2020-ci ilin payızındakı II Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra yeni dönəmə - post-müharibə dövrünə qədəm qoyuldu. Yeni dönəmdə əsas hədəflər işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının realizasiyası məsələləri, bunun ölkənin iqtisadi inkişafına təsiri, eləcə də Qarabağa qayıdışın gerçəkləşdirilməsini əhatə edir.
7 iyul 2021-ci il tarixində imzalanan "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərman işğaldan azad olunmuş ərazilərdə iqtisadi rayonlaşdırmada müəyyən dəyişiklikləri ehtiva edirdi. Həmin fərmanla formalaşdırılmış 2 yeni iqtisadi rayondan biri də Qarabağ iqtisadi rayonudur (digəri Şərqi Zəngəzur). Məlum olduğu kimi, bu iqtisadi rayona Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhəri aiddir. Burada iqtisadi potensialın ortaya çıxarılması üçün rentabelli sahələr müəyyən edilərək region iqtisadiyyatının inkişafı stimullaşdırılmalıdır.
Qarabağın iqtisadi inkişafı həm məcburi köçkünlər üçün iş yerlərinin açılmasına, həm bölgənin təbii resurslarının ölkənin iqtisadi dövriyyəsinə səmərəli formada cəlb olunmasına, həm də ümumilikdə ərazidə iqtisadi aktivliyin və rifah səviyyəsinin artmasına böyük təkan verə bilər. Uzun müddət işğal altında qalmış və iqtisadiyyatı tamamilə dağıdılmış, resursları talan olunmuş bölgədə ümumilikdə dirçəliş, o cümlədən də rifah və çiçəklənmə şübhəsiz ki, təkcə fərdi və müstəqil təşəbbüslər, iş adamları və biznesmenlərin daxili səyləri hesabına mümkün ola bilməz.
Bu kontekstdə dövlət dəstəyi mühüm əhəmiyyət kəsb edir. Qarabağ iqtisadi rayonunun nəhəng iqtisadi potensialı və resursları var və bu, regionda iqtisadi inkişaf üçün imkanlar yaradır. Regionun təbii şəraiti, formalaşdırılmaqda olan infrastruktur və digər faktorlar kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və ictimai iaşə, sosial xidmətlər, eləcə də digər sahələrdə fəaliyyət göstərəcək biznes subyektləri üçün yaxşı gələcək vəd edir.
Şübhəsiz ki, ərazilərin azad olunmasından keçən 2 ildən çox müddət ərzində dövlət tərəfindən həm regionun bərpası və yenidən qurulması, həm də bölgənin iqtisadiyyatının sıfırdan formalaşdırılması istiqamətində bir çox işlər görülüb. Lakin Qarabağ iqtisadi rayonunda iqtisadi şəraitin yaxşılaşdırılması və ümumi mənada inkişaf etdirilməsi üçün hələ də atılmalı olan müəyyən addımlar var ki, bunlar olduqca böyük önəm kəsb edir. Qeyd etmək lazımdır ki, iqtisadi aktivliyin lokomotivi rolunu oynayan başlıca faktor insan faktorudur. İnsan həm istehsalçı, həm də istehlakçı kimi iqtisadi aktivlikdə və dövriyyənin yaranmasında iştirak edir.
Bu baxımdan regionda biznes subyektlərinin inkişafı üçün başlıca şərtlərdən biri əhalinin azad olunmuş ərazilərə qayıdışının sürətləndirilməsidir.16 noyabr 2022-ci ildə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”ı da təsdiq olunmuşdur. Burada qayıdışla bağlı mühüm məsələlər əks olunub. Hazırda proses davam etməkdədir. Yaxın gələcəkdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrinə əhalinin köçməsi ilə bölgə iqtisadiyyatı canlanmış olacaq.
Dövlətin insanların Qarabağa qayıdışını sürətləndirməklə yanaşı, regionun iqtisadi inkişafını stimullaşdıracaq digər vasitələri isə fiskal və monetar alətlərdir. Məsələn, vergilər məcəlləsinə təsdiq olunan əlavə və dəyişikliklərdə 1 yanvar 2023-cü il tarixindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin rezidentlərinin satışdankənar gəlirləri 10 il müddətinə iqtisadi rayonun rezidentləri mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib.
“Gömrük tarifi haqqında” qanuna dəyişikliklə isə azad edilmiş ərazilərdəki rezidentlər 10 il müddətinə idxal gömrük rüsumundan azad edilib. Maliyyə-kredit imkanlarının artırılması və güzəştli şərtlərlə Qarabağdakı rezidentlərin pul vəsaitini çıxışını təmin etmək də mühüm əhəmiyyət kəsb edir ki, bu sahədə də dövlət tərəfindən görülməyə başlanan işlərin müsbət təsirləri olacaq.
Regionun əsas problemlərinin çözülməsi, iqtisadi inkişafın qarşısındakı maneələrin aradan qaldırılması - ekoloji problemlərin həlli, minaların tam şəkildə təmizlənməsi, iqtisadi stabilliyin təmin edilməsi, yenidənqurmanın sürətləndirilməsi və digər xüsusi güzəştlərin tətbiq edilməsi və s. də olduqca vacibdir. Eyni zamanda, QHT və regionda formalaşdırılacaq yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin də prosesə cəlbi zəruridir.
Ümumilikdə, Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın inkişafı üçün münbit şərait var. Bu vaxta qədər dövlət tərəfindən bu istiqamətdə xeyli işlər görülüb. Lakin bəzi əngəlləyici faktorlar və problemlər də qalmaqdadır. Bunların həlli üçün səylər gücləndirilməlidir. Qarabağdakı rezidentlərə dövlət dəstəyinin daha da gücləndirilməsi, regionda görülən işlərin sürətləndirilməsi böyük əhəmiyyətə malikdir.
Modern Təhlil və Araşdırma Qrupu