İyunun 25-də "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin hərbi qiyam cəhdi dünya mətbuatının gündəminə düşüb. Onun 25 min hərbçi ilə Rusiyanın paytaxtı Moskvaya irəliləməyə cəhd göstərməsi Rusiyanı çalxalayıb. Rusiya Prezidenti Vladimir Putin baş verənlərə dərhal reaksiya verib və hadisəni xəyanət adlandırıb.
Qiyam cəhdinin ilk günü və sonrasında Putin iki dəfə xalqa müraciət edib.
"Ölkə üçün çətin bir vaxtda Rusiya Federasiyasının hərbçiləri iğtişaşların qarşısını alıblar, bunun nəticəsi xaos ola bilərdi. Rusiya Federasiyasının hərbçiləri və hüquq-mühafizə orqanları faktiki olaraq vətəndaş müharibəsini dayandırdılar. Üsyan zamanı güc strukturları mühüm obyektlərin təhlükəsizliyini, hərbçilərin arxa hissəsinin gücünü təmin edib. Həlak olan pilotlar öz vəzifələrini şərəflə yerinə yetiriblər. Təhlükəsizlik qüvvələrinin çevik və dəqiq işi mülki insanlar arasında itkilərin qarşısını almağa imkan verib", - deyə Putin bildirib.
Putinin baş verən hadisə üzərində bu qədər dayanması nədən xəbər verir, onu qorxudan nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinin təşviş içərisində olduğunu bildirib:
"Hətta mən deyərdim ki, Putin vahimə içərisindədir. Onun çıxışlarına diqqət etdikdə, görürsən ki, əvvəlki Putin deyil. Küncə sıxılmış və sanki üzərinə şığıyan hansısa gücün olduğunu görən çəkingən, ehtiyatlı ifadələr işlədən, bir növ vətəndaşdan dəstək istəyən bir Putin var. Putini bu hala salan təkcə Priqojinin hücumu deyildi. Sözsüz ki, onun hücumu birinci rol oynayır. Təhlükə tam sovuşmayıb. Lakin Putini əsas narahat edən xalqın ona dəstək verməməsidir".
Qabil Hüseynlinin fikrincə, Putin özü də vəziyyətinin çətin olduğunu başa düşür:
"Bir nəfər də olsun Yevgeni Priqojinin qarşısına çıxıb, Putini müdafiə edən tərzdə davranış sərgiləmədi. Hətta Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 12 üzvündən yalnız 5 nəfər mətbuata, ora-bura çıxış etməklə Priqojinin əleyhinə getdi. Qalan 7 nəfər tam səssizliyini qoruyub. Vilayət qubernatorları və nazirlər içərisində də yenə Putini müdafiə edən, lakin hadisələrin necə inkişaf edəcəyini, sonluğunu gözləyənlər kifayət qədər olub. Mənə elə gəlir ki, Putin sonunun yaxınlaşdığını görüb. Hətta belə bir şayiə yayılıb ki, Putin Lukaşenkoya istefa etmək fikrində olduğunu deyib. Əlbəttə, bu az ağla batır. Hər halda Putin başı üstündə buludların qatılaşdığını görür. Nə qədər sapdan asılı olduğunu görür. Ukrayna müharibəsində yaxınlaşan məğlubiyyəti, zənnimcə, Rusiyanın daxilində hansı proseslərlə müşahidə olunacağını da dərin düşünən adamların gözləri önününə sərir. Putinin vəziyyəti ağırdır. Qibtə ediləcək deyil".
Bəs, bundan sonrakı mərhələdə Putin necə davranacaq?
"O, həmişə gücdən, müxtəlif təhdidlərdən, həbslərdən, cəzalardan istifadə etməklə prosesi ram etməyə çalışır. Mənim zənnimcə, indiki şəraitdə təqiblər, təhdidlər, cəza tədbirləri istifadə edilməsi düzgün deyil. Vəziyyəti daha da gərginləşdirə bilər. Putinə bir müddət vəziyyəti səngitmək lazım gələcək. Cəmiyyətin üzərində özünün əvvəlki qorxunc gücünü bərpa etmək üçün ilk növbədə "Vaqner"i və onun başçısını sıradan çıxarmalıdır. Bu da mümkünsüz görünür. Ən dəhşətlisi də odur ki, Rusiyanın güc orqanları həmin anlarda nə "Vaqner" ordusuna qarşı hərəkətə keçdilər, nə də Putini müdafiə edən bir davranışda bulundular. Bütün bunlar Putinin ətrafında qorxunc həlqə yaradır. Onu gücsüz, hətta zəif prezidentə çevirir ki, bu da "Vaqner"in ardınca digər güclərin hərbi çevirişlərinə, hərbi müdaxilələrinə rəvac verə bilər. Birazdan görəcəyik ki, "Vaqner"çilərin çıxışları Rusiyanın tarixində izsiz ötüşmədi. Müəyyən proseslərə rəvac verdi və rəvac verməyə də davam edir. Rusiya qeyri-sabitlik dönəminə qədəm qoyur", - politoloq suala belə cavab verib.