Modern.az

Türkiyədə növbəti seçkilərə 7 ay qalır - Bələdiyyələrə kimlər bələd olacaq...

Türkiyədə növbəti seçkilərə 7 ay qalır - Bələdiyyələrə kimlər bələd olacaq...

Analitika

2 Sentyabr 2023, 11:00

Türkiyədə may ayındakı gərgin şəraitdə keçən parlament, eləcə də ikiturlu prezident seçkilərindən sonra gündəmdə növbəti il keçiriləcək bələdiyyə seçkiləridir. 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulan yerli seçkilərlə bağlı artıq indidən qızğın müzakirələr başlayıb.

 

Türkiyə müxalifətinin əsas hissəsinin təmsil olunduğu keçmiş Millət İttifaqına daxil olan partiyalar da son seçkilərdə ümidsizliyə qapılan və apatiya vəziyyətinə düşən protest elektoratın yenidən toparlanması üçün bələdiyyə seçkilərinin vacib olduğunu qəbul edərək addımlar atmağa başlayıblar. Təsadüfi deyil ki, həm Ankaranın, həm də İstanbulun CHP-dən olan bələdiyyə sədrləri yenidən namizəd olmaq niyyətlərini publik şəkildə açıqlayıblar.

 

Müxalifətdəki İYİ Partiyanın sədri Meral Akşener də yerli seçkilərlə bağlı maraqlı mövqe ilə çıxış edib. Belə ki, o, müxalifət partiyalarını son seçkilərdəki səhvlərdən dərs çıxarmağa və bələdiyyə seçkilərinə ayrılıqda - öz kimlikləri ilə qatılmağa çağırıb. Bununla belə, Akşener konkret regionlarda əməkdaşlığa açıq olduqlarının mesajını da verib. Doğrudur, çoxları Akşenerin seçkilərə ittifaqsız getmək fikrini müxalifəti parçalamaq və səsləri bölərək qələbədən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirib.

 

Lakin bələdiyyə seçkiləri ilə digər seçkiləri bir-birindən fərqləndirən cəhətlər var. Belə ki, prezident seçkilərində vahid namizədin dəstəklənməsi müxalifətin səs potensialının konsolidasiyasına, eləcə də proporsional qaydada keçirilən parlament seçkilərində ittifaqlar səslərin itkiyə getməməsi və təmərküzləşməsinə səbəb olur. Yerli seçkilərdə isə daha çox namizədlərin şəxs olaraq öz profilləri ortalığa çıxır.

 

 

Məsələn, prezident və parlament seçkilərində daim A partiyasına səs verən seçici bölgədə nüfuza malik olan, sayılıb-seçilən, yerli səviyyədə xidmətləri olan namizədin B partiyasından irəli sürüləcəyi təqdirdə həmin partiyanın namizədinə səs verməyə hazırdır. Bu baxımdan partiyaların ayrılıqda və ya ittifaq şəklində seçkilərə getməsi elə də çox şeyi dəyişmir. Yerli seçkilər şəraitində hər bir partiya regionun ictimai rəyində müsbət qarşılanan, hörmət sahibi olan şəxsləri taparaq namizəd göstərməyə can atır.

 

Bələdiyyələrin səlahiyyətinə daxil olan məsələlər siyasi xarakterdən daha çox inzibati-təsərrüfat xarakteri daşıdığı üçün burada namizədlərin ideoloji baxışı, siyasi dünyagörüşü nisbətən az rol oynayır və bacarıqlı təşkilatçılıq qabiliyyətləri, menecerlik xüsusiyyətləri, maliyyə resurslarına çıxış imkanları və piar fəaliyyəti daha çox önə çıxır.

 

Təbii ki, ənənəvi olaraq, yerli seçkilərdə də 5-10 faizlik stabil elektorat da olur ki, digər partiyanın namizədi daha cəlbedici görünsə də, dəstəklədiyi partiya kimi namizəd çıxarır-çıxarsın, hər zaman öz partiyasının namizədinə səs verməyə qərarlıdır. Bu və digər amillər nəzərə alınaraq formalaşdırılan seçki strategiyasında hər bölgənin sosioloji gerçəklikləri, yerli adət-ənənələr və lokal şərait də hesablanmalı və maksimum dərəcədə uyğun namizədin irəli sürülməsi təmin olunmalıdır.

 

Qeyd etmək lazımdır ki, yuxarıda sadalananlar daha çox kiçik şəhər və vilayətlərə, əyalət bələdiyyələrinə və mərkəzdən uzaq bölgələrə aiddir. Mərkəzdəki bələdiyyələrdə - İstanbul, Ankara, Bursa və digər böyük şəhər bələdiyyələrində hər nə qədər inzibati-təsərrüfat idarəçiliyindən söhbət getsə də, burada siyasi amil özünü daha qabarıq büruzə verir. Ona görə də böyük şəhərlərdə siyasi qüvvələrin əməkdaşlığa meyilli olması müşahidə olunur.

 

 

1994-cü il seçkilərində İstanbul, 1999-cu il seçkilərində isə Ankara nümunələrinə nəzər salsaq, böyük şəhərlərdə sol təmayüllü siyasi partiyaların əməkdaşlığa müvəffəq olmaması səslərin bölünməsinə və nəticədə sağ-mühafizəkar təmayüllü namizədlərin səslərin cəmi dörddə birini almasına baxmayaraq qələbə çalmasına gətirib çıxarıb. Bu baxımdan növbəti seçkilərdə partiyaların böyük şəhərlərdə vahid namizədləri dəstəkləməsi daha gözlənilən versiyadır.

 

İqtidar tərəfinin 2024-cü il bələdiyyə seçkilərində əsas məqsədlərinə gəlincə, burada başlıca hədəf maydakı qələbənin davamı olaraq yerli seçkilərdə də qalib gəlmək və 2019-cu ildə itirilən bir sıra önəmli şəhərlərin bələdiyyələrini yenidən qazanmaqdır. Artıq bunun üçün kifayət qədər resurslar da ayrılıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul və Ankara kimi şəhərlərdə partiyanın ən nüfuzlu şəxslərini namizəd kimi göstərmək istəyir.

 

Doğrudur, hələ konkret adlar açıqlanmasa da, ciddi hazırlıq işləri görüldüyü məlumdur. İqtidar həmçinin böyük şəhərlərdə müxalifətin çoxlu namizəd çıxarmasını hədəfləyir. Bu, hakim partiyanın qələbəsini asanlaşdıran faktor kimi çıxış edə bilər...

 

Hələlik bələdiyyə seçkilərinə təxminən 7 ay vaxt qalıb və bu dövrdə həm müxalifətin, həm də iqtidarın yanaşması daha dəqiqləşəcək, daha konkretləşəcək. İstənilən halda, bu seçkilərdə türk xalqının qalib gələcəyi məlumdur.

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi