Modern.az

Rusiya Çini itirməkdən qorxur

Rusiya Çini itirməkdən qorxur

3 İyul 2023, 12:57

Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyanın dünyadakı dostlarının sayını azaldıb. Buna görə də Kreml mövcud azsaylı tərəfdaşlarını itirməməyə çalışır və bu ölkələrlə təmaslarını genişləndirir. Belə ölkələrin başında Çin gəlir. 

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı son prosesləri şərh edərkən deyib.

 

Onun fikrincə, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsinə baxmayaraq, Kremllə strateji əlaqərini genişləndirmək siyasətindən imtina etməyib.

 

"Bugünlərdə Pekində sayca 8-ci “Rusiya-Çin: yeni erada əməkdaşlıq” konfransı keçirilib. Bu konfrans 2015-ci ildən davamlı şəkildə keçirilir. Konfrans Rusiya Beynəlxalq Əlaqələr Şurası və Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilir. Konfransda ikitərəfli əlaqələrin hazırki vəziyyəti, qlobal və regional çağırışlar müzakirə edilir. Ekspertlər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıblar. Rusiyalı və çinli ekspertlər qlobal və regional çağışlardan danışanda isə Qərbin siyasətini tənqid ediblər", - politoloq qeyd edib. 

 


E.Şahinoğlu xatırladıb ki, Çin Xarici İşlər Nazirliyi Rusiyada baş verən son hadisələri Moskvanın daxili işi adlandırıb:

 

"Rusiya və Çinin xarici işlər nazirləri Sergey Lavrov və Tsin Qan konfrans iştirakçılarına təbrik məktubu göndəriblər. Maraqlıdır ki, konfrans Yevgeniy Priqojinin və onun “Vaqner” muzdlu qruplaşmasının Kremlə qarşı birgünlük qiyamından dərhal sonra başlayıb. Pekin qiyam cəhdini diqqətlə izləyib. ABŞ Milli Təhlükəsizlik Şurasının Asiya bölgəsi üzrə koordinatoru Kurt Kempelin fikrincə, Rusiyadakı son çaxnaşma Pekini narahat edib. Halbuki, Çin Xarici İşlər Nazirlyinin yayımladığı açıqlamada, Rusiyada yaşanan hadisələr bu ölkənin daxili işi kimi qiymətləndirilib: “Çin Rusiyada sabitliyin davam edəcəyinə, o cümlədən inkişafına və tərəqqi əldə edəcəyinə inanır”.

 

Çin lideri Tsin Cinpinin rusiyalı həmkarı Vladimir Putinlə son qiyam cəhdini telefonla müzakirə edib-etməməsinə dair məlumat yoxdur. Rusiya prezidenti Vladimir Putinin laxlayan mövqeyi Çində müzakirələrə səbəb olsa da, Pekin Kreml sahibi ilə münasibətləri əvvəlki yüksək səviyyədə saxlamaqda qərarlıdır. Sergey Lavrov konfrans iştirakçılarına göndərdiyi məktubda Rusiya-Çin münasibətlərini belə dəyərləndirib: “Qayıq çayda inamla irəliyə doğru üzərkən qayıqdakılar ətraflarındakı meymunların bağırtılarına fikir vermirlər”.  Təhqiramiz müqayisədir. Lavrov qayıqdakıları “Rusiya və Çinə” bənzədərkən, “bağıran meymunları” Qərbin siyasəti ilə əlaqələndirib. Lavrovdan fərqli olaraq Çin xarici işlər naziri Tsin Qan Qərb haqqında təhqiramiz bənzətmə aparmasa da, məktubunda BMT Təhlükəsizlik Şurasının iki üzvü olan Rusiya və Çinin dünyada sabitləşdirici rol oynadıqlarını bildirib. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və rusiyalı rəsmilərin daima “nüvə silahından istifadə edə bilərik” kimi təhdidedici açıqlamaları fonuda Çin xarici işlər nazirinin Rusiyanın siyasəti haqqında “dünyada sabitləşdirici rol oynayır” cümləsi ikrah doğurur". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi