Modern.az

Arktikadan Afrikaya uzanan TƏŞKİLAT və Putinin gedə bilmədiyi SAMMİT

Arktikadan Afrikaya uzanan TƏŞKİLAT və Putinin gedə bilmədiyi SAMMİT

Analitika

22 Avqust 2023, 15:46

Xəbər verdiyimiz kimi, BRICS ölkələri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası bu gün Yohannesburqda yeni ölkələrin üzvlük məsələsini müzakirə etmək üçün toplanır. Sammit avqustun 22-dən 24-dək davam edəcək. Gündəlikdəki əsas məsələlərdən biri namizəd ölkələrdən hansının ittifaqa qəbul edilməsi olsa da, iqlim dəyişikliyi, ticarət razılaşmaları və investisiya imkanları da nəzərdən keçiriləcək.

 

CAR sammitdə iştirak etmək üçün 60-dan çox ölkəyə dəvət göndərib. Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etmir. Bunun səbəbi Beynəlxalq Cinayət Məhkəməsinin Putinə qarşı hərbi cinayətlərə görə həbs qərarıdır. CAR sazişin tərəfi olduğu üçün bu qərarın icrası öhdəliyini daşıyır. Putinin sammitdə onlayn qaydada iştirak edəcəyi planlaşdırılır və Moskvanı tədbirdə xarici işlər naziri Sergey Lavrov təmsil edir.

 

Modern.az BBC-nin BRICS-in tarixi, məqsədləri və cari vəziyyəti barədə araşdırmasını təqdim edir.

 

2001-ci ildə "Goldman Sachs" investisiya bankında çalışan iqtisadçı Cim Oneill Braziliya, Rusiya, Hindistan və Çinin ingiliscə baş hərflərindən assosiasiyaya adını verən BRIC ixtisarını düşünüb. O zaman bu ölkələr iri, orta gəlirli, lakin sürətlə inkişaf edən iqtisadiyyatlar idi. Oneill bu ölkələrin 2050-ci ilə qədər dünyanın ən böyük iqtisadiyyatları arasında olacağını proqnozlaşdırmışdı.

 

2006-cı ildə 4 ölkə bir araya gəlməyə qərar verdi və BRIC-i yaratdı. 2010-cu ildə CAR-ın qoşulması ilə BRIC BRICS-ə çevrildi. Bu ölkələrin ümumi əhalisi 3 milyard 240 milyon civarındadır və milli iqtisadiyyatlarının həcm etibarilə cəmi 26 trilyon dollara uyğundur. Bu, dünya iqtisadiyyatının 26 faizini təşkil edir. BRICS ölkələrinin Beynəlxalq Valyuta Fondunda (BVF) 15 faiz səs hüququ var.

 

 

BRICS-in öz məlumatlarında göstərilir ki, birlik BVF və Dünya Bankı kimi beynəlxalq maliyyə institutlarının qurulmuş strukturunu təkmilləşdirmək və inkişaf etməkdə olan iqtisadiyyatlara daha çox “təmsil və səs”i təmin etmək üçün yaradılıb. 2014-cü ildə birliyə daxil olan ölkələr 250 milyard dollar kapitalla Yeni İnkişaf Bankını (NBD) təsis ediblər.

 

Bu bankın məqsədi inkişaf etməkdə olan ölkələrdəki inkişaf layihələrinə kredit vermək kimi müəyyən edilib. Misir və BƏƏ kimi BRICS-ə üzv olmayan ölkələr də Yeni İnkişaf Bankına qoşulub. Braziliya və Rusiyanın tanınmış siyasətçiləri bu yaxınlarda beynəlxalq ticarət və maliyyə bazarlarında hökmranlıq edən dollara rəqib olacaq BRICS-in vahid valyutasını yaratmaq ideyası ilə çıxış ediblər.

 

Lakin bu təklifin Yohannesburq sammitində müzakirə olunmayacağı bildirilir. Oneill də "Financial Times"a verdiyi müsahibədə yeni valyuta ideyasının cəfəngiyyat olduğunu qeyd edib. Ekspertlərin fikrincə, bütün BRICS ölkələri öz coğrafi bölgələrində mühüm ölkələrdir. Çinin dünyada dominant ölkəyə çevrilir, Pekin BRICS-dən dünyanın cənubunda ölkənin imici üçün bir vasitə olaraq istifadə edir. 

 

Beləliklə, dünya düzənində cari vəziyyətin dəyişdirilməsi çağırışına zəmin hazırlayır. Bununla belə, BRICS-ə daxil olan Hindistan Asiya-Sakit okean regionunda Çinin rəqibidir. İki ölkə arasında sərhəddə də gərginlik var və Yeni Dehli hökuməti bəzi ölkələrlə, o cümlədən ABŞ-la qonşusunun təsir dairəsi məsələsində birlikdə hərəkət edir. BRICS-də Qərb ölkələrinə münasibətdə ortaq fikir yoxdur.

 

 

"Chatham House" analitik mərkəzinin təhlilçiləri belə düşünür ki, Rusiya Qərbə qarşı mübarizəsində BRİKS-i Ukraynanın işğalı ilə bağlı sanksiyalardan yan keçmək üçün bir vasitə kimi görür. Hindistan və Çin sanksiyalardan sonra Rusiya neftinin ən böyük alıcıları oldu. Moskva həmçinin Çin və CAR-la birgə dəniz təlimi keçirib. Lakin BRICS-ə üzv olan digər ölkələr aşkar surətdə anti-Qərb alyansına üzv olmaq istəmirlər.

 

Belə ki, Braziliya və CAR bölünmüş dünya görmək arzusunda deyil və Qərb əleyhdarlığının onların təhlükəsizliyi və inkişafı üçün pis addım olacağı qənaətindədirlər. BRICS-ə qoşulmaq istəyən ölkələrə gəlincə, 22 ölkə rəsmi olaraq birliyə qoşulmaq üçün müraciət edib və eyni sayda ölkə də üzv olmaqda maraqlıdır. Bu ölkələrə İran, Argentina, Kuba, Qazaxıstan, Efiopiya, Səudiyyə Ərəbistanı, BƏƏ və Venesuela daxildir.

 

Akademik dairələrdə güc balansının Qərbdən BRICS ölkələri kimi inkişaf etməkdə olan ölkələrin xeyrinə dəyişməsi ilə bağlı müəyyən qənaətlər var. BRICS üzv ölkələr tərəfindən “özəl klub” kimi qəbul edilir və yalnız bir neçə ölkənin birliyə daxil olmasına "yaşıl işıq" yandırıla bilər. Siyasi şərhçilərin fikrincə, qəbul ediləcək yeni üzvlər İran kimi mürəkkəb bir dövlət deyil, Argentina kimi ölkələr olacaq.

 

Bu gün başlayan sammitin ev sahibi olan CAR daha 40-a yaxın ölkənin birliyə qoşulmaq istədiyini elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok