ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzərində danışıqlar davam edərkən İrəvan ölkəmizə qarşı hərbi təxribatları yenidən artırıb.
Belə ki, iyunun 27-də saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Azərbaycan Ordusu cavab tədbirləri görüb. Görülən tədbirlər nəticəsində 4 separatçı məhv edilib. Erməni mətbuatında ölənlərin sayının daha çox olduğu bildirilir.
Bundan başqa iyunun 28-i saat 22:35-dən 23:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Vedi rayonunun Arazdəyən yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və İstisu, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.
Vaşinqtonda keçirilən sülh danışıqları ərəfəsində ermənilərin təxribatlarına beynəlxalq reaksiyanın necə olacağı da maraqlıdır.
Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin mövzu ilə bağlı Modern.az-a bildirib ki, Ermənistan ordusunun son zamanlar müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinə qarşı hərbi təxribatlarının arxasında duran qüvvələr var:
“Eyni zamanda deyə bilərik ki, Ermənistan son çırpınışlarını edir. Hazırda ABŞ-da sülh müqaviləsi üzrə danışıqlar gedir, amma görünən odur ki, Ermənistan buna məhəl qoymur. Bununla da danışıqlar raundunu pozur. Belə bir sual ortaya çıxa bilər ki, sülh prosesində olan ölkələr üçün hərbi toqquşmaları kim yaradır? Daha doğrusu, hansı qüvvələr sülhün qarşısını kəsir və təxribatlarda maraqlıdır? Mən bu işdə Paşinyanın və onun ətrafının rolunun olduğunu düşünmürəm. Düşünmürəm ki, Nikol Paşinyan sülh istəməsin. Amma ona mane olan qüvvələr var. Rusiyanı tez-tez əvəzləməyə həvəsli olan ABŞ-ın burada az rolu yoxdur. ABŞ danışıqlarından isə ciddi bir nəticə gözlənilmir”.
Pakistanlı ekspert Qaiser Nəvvab isə bildirib ki, Ermənistanın son təxribatları region üçün təhlükədir:
“Sülh prosesində olan bir ölkənin belə bir addım atması təbii ki, qəbuledilməzdir. Ona görə də beynəlxalq ictimaiyyət də buna tez bir zamanda reaksiya verməlidir. Düşünürəm ki, Ermənistan bunu təkcə öz başına etmir. Ona dəstək olan, havadar olan qüvvələr var. Əgər belə davam edərsə, region sülhdən uzaqlaşa bilər. Belə bir hal isə sadəcə Ermənistana ziyandır. Buna cavab olaraq Azərbaycan öz torpağında bütün əməliyyatları qanuni şəkildə edə bilər. Bundan isə zərərli çıxan tərəf 3 il əvvəlki kimi Ermənistan olacaq. Ona görə də qısa zamanda Ermənistan hərbu təxtibatları kəsməli, sülh müqaviləsi üzərində çalışmalıdır”.
Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lambert isə təxribatların gözlənildiyini bildirib:
"Hazırda Amerikada XİN başçılarının sülh müqaviləsi üzərində danışıqlar prosesi gedir. Belə olan halda təxribatların olması qınanılsa da, gözlənilən idi. Çünki artıq bununla bağlı təcrübə çoxdur. İki ölkə arasında danışıqlar başlayan zaman hər dəfə Ermənistan hərbi təxribatlara əl atır. Belə olan halda da danışıqlar prosesi dayanır. Bu kimi təcrübədən istifadə edərək əlavə addımlar atmaq lazımdır. Eyni zamanda beynəlxalq ictimaiyyətdə Ermənistanın bu kimi davamlı təxribatlarına cavab verməlidir. Bu danışıqlar da gözləntilər böyükdür. Deyə bilərik ki, sülh müqaviləsi o qədər də uzaqda deyil”.