Modern.az

Ruslar Aya tramvaymı göndərsə?

Analitika

21 Avqust 2023, 01:04

İllərdir yazıram ki, rus kosmik sənayesi və kosmik tədqiqatlar proqramı süquta uğrayıb. Və deyirəm ki, rusların yazdıqları, göstərdikləri ictimaiyyəti aldatmaqdan, yəni “göz boyamaqdan” başqa bir şey deyil…

Düz bir həftədir rus mətbuatı “Luna-25” (“Луна-25”) planetlərarası avtomatik stansiyasının Aya göndərilməsini az qala yeni Kosmik Eranın başlaması kimi qələmə verir. Halbuki ruslar sonuncu dəfə Ayın səthinə 1976-cı ildə kosmik aparat endirə bilmişdilər. 47 il əvvəl “Luna-24” stansiyası Yerə təxminən 120 qram ağırlığında Ay suxuru gətirməyə nail olmuşdu.

Aradan hardasa yarım əsr (!) keçib. Rus Kosmik Tədqiqatlar Proqramı bu böyük zaman dilimində nəinki bir addım irəli getdi, əksinə, əlindəkiləri də itirdi. Rusiyanın elmi-texnoloji yarışdan kənarda qalması ilə onun yerini Çin və Hindistan tutdular. İndi kosmosda “at oynadan” ölkələr deyəndə ağlımıza ABŞ, Çin, Hindistan və bir neçə başqa ölkə gəlir.

Təsadüfi deyil ki, “Luna-25” stansiyasının Aya göndərilməsindən bir neçə gün əvvəl NASA başqanı Bill Nelson Ay uğrundakı rəqabət haqda belə demişdi: “ABŞ yeni kosmik yarışda Rusiyanı bu yarışın iştirakçısı hesab etmir. Bu yarışda yalnız Vaşinqton və Pekin var”.

Planetlərarası tədqiqatlarda da Rusiya biabırçı vəziyyətdədir. 1996 və 2011-ci illərdə ruslar iki dəfə Marsa kosmik aparat göndərdilər. Ancaq hər ikisində Yerətrafı orbitdən kənara çıxa bilmədilər.


“Luna-25” stansiyasının startından bir həftə sonra onunla əlaqə kəsildi. Putinin qəzəbindən qorxan “Roskosmos” qısa müddət ərzində əlaqəni bərpa edəcəyini dedi. Avqustun 20-də isə Rusiyanın Xüsusi Dövlət Komissiyası stansiyanın Ay səthinə düşməsini bildirdi. Səbəbinin hündürlük ölçən cihazın – Doppler radarının nasazlığı göstərildi.

Rus Kosmik Proqramı Sovet İttifaqının çöküşündən illər əvvəl batmışdı. Sadəcə basdırmaq qalmışdı. Onu da indi edəcəklər.

“Luna-25”in Ay səthinə şiddətli düşüşü yaxın onilliklər üçün “Roskosmos”un tədqiqat proqramlarının dayandırılması anlamına gəlir. Stansiyanın qəzaya düçar olması yəqin ki, Rusiyanın Beynəlxalq Kosmik Stansiyadan (ISS) imtina etməyə hazır olmadığını göstərir. Əgər ISS-dən ayrılıb öz pilotlu kosmik stansiyasını qurmağa təşəbbüs etsə, onu da “Luna-25”in taleyi gözləyəcək.

Rusiyanın “Roskosmos” korporasiyası Prezident Administrasiyasından Rusiya KİV-lərinə “Luna-25” Kosmik Proqramının uğursuzluğu ilə bağlı tənqidi materialların dərcini qadağan etməyi xahiş edib. Halbuki Rusiya Kosmik Proqramının belini qıran hansısa bəsit texniki uğursuzluq deyil, 20 ildir davam edən yeyinti və büdcə pullarını dağıtmaqdır – ölkənin hər sahəsində olduğu kimi. Ölkə batırsa onun kosmik sənayesi də batacaq.

Bəli, Rusiya üçün fövqəl dərəcədə önəmli piar kampaniyası fiasko ilə nəticələndi. Kreml “Görürsüzmü, biz həm Ukrayna və Qərblə müharibə aparır, eyni zamanda Aya kosmik stansiya endirəcək qədər nəhəng ölkəyik” deməkdən məhrum oldu. Niyə “piar kampaniyası” yazdım? Çünki Rusiyanın son dövrdə kosmosda söz deməyə nə maddi gücü qalıb, nə də insan resursu. Ayrılan milyardlarla dollar vəsait oliqarxların cibinə axdı və quyunun dibsiz olmadığı ortaya çıxınca, bu acınacaqlı durum yarandı.

İş o yerə çatmışdı ki, Roqozinin vaxtında “Roskosmos” tramvay istehsal etməyə hazırlaşırdı. Bir vaxtlar kosmosun dərinliklərində oğurluq texnologiyalarla da olsa, iddiasını göstərməyə çalışan “Roskosmos”un düşdüyü vəziyyət necə də ağlamalı və acınacaqlıdlr. Və “Luna-25” missiyasının belə faciəvi sonu xəbəri yayılanda tanınmış bir rus mühəndisi ürək ağrısı ilə “Gərək Aya kosmik stansiya deyil, tramvay göndərəydik” dedi...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir