komissiyası tərəfindən hazırlanmış “Brundtland Məruzəsi”ndə öz əksini tapıb. Ümumi mənada davamlı inkişaf gələcək nəsillərin ehtiyac və tələbatlarını gözardı etmədən bu günün ehtiyac və tələbatlarını məhdud resurslardan səmərəli şəkildə istifadə edərək ödəməyə fokuslanıb. Dayanıqlılıq prinsipləri ilə bu məfhum özündə sosial, iqtisadi və ekoloji amilləri ehtiva edən davamlı inkişaf konsepsiyası yoxsulluğun ortadan qaldırılması, təbii ehtiyatlardan istifadə nəticəsində əldə edilən faydanın bərabər və ədalətli bölüşdürülməsi, əhali artımının və demoqrafik proseslərin nəzarətdə saxlanılması, ətraf mühitə minimum zərər vuran və ya zərər vurmayan texnologiyalardan istifadə edilməsi və s. hədəflərə malikdir.
Azərbaycanda regionların davamlı inkişafı ilə bağlı müəyyən hipotezlər irəli sürmək üçün regionlararası disbalansın səbəblərinə baxmaq lazımdır. XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı burada iqtisadi aktivliyin yüksəlməsinə və rifah səviyyəsinin artmasına təsir göstərib ki, bu da həmin dövrdən Bakı şəhəri və Abşeron yarımadası ilə Azərbaycanın digər regionları arasında kəskin sosial-iqtisadi disbalans əmələ gətirib. Oxşar tendensiya SSRİ dönəmində də davam edib.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra regionların inkişafı daim prioritet istiqamət kimi nəzərə alınıb. 2003, 2009-cu illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı çoxillik dövlət proqramları elan edilib. Oxşar proqramlar 2014 və 2019-cu illərdə də qəbul edilib. Bu proqramların icrasına rəğmən, hazırda Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı və regionlararası disbalans məsələsi problem olaraq qalmaqdadır. Xüsusən regionlarda davamlı inkişaf konsepsiyası çərçivəsində problemlər daha qabarıqdır. Bu baxımdan Azərbaycanda regionların davamlı inkişafını təmin etmək üçün atılması vacib olan addımların araşdırılması, buna təsir edən amillər və problemlərin nəzərdən keçirilməsi böyük əhəmiyyətə malikdir.
Belə ki, sənayenin inkişafı və iqtisadi artım tempinin yüksəldiyi dövrlərdən iqtisadiyyat-ətraf mühit dilemması özünü büruzə verməkdədir. Təxminən 1970-ci illərdən dünyada, xüsusən Avropada bu dilemmanın fərqinə varılmağa başlanılıb. İqtisadi artımın təmin edilməsini dayandırmadan ətraf mühitin mühafizəsi XX əsrin 80-ci illərindən etibarən ölkələrin siyasi gündəliyinə daxil olan önəmli məsələyə çevrilib. Buradan davamlı inkişaf anlayışı ortalığa çıxıb. Belə ki, davamlı inkişaf dilemma təşkil edən iqtisadiyyat-ətraf mühit münasibətlərinin vəhdətdə mövcudluğu yanaşmasını irəli sürüb. Başqa sözlə, ətraf mühitin qorunmasının iqtisadi artımın qarşısında maneə və əngəl təşkil etmədiyi ifadə edilib.
Bunun üçün müxtəlif istiqamətlərdə - inzibati, maliyyə-iqtisadi, sosial-demoqrafik, mədəni, ekoloji və digər sferalarda yeni siyasətin işlənib hazırlanması və tətbiqi prioritet təşkil edib. Qısa, orta və uzun müddət üçün nəzərdə tutulmuş kompleks tədbirlər planı, strategiya və digər konseptual sənədlər hazırlanıb. Davamlı inkişafın regionların rifah səviyyəsinin artırılmasına tətbiqində də müəyyən edilib ki, regional dayanıqlılıq prinsipləri nəzərə alınmadan, ətraf mühitlə bağlı lazımi dəyərləndirmələr aparılmadan hazırlanan regional inkişaf planları perspektivdə böyük problemlər ortaya çıxarır.
Beynəlxalq praktikada regionlarda davamlı inkişafın təmin edilməsi üçün həmçinin müxtəlif fiskal və monetar siyasət alətlərindən istifadə olunur. Vergilər, rüsumlar, cərimələr və subsidiya-subvensiya ayrılması, bərpa üçün fondlar yaradılması ilə bölgələrdə zərərli fəaliyyətlərin qarşısının alınması və dayanıqlılıq prinsiplərinə əməl edilməsinin stimullaşdırılması həyata keçirilir. Məsələn, ətraf mühit vergisi çirklənməyə səbəb olan hüquqi və fiziki şəxslərdən alınır ki, bu da çirklənmə hesabına istehsal olunan məhsulun və ya hasil olunan xammalın qiymətini qaldırır, iqtisadi rentabelliliyi azaldır, çəkindirici effekt yaradır.
Azərbaycan praktikasında regionların davamlı inkişafı baxımından beynəlxalq təcrübənin öyrənilməsi, bölgələrdə iqtisadi aktivliyi artırmaq üçün vergi güzəştləri, investisiyalar üçün münbit şəraitin yaradılması eko-sahibkarlığın inkişafına dəstək, əhalinin maarifləndirilməsi, resurslardan və təbii ehtiyatlardan səmərəli istifadə, çirklənmiş və şoran torpaqların rekultivasiyası, kənd təsərrüfatında dayanıqlılıq və intensiv inkişaf modellərinin təşviqi, ekoloji tarazlığın qorunmasına nəzarət və digər stimullaşdırıcı tədbirlər görülməlidir. Regionlarda davamlı inkişafı təmin etmək üçün müstəqil yerli özünüidarəetmə təsisatlarının yaradılması olduqca vacibdir.
İdarəçilik səlahiyyətlərinin mərkəzi hakimiyyətin bölgələrdə təmsilçisi olan yerli icra hakimiyyəti orqanları əvəzinə seçkili bələdiyyə orqanlarına ötürülməsi və bələdiyyə sistemində fundamental islahatların aparılması son dərəcə önəmlidir. Yerlərdə əhali qarşısında hesabatlılıq, şəffaflıq kimi prinsiplərə əməl etmək, idarəetmədə vətəndaş iştirakçılığının stimullaşdırılması, sosial məsuliyyətin formalaşması baxımından müsbət nəticələrin yaranmasına töhfə verə bilər. Bu baxımdan Azərbaycanın inzibati-ərazi bölgüsündə dəyişikliklər etmək, təxminən iqtisadi rayonlaşdırmaya uyğun regional vahidlər yaradılması və müvafiq sayda böyük bələdiyyələrin təsis edilməsi məqsədəuyğun addım ola bilər.
Beynəlxalq praktikada regional inkişafa nail olmaq üçün aralıq şəhərlərdən (intermediary cities) də istifadə olunur. Aralıq şəhərlər əhalisinin sayı 50 min nəfərdən 1 milyona qədər olan, kənd bölgələri ilə böyük şəhərlər arasında yerləşən və vasitəçi rolunu oynayan şəhərlərə deyilir. Belə şəhərlərin salınmasında əsas məqsəd kəndlərdə yaşayan əhalinin şəhərlərdəki müxtəlif xidmətlərə əlçatanlığını təmin etmək, həmçinin böyük şəhərlərə və iqtisadi mərkəzlərə axının qarşısını almaqdır. Bu da dayanıqlılıq prinsiplərinə əməl olunmasını asanlaşdıran faktora çevrilir. Regionların davamlı inkişafı baxımından belə şəhərlərin və submərkəzlərin formalaşdırılması olduqca önəmlidir. Təhsil, səhiyyə və digər sosial xidmətlərin yüksək inkişafı, yaşıl iqtisadiyyat elementlərinin mövcudluğu belə şəhərlər üçün xarakterikdir. Hazırda dünya əhalisinin təxminən 20 faizi aralıq şəhərlərdə yaşayır.
Azərbaycanda regionların davamlı inkişafı üçün kənd yerləri və iqtisadi mərkəzlər arasında vasitəçi rolunu oynayacaq aralıq şəhərlərin qurulmasından istifadə etmək mümkündür. Lakin bunun üçün əvvəlcə, standartlara uyğun regional iqtisadi mərkəzlər formalaşdırılmalıdır, daha sonra bu mərkəzlərlə kəndlər arasında aralıq şəhərlər formalaşdırmaq olar. Tarixi təcrübə göstərir ki, Azərbaycanda müasir aralıq şəhər anlayışına təxminən uyğun gələn submərkəz xarakterli peyk şəhərlərin salınması (məsələn, Sumqayıt) sınaqdan keçirilib, lakin nəticələr o qədər də uğurlu olmayıb. Belə ki, bu submərkəzlər iqtisadi mərkəz rolunu oynayan əsas şəhərlərin yükünü azaltmaq əvəzinə zamanla onlarla bütünləşib və daha çox axın və yüklənmənin yaranmasına səbəb olub. Bu amil sözügedən modelin gələcəkdə tətbiqi zamanı lokal şərtləri nəzərə almağın önəmini və daha çox öyrənilməsinin vacibliyini nümayiş etdirir.
Regionlarda davamlı inkişafa nail olmaq üçün müxtəlif amillərə nəzər yetirmək olduqca vacibdir. Hər şeydən əvvəl əhalinin ekoloji həssaslığının artırılması üçün maarifləndirmə, bu sahədə savadlılığın geniş yayılması başlıca faktorlardandır. İnsanlara güzəranını təmin etməyin və pul qazanmağın ətraf mühitə zərər vurmadan da mümkünlüyü aşılanmalıdır.
Dayanıqlı istehsal və eko-biznes sahələrinə yönəlməyin təşviq edilməsi, iqtisadi təşəbbüskarlığın stimullaşdırılması, ömür boyu təhsil modelinə uyğun olaraq əhalinin bilik və bacarıqlarının artırılması, peşə yönümünün dəyişdirilməsi istiqamətində mütəmadi və vaxtaşırı kurslar, treninqlərin təşkili olduqca önəmlidir. Xüsusilə, kənd təsərrüfatı ilə məşğul olan fermer və kəndlilərin bu sahədəki yeniliklərdən, müasir yanaşmalardan xəbərdar olması müxtəlif üsullarla təmin edilməlidir.
Digər tərəfədən, gələcəkdə su qıtlığından əziyyət çəkməmək üçün məhdud olan su ehtiyatlarından düzgün istifadə, suvarma sistemləri, kanallar və kollektor-drenaj şəbəkəsinin müasir standartlara cavab verən şəkildə yenidən qurulması mühüm əhəmiyyət kəsb edir. Həmçinin qida və ərzaq təhlükəsizliyi baxımından strateji sahələrdə istehsalın təşviq edilməsi önəm daşıyır.
Nəticə olaraq, bu sahədə geniş islahatların həyata keçirilməsinin zəruriliyi, yerli özünüidarəetmə institutunun gücləndirilməsi, iqtisadi mühitin normallaşdırılması, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması, həmçinin əhalinin maarifləndirilməsi və kompleks tədbirlərin görülməsinin önəmi ortaya çıxır.
Azərbaycanda regionların davamlı inkişafı üçün sistemli və konseptual yanaşma ortaya qoyulmalı, dayanıqlılıq prinsipləri çərçivəsində iqtisadi, sosial və ekoloji aspektlər nəzərə alınmaqla kompleks tədbirlər həyata keçirilməlidir. Çoxmilyonlu büdcəsi olan dövlət proqramları ilə paralel olaraq yerli özünüidarəetmənin gücləndirilməsi və səlahiyyətlərinin artırılması, inzibati islahatlar, vətəndaş iştirakçılığı və sosial məsuliyyətin genişlənməsi üçün addımlar atılmalıdır. Fərdi təşəbbüskarlığın təşviqi, sərmayədarların cəlb edilməsi üçün təhlükəsiz və zəmanətli iqtisadi mühitin yaradılması olduqca önəmlidir. Həmçinin ekoloji tarazlığın qorunması üçün ətraf mühitin mühafizəsinin gücləndirilməsinə, təbiətə ziyan vuran iqtisadi fəaliyyətlərin qarşısının alınması üçün müxtəlif çəkindirci tədbirlər görülməsinə gərək duyulur.
Dünya praktikasında regionların davamlı inkişafına nail olmaq üçün istifadə olunan müxtəlif üsul və metodların öyrənilməsi, yerli şərait nəzərə alınaraq tətbiq olunması olduqca zəruridir. Bölgələrdə iqtisadi mərkəzlər, həmçinin aralıq şəhərlər qurulmalıdır. Əhalinin maarifləndirilməsi və daha məsuliyyətli olması üçün ekoloji savadlılıq səviyyəsi artırılmalıdır. Xüsusilə, kənd təsərrüfatında infrastruktur və təchizat sistemləri yenidən qurulmalıdır. Ümumilikdə, davamlı inkişafa nail olmaq üçün bütün sahələri əhatə edən yeni siyasət işlənib hazırlanmalıdır. Bu sahədə gələcəkdə fundamental tədqiqatların aparılmasına və problemlərin öyrənilməsinə böyük ehtiyac var.
Qeyd: Araşdırma zamanı "World Commission on Environment and Development. Our Common Future. Oxford University Press" və "United Nations Departament of Economic and Social Affairs. World Urbanization Prospects" qaynaqlarından istifadə olunub.
Modern Təhlil və Araşdırma Qrupu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc olunub.