Modern.az

Əmək necə insanın ali dəyərinə çevrildi... - İşləmədən yaşamaq olarmı?

Əmək necə insanın ali dəyərinə çevrildi... - İşləmədən yaşamaq olarmı?

Analitika

13 Sentyabr 2023, 17:28

Bəşəriyyət yarandığı vaxtdan bəri əmək münasibətləri də mövcud olub. İbtidai icma quruluşu zamanı iş bölgüsü həyata keçirilməyə başlanıb. Müasir dövrdə iş insan həyatının ayrılmaz parçası, işləmək yaşamın tam mərkəzinə qoyulan fəaliyyətdir. Təsadüfi deyil ki, işsizlik və məşğulluq problemi dövlətlərin həll etməyi qarşısına vəzifə qoyduğu məsələlərin ən vaciblərindən biri kimi çıxış edir.

 

Modern.az britaniyalı psixoanalitik Coş Kohenin "İşləməmək: Biz nə üçün dayanmalıyıq?" (Not Working: Why We Have to Stop - Josh Cohen) kitabının materialları əsasında mövzuya nəzər salıb.

 

Kitabda ümumilikdə 4 insan tipi təsvir edilir: tükənmiş, tənbəl, xəyalpərəst və laqeyd. Bu tiplər hansısa şəkildə xarici dünyaya marağını itirənləri xarakterizə edir. Müəllif bu tiplər əsasında heç nə etməməyin - hərəkətsizliyin verdiyi həzzi və “müasir hiperaktivlik xəstəliyini” araşdırır. Apatiya və özünü yorğunluq hiss etməyin "təqsir" sayılmasının uzun tarixi var.

 

Kohen yazır ki, İncilin mətni işləməyənlərə qarşı "hücumlarla" doludur. Bundan başqa Süleymanın kəlamlarında insanın acgözlük, sərxoşluq və tənbəlliyə meylindən danışılarkən bir neçə dəfə xəbərdarlıq edilir: boş qalanları yoxsulluq və erkən ölüm gözləyir. Nümunələri artırmaq olar. Məsələn, Həvari Pavel salonikililərə ikinci məktubunda bəyan edir: "Kim işləmək istəmirsə, yemək də yeməsin".

 

Müasir dövrdə üstünlük təşkil edən Qərb iş etikası da İncilə əsaslanır. Monastır mədəniyyətinə xas olan ağrılı mənəvi şübhələrlə dolu iradəsizlik bədən və ruhun süstlüyü kimi şərh edilir: Tənbəllik yalnız günahlardan biri deyil, həm də günahkarlığın başlanğıcıdır. Çünki o, vəsvəsələrə müqavimət göstərmək üçün lazım olan daxili nizam-intizamı və sayıqlığı pozur.

 

 

Çağdaş kapitalist münasibətlərdə isə iş təkcə yerinə yetirilməsi vacib olan öhdəlik deyil, həm də sevilməli, ilahi bir hədiyyə kimi qəbul edilməli olan bir şey kimi təsvir olunur. İşinə aludə olan, gecə-gündüz işi barədə düşünən insanlar təqdir olunur və digərlərinə nümunə kimi göstərilir. Bu standartlar insanların işləməsi üçün dini ehtiyatlılğı yox, hörməti və mükafatlandırmanı təşviq edir.

 

Alman sosioloqu Maks Veber özünün “Protestant əxlaqı və kapitalizmin ruhu” kitabında əməyin əslində məqsəd deyil, vasitə olduğu “ənənəvi iqtisadiyyat”ı dəqiqliklə tədqiq edir. Keçmişdə işləməyin mahiyyəti “sadəcə yaşamaq” üçün kifayət qədər gəlir təmin etmək idi. Müasir dövrdə insanların çoxu işə və gəlirə bu cür qeyri-müəyyən münasibəti təsəvvür etməkdə çətinlik çəkirlər.

 

Dünya əməyin acılı-şirinli bəhrələrinin insanın dəyəri və əhəmiyyətini müəyyən edən ölçüsü olması fikrinə o qədər aludə olub ki, artıq əməyi əsas ehtiyacların təmini vasitəsi kimi ənənəvi şəkildə dərk etmək keçmiş dövrün atributu kimi görünür. Veber 3 əsr ərzində psixologiya və mədəniyyətin müasir iş etikasını insana necə təlqin etdiyini göstərir. Reformasiya dövründə ortaya çıxan müxtəlif protestant hərəkatları iş və sərvət haqqında dünyəvi anlayışlara yeni mənəvi dəyər əta etdi. Bu, işi praqmatik vasitədən müqəddəs məqsədə çevirdi.

 

Sonradan psixoanalizdə Freyd də bu məsələyə qayıtdı. Ruhlandırıcı eqo-ideal və cəzalandırıcı super-eqo birlikdə işləyir və sıxışdırılmış eqonu işin yerinə yetirilməsinə çağırır: Potensialını reallaşdırmağa və dünya qarşısında məsuliyyətli olmağa. İş kənardan qoyulan zərurət olmaqdan çıxıb daxili çağırışa çevrilən kimi aşağılıq və günahkarlıq hisslərindən yan keçməklə ondan imtina etmək mümkünsüz olur.

 

 

Kalvinizm və digər protestant cərəyanları işə müqəddəs xarakter verməklə gündəlik həyata yeni bir üsul və məqsəd imperativi gətirdilər. Bunun ən mühüm nəticələrindən biri iş vaxtının maksimum faydanın əldə olunması ilə əlaqəsi idi: “Vaxtınızı dəyərləndirin. Qızıl və ya gümüş itirməməkdənsə, vaxt itirməməyi üstün tutun. Bunun üçün hər gün daha diqqətli olun”.

 

Vaxtı qiymətləndirmək gündəlik həyatınıza ciddi nəzarətə və aşkar fayda gətirməyən hansısa yayınmalara getməməyə kömək olur: "Mənalı əməl israfçılıq və boşluq xəstəliyinin yeganə dərmanıdır". Bu etikanın dünyəvi varisi olan kapitalizm əməyin hökmranlığını o qədər uğurla bərqərar edib ki, onun artıq dini əsaslandırmaya ehtiyacı yoxdur. Son iki əsrdə bu "ideologiya" şəhərlərin böyüməsi və texnologiyanın, korporasiyaların və istehlak mədəniyyətinin inkişafı sayəsində yayıldı.

 

Lakin həddən artıq işləmək insanın fiziki və ruhi həyatına mənfi təsir göstərir. Müasir dövrdə sənaye şəhərinin sürətləndirilmiş, həddən artıq stimullaşdırılmış həyatındakı qarışıqlıq və xaotiklik sinir xəstəliklərinə, nevrasteniyanın yayılmasına səbəb olub. Nevrasteniya özünü bütün həyat funksiyalarının zəifliyi, pis iştah, bel və onurğada daimi ağrılar, başda spazm, isteriya, yuxusuzluq, zehni fəaliyyətlə məşğul olmaqdan bezmək kimi simptomların geniş yayılması ilə müşahidə olunur.

 

Oturaq iş rejimi ilə işləyənlərin sayının sürətlə artması nəticəsində onurğa sütununun xroniki xəstəlikləri, dayaq-hərəkət aparatının və sinir sisteminin zədələnməsi geniş vüsət alıb. Miqren və yorğunluq da "nevrastenik mədəniyyətin" əlamətləri sayıla bilər. Post-iş nəzəriyyəçisi Aleks Uilyams qeyd edir ki, neoliberalizm dövründə bir sıra psixopatologiyalar kəskinləşib və stress, narahatlıq, depressiya və diqqət çatışmazlığı pozğunluğu ətrafımızdakı dünyaya getdikcə daha çox yayılmış psixoloji reaksiyalara çevrilir:

 

 

"Sosial şəbəkələrin daimi yenilənməsi, qumara, pornoqrafiyaya, xəbər lentlərinə, alış-verişə məhdudiyyətsiz giriş - bütün bunlar daxili həyatımızın ən həssas, ən ağrılı nöqtələrinə təzyiq edir, bizi transformasiya mükafatı vədi ilə əbədi aldadır, lakin sonda yalnız dərin məyusluq hissi buraxır. Xroniki sinir tükənməsinin səbəbləri dəyişir, lakin simptomlar eyni qalır".

 

Əlbəttə ki, bu gün hedonist istehlak mədəniyyəti ilkin kapitalizmdən çox fərqli görünür. İstehlakçılıq isə özbaşınalıq və israfçılıqdan gələn həzzi yaşadır. Məsələn, gərgin və yorucu iş günündən sonra xoş istirahət kimi qəbul olunan ticarət mərkəzində vaxt keçirmək. Əslində insan burada daha çox yorulur. Bədən və insan zehni hər anı potensial istehsal və istehlak fürsəti kimi qiymətləndirən bir mədəniyyətə məruz qalır.

 

Təsadüfi deyil ki, jurnalların həyat tərzi bölmələrində yuxu pozğunluğuna bu qədər yer ayrılır. Yuxu insanın işləməyə məcbur edilə bilməyəcəyi yeganə vəziyyətdir. Bu ehtiyacı minimuma endirməyin və adamların daha çox işləməsinə nail olmağın yollarını tapmaqda maraqlı olan korporasiyaların həmin araşdırmaları səxavətlə maliyyələşdirməsi elə-belə deyil.

 

Fizikanın ətalət prinsipi təbiət qanunu kimi əbədi hərəkətin qeyri-mümkünlüyünü təsbit edib. Bu, biologiya və psixologiyada da keçərlidir. Həmin qanuna meydan oxumaq istəyi, iradə ilə savaş arzusu da az deyil. Bu qarşılıqlı eksklüziv impulslar insan psixikasında problemlərə yol açır. Daha böyük hökmranlıq qurmaq, genişlənmək, fəth etmək ambisiyalarının arxasında nə dayanır...

 

Qeyd: "Guardian" və TASS-da dərc olunan resenziyalardan istifadə olunub.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi