Modern.az

XXI əsrdə sui-qəsdə məruz qalan liderlər - ARAŞDIRMA

XXI əsrdə sui-qəsdə məruz qalan liderlər - ARAŞDIRMA

Analitika

11 Avqust 2023, 15:55

Xəbər verdiyimiz ki, bir neçə gün öncə Ekvadorda prezidentliyə namizəd Fernando Villavisensio seçki kampaniyası çərçivəsində keçirdiyi görüşdən sonra sui-qəsd nəticəsində qətlə yetirilib. O, keçirdiyi mitinqdən sonra başından 3 güllə yarası alıb. Hadisə zamanı ümumilikdə 10 nəfərə yaxın insan xəsarət alıb. Hücumdan 1 həftə əvvəl siyasətçi gələn təhdidlər barədə açıqlama yaymışdı.

 

Prezidentliyə namizədin ölümündən sonra ölkədə matəm elan olunub. Ona qarşı sui-qəsdlə bağlı saxlanılanların heç biri Ekvador vətəndaşı olmayıb. Hazırda araşdırmalar davam edir.

 

 

Ekvadorun ən böyük cinayətkar dəstələrindən olan Los Lobos Villavisensionun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb. Cinayətkarlar belə bir addım atmağa səbəb kimi “vədlərin yerinə yetirilməməsi”ni və korrupsiyanı göstəriblər. 

 

Modern.az oxucuların marağını nəzərə alaraq XXI əsrin ən səs-küylü siyasi sui-qəsdlərini araşdırıb.

 

Şinzo Abe

 

Yaponiyanın sabiq baş naziri Abe 8 iyul 2022-ci ildə, yerli vaxtla saat 11:30-da Nara şəhərində sui-qəsd nəticəsində öldürüldü. Siyasətçi seçki kampaniyası çərçivəsində Honsyu adasının cənub-qərbinə gəlmişdi. Meydanda çıxışı zamanı Abeyə naməlum şəxs tərəfindən ən azı iki dəfə atəş açıldı, bundan sonra Abe qanaxma ilə huşsuz vəziyyətdə xəstəxanaya aparıldı. Yaralanandan təxminən 5 saat sonra Abe xəstəxanada həyatını itirdi. Polis hadisənin ov tüfəngi ilə törədildiyini açıqlamışdı. Daha sonra hücum edən şəxs saxlanıldı, silah götürüldü. Sui-qəsdçinin keçmiş hərbi dənizçi, 41 yaşlı Tetsuya Yamaqami olduğu ortaya çıxdı. Qatil öz hərəkətlərini keçmiş baş naziri bəyənməməsi ilə izah edib, lakin sonra hədəfinin əslində başqa siyasətçi olduğunu bildirib. Şinzo Abe ilə vidalaşma 12 iyul 2022-ci ildə Tokionun Minato-ku rayonundakı Zoze-ji məbədində baş tutdu.

 

Jovenel Moiz

 

Haitinin sabiq prezidenti olan Moizə 2021-ci il iyulun 7-də Pelerindəki iqamətgahına hücum edilib. Siyasətçi "Colt" tapançası ilə vurulmuşdu. Hadisə zamanı və onun xanımı Martini Moiz də xəsarət aldı və xəstəxanaya yerləşdirildi. Sui-qəsdlə bağlı yayılan ilk rəsmi məlumatda "ispanca danışan bir qrup naməlum şəxs" günahlandırılıb. Moizin vəfatı ilə əlaqədar respublikada 2 həftəlik matəm və hərbi vəziyyət elan edilmişdi. Bəzi məlumatlara görə, prezident qətldən əvvəl işgəncələrə məruz qalmışdı. Araşdırmalardan sonra polis sui-qəsdi törədən dəstədə 26 kolumbiyalı olduğunu bildirdi. Qətllə bağlı təfərrüatlar hələ də tam məlum deyil.

 

Bənazir Bhutto

 

Pakistanın ilk qadın baş naziri olan Bhutto 2007-ci ilin oktyabrında məruz qaldığı birinci sui-qəsd cəhdindən iki ay sonra - dekabrın 27-də Ravalpindi şəhərində terror aktının qurbanı oldu. Hadisə xanım siyasətçinin "Ləyaqət Bağı" adlanan meydandakı mitinqdə tərəfdarları qarşısında çıxış edərkən yaşanmışdı. Mitinqin sonunda kamikadze onun boynundan və sinəsindən atəş açdı, sonra isə partlayıcı qurğunu işə saldı. Bhutto zirehli mühafizəçilər tərəfindən mühasirəyə alınsa da, yaralandı. Onun özü bədən zirehi geyinmirdi. Bu terror aktı zamanı 20-dən çox insan həlak oldu, siyasətçi ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırıldı, əməliyyat masasında dünyasını dəyişdi. Sui-qəsddən sonra Bənazir Bhuttonun qəzəbli tərəfdarları Kəraçidə və ölkənin digər şəhərlərində küçə iğtişaşları törətmişdi. Bənazir Bhutto sui-qəsd cəhdi ərəfəsində etdiyi son çıxışında deyirdi: “Ölkəmiz təhlükə altında olduğu üçün mən öz həyatımı təhlükəyə atıram. İnsanlar narahatdır. Amma biz birlikdə ölkəni böhrandan çıxaracağıq!”.

 

Dəfn ərəfəsində hərbçilər iğtişaşlar zamanı həqiqi güllələrdən istifadə etmək əmri almışdı. Bənazir Bhuttonun həyat yoldaşı və 3 övladı Dubaydan İslamabada gələrək onun cəsədini dəfn etmək üçün Sind əyalətinə apardı. Dekabrın 27-dən 28-nə keçən gecə Bhuttonun bayraqla örtülmüş tabutu C-130 hərbi təyyarəsi ilə xüsusi uçuşla doğulduğu Sind əyalətinin cənubundakı Larkana şəhərinə çatdırıldı. Orada ağ avtomobilli kortej şəhəri dolanaraq dəfn mərasiminin keçirilməli olduğu ailə məqbərəsinə yola düşdü. İzdihamlı keçən dəfn mərasimində Bhutto atası Zülfüqar Əli Bhuttonun məzarı yanında torpağa tapşırıldı. Dəfn mərasimi Pakistan televiziyası ilə canlı yayımlanmışdı.

 

Zoran Dindiç

 

Serbiyanın keçmiş baş naziri olan Dindiç 12 mart 2003-cü ildə yerli vaxtla saat 12:45-də naməlum snayper tərəfindən öldürülüb. Serbiya Hökumət Evinin foyesində baş verən hadisədə baş nazirə bir neçə atəş açılıb. Siyasətçi mədəsindən və kürəyindən ölümcül yaralanıb və bir müddət sonra xəstəxanada özünə gəlmədən dünyasını dəyişib. İstintaq müəyyən edib ki, Serbiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin komandir müavini Zvezdan Yovanoviç baş nazirə atəş açıb. Həbs olunduqdan dərhal sonra o, bu yolla “serb vətənpərvərlərinin Haaqa Tribunalına ekstradisiyasını” dayandırmağa ümid etdiyini bildirmişdi. İclasda Yovanoviç hakimə demişdi ki, təzyiq altında qətli etiraf edib və ədalətin qərəzsizliyinə inanmadığı üçün heç bir suala cavab vermək fikrində deyil. Bu cinayətin 7 əsas təşkilatçısı və icraçısı Serbiyada qətlin təşkili və həyata keçirilməsinə görə mühakimə olunub. Bundan əlavə, 2010-cu ilin iyununda Xorvatiyanın paytaxtı Zaqrebdə qətldə əli olmaqda ittiham olunan daha bir şəxs həbs edilib. Cinayətkar dəstənin daha 4 üzvü hələ də axtarışdadır.

 

Kral Birendra

 

Nepal kralı olan Birendra 2001-ci ildə qardaşı şahzadə Dipendra tərəfindən qətlə yetirilib. Belə ki, iyunun 1-də axşam yeməyində spirtli içki qəbul edən şahzadə sərxoş vəziyyətdə ailəsini MP5 markalı avtomatla güllələmişdi. Hadisədən sonra bağçada özünü də vurmuşdu. Nəticədə kral Birendra, kraliça Ayşvariya, onların uşaqları şahzadə Niracan, şahzadə Şruti, kralın digər qardaşı şahzadə Dhirendra, kralın bacıları Şanti və Şarada, kralın Cayanti və digər ailə üzvləri həyatını itirdi. Süfrə başında olanlardan sağ qalan yeganə şəxs şahzadə Qyanendranın (kralın qardaşı) həyat yoldaşı Komal oldu.

 

Birendranın həmin vaxt hadisə yerində olmayan kiçik qardaşı Qyanendradan başqa kral ailəsinin demək olar ki, bütün üzvləri öldürüldü. Qətli törədən Dipendra kral elan edildi, lakin bir neçə gün sonra aldığı güllə yaralarından o da öldü. Buna görə də Qyanendra kral oldu. Dipendranın cəsədi isə yandırıldı. Faciəyə səbəb kimi kral ailəsinin şahzadə Dipendraya 10 ildən çox görüşdüyü Devyani Rana adlı qadınla evlənmək üçün icazə verməkdən imtina etməsi göstərilir.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər