Modern.az

35 illik məsələnin 23 saat 38 dəqiqəlik həlli...

35 illik məsələnin 23 saat 38 dəqiqəlik həlli...

Analitika

20 Sentyabr 2023, 18:02

Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda apardığı antiterror tədbirləri separatçıların ağ bayraq qaldırması və təslim olması ilə nəticələndi. Proses təxminən 1 gün davam etdi...

 

Antiterror tədbirlərindən əvvəl...

 

Ötən gün Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun yaydığı birgə məlumata görə, Qarabağdakı erməni separatçıları sentyabrın 19-da Xocavənd rayonu ərazisində iki terror aktı törədiblər.



Belə ki, əvvəlcə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində öldürülüb. 21.11.1970-ci il təvəllüdlü Sadıxov Samir Sabiroviç və 02.05.1965-ci il təvəllüdlü Quliyev Fərhad Hüseynağa oğlunun hərəkət etdiyi “Howo” markalı yük maşını erməni təxribat-diversiya qrupu tərəfindən həmin ərazidə basdırılmış tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində hər iki mülki şəxs həlak olub.

 

Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı maşın hadisə yerinə doğru hərəkət edərkən separatçıların Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yoluna yerləşdirdiyi minaya düşərək partlayıb. Bu terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

 

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.

 

Bundan sonra Azərbaycan ordusu antiterror tədbirlərinə başlayıb.

 

Modern.az antiterror tədbirləri çərçivəsində görülən işlərin xronoloji ardıcıllığını təqdim edir:

 

Azərbaycan Ordusu ötən gün saat 13:22-də antiterror tədbirlərinə başladığını elan edib.

 

Müdafiə Nazirliyindən bildirilib ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

 

Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və  mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib.

 

Növbəti saatlarda MM Qarabağda erməni əsilli vətəndaşlara müraciə tünvanlayıb.

 

“Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.


Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.


Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq”, - qeyd edilib.

 

Saatlar 14:53-ü göstərəndə Müdafiə Nazirliyi Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri bölmələrimizin sərrast atəşi nəticəsində məhv edildiyini bildirib.

 

15:00-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub. General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb. Cənab Y.Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

 

15:13-də isə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında telefon danışığı olub.

 

16:41-də Xocavənd rayonu istiqamətində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus  P-18 radiolokasiya stansiyası (RLS) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

 

17:21-də Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci müdafiə briqadasına məxsus sursat anbarlarından biri məhv edilib.

 

22:11-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırıb.

 

Sentyabrın 20-sinə keçirik...

 

Daha sonra 00:02-də Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağ iqtisadi rayonundakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib.

 

00:49-da Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti artilleriya qurğusu sərrast atəşlə məhv edilib.

 

06:55-da Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti döyüş mövqeyi ehtiyat sursatla birlikdə zərərsizləşdirilib

 

08:13-da bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib.

 

09:42-da Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilib. 

 

Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

 

24 saat keçməmiş Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib ki, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərtibləndiyi 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib. Eyni zamanda qarşı tərəfə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 1 ədəd tank, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursat Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.

 

Sonra Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunduğu bildirilib.


1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.


2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.


3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir".

 

Beləliklə, 24 saat tamam olmamış, cəmi 23 saat 38 dəqiqəyə Azərbaycan ordusu 35 il əvvəl, 1988-ci ildə baş qaldıran erməni separatizminin ünsürlərini təslim olmağa məcbur etdi...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi