Modern.az

Separatçıların yaratmaq istədiyi "BOZ ZONA" - Nədir, nə deyil...

Separatçıların yaratmaq istədiyi

Analitika

21 Sentyabr 2023, 16:54

Son vaxtlar Qarabağda Rusiya sülhməramlılarının yerləşdiyi bölgənin müxtəlif rəsmi şəxslərin açıqlamalarında, habelə ekspertlərin müsahibələrində və mətbuat səhifələrində "boz zona" adlandırılmasına tez-tez şahid olmaq mümkündür. Dünən ağ bayraq qaldıraraq tərksilah olmağa razılaşan separatçıların mövcud olduğu ərazilər "boz zona" hesab olunur.

 

Modern.az "boz zona" termininin izahı ilə bağlı araşdırma aparıb.

 

Siyasi ədəbiyyatda "boz zona" ifadəsi dövlət və qeyri-dövlət aktorlarının rəqabətdə iştirak etdiyi sülh və müharibə arasındakı məkanı ifadə etmək üçün işlədilir. Bu termindən istifadə hərbi və təhlükəsizlik sahəsində aparılan tədqiqatlarda, eləcə də müvafiq sahə üzrə ixtisaslaşan qurumların hesabatlarında və digər materiallarda istifadə olunur. "Boz zona" elə bir bölgəyə deyilir ki, orada suveren inzibati dövlət idarəçiliyi tam mövcud deyil, lakin hərbi əməliyyatlarla sülh arasında tərəddüdlər mövcuddur.

 

"Boz zona"lar nəzarətsiz qaldığı üçün belə ərazilərdə kriminal fəaliyyət üçün "geniş imkanlar" olur. Məsələn, praktikada "boz zona"dan sənaye dəyər zəncirlərini və ya neft və qaz tədarükü prosesini pozmaq, çirkli pulların yuyulması, casusluq və təxribatlar üçün istifadə olunur. Müasir hibrid müharibə və siyasi xarakterli addımların atılması "boz zona"larda daha əlverişli olur. Bununla belə, bir-biri ilə sıx bağlı olmasına baxmayaraq, "boz zona" və "hibrid müharibə" anlayışlarını fərqləndirmək lazımdır.

 

"Cambridge Dictionary"də "boz zona"ya iki cür məna verilir: "bir dövlətin başqa dövlət üçün zərərli olan və bəzən müharibə aktı hesab edilən, lakin hüquqi cəhətdən müharibə aktı olmayan fəaliyyəti" və "bir şeyin qanuni yaxud qanunsuz, məqbul və ya qeyri-məqbul olduğu aydınlaşdıra bilinməyən vəziyyət".

 

Qeyd etmək lazımdır ki, "boz zona"lar həm də vəkalət savaşlarının aparılması üçün istifadə olunan platsdarm kimi xarakterizə olunur. Bir sıra ölkələr öz siyasi, iqtisadi və hərbi mənafelərini realizasiya etmək üçün başqa ölkələrin ərazisində "boz zona" formalaşmasına çalışır, ya da artıq mövcud olan "boz zona"larda aktiv şəkildə addımlar atmağa can atırlar.

 

"Boz zona"lar vəkalət savaşları aparmaq üçün ona görə "əlverişli"dir ki, belə ərazilərdə atılan addımlara görə təşkil edən dövlətlər heç bir məsuliyyət daşımır, beynəlxalq hüquq nöqteyi-nəzərindən işğalçı hesab edilmirlər. Maraqlarını təmin edən tərəf siyasi manevr etmək imkanlarını qoruyaraq öz addımlarını atmış olur. Onu da vurğulamaq olar ki, ərazisində "boz zona"lar yaradılmış dövlətlərlə yanaşı, həmin bölgədə yaşayan əhali də xeyli problemlərlə üzləşmiş olur. 

 

Suriyada, İraqda, Əfqanıstanda, Afrikanın müxtəlif regionlarında və Latın Amerikasında müxtəlif xüsusiyyətlərə malik "boz zona"lara rast gəlinib. Əgər Yaxın Şərqdəki "boz zona"lar daha çox terror yuvası kimi istifadə olunursa, Latın Amerikasında belə ərazilər narkotik ticarəti və silah qaçaqmalçılığı məqsədilə istismar edilir. Həmçinin bu kateqoriyadan olan bölgələrin xammal və enerji əldə etmək üçün də işlədildiyi nümunələr məlumdur.

 

Azərbaycan tərəfi dəfələrlə müxtəlif səviyyələrdə rəsmi şəkildə bəyan edib ki, ölkə ərazisində hər hansı "boz zona"ların mövcudluğuna imkan verilməyəcək. Bu baxımdan 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri həm də Qarabağdakı "boz zona"ya son verməyə hesablanmışdı.

 

Separatçıların qondarma "ordu"sunun təslim olması və tərksilah edilməsi prosesinin başladılması həmin məqsədə nail olmağa rəvac verir. Gələcəkdə bu cür qısamüddətli tədbirlərlə "boz zona"nın ləğv edilməsi presedenti uğurlu model kimi öyrənilərək digər "boz zona"lara da tətbiq edilə bilər.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi