Modern.az

Qarabağda sülhməramlılara ehtiyac varmı... - TƏHLİL

Qarabağda sülhməramlılara ehtiyac varmı... - TƏHLİL

Analitika

22 Sentyabr 2023, 17:06

 2020-ci ilin 10 noyabr gecəsində - 44 günlük müharibənin tamamlandığı vaxt Rusiya sülhməramlı hərbi kontingenti Qarabağa daxil oldu. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, sülhməramlıların bölgəyə girməsi ilə paralel olaraq, erməni qoşunları Qarabağı tərk etməli idilər. Lakin artıq hamıya məlum olduğu kimi, həmin tarixdən keçən 3 ilə yaxın vaxt ərzində sülhməramlılar bunu təmin etmədilər.

 

Rusiya sülhməramlıları missiyalarından kənara çıxaraq inzibati-təsərrüfat fəaliyyətindən tutmuş logistika işlərinə qədər hər işlə məşğul oldular. Məsələn, keçmiş "qondarmabaşı" Arayik Arutyunyanın etiraf etdiyi kimi, Xankəndidə həmin gecə cəmi 7 nəfərin qalmasına baxmayaraq müharibənin başa çatmasından həmən sonra Rusiya sülhməramlıları Ermənistandan Qarabağa adam köçürməklə məşğul olmağa başladı. Üstəlik, sülhməramlılar ermənilər üçün ev-eşik qurmağa, onların güzəranını təmin etməyə girişdilər.

 

Məktəblilərə silahla davranış qaydalarının öyrədilməsindən tutmuş, abidə açılışına qədər hər işi görməyə macal tapan sülhməramlılar üçtərəfli bəyanatdakı erməni qoşunlarının bölgədən çıxarılmasını nəinki həyata keçirmədilər, hətta oyuncaq "hökumət"in hamisi rolunda çıxış edərək, onların rahat şəkildə "dövlət-dövlət" oynamasına imkan yaratdılar. Qondarma "bayrağ"ın - əski parçasının kölgəsində xunta nümayəndələri ilə görüşlər keçirildi, separatçıların ayrıca tərəf kimi təqdim olunduğu press-relizlər yayıldı...

 

 

Sülh məramı ilə bölgəyə gəldiyini deyənlər nəzarət etdikləri zonaya həmin ərazilərdən didərgin düşmüş azərbaycanlıların qayıdışını, Azərbaycanın bölgədə suverenliyinin tam təmin olunmasını ləngidən qüvvəyə çevrildilər. Rusiya sülhməramlıları Şuşada Azərbaycan postuna qumbara atan erməniyə qahmar çıxdılar, Füzuli-Şuşa yoluna mina yerləşdirən diversiya qrupuna mane olmadılar - siyahını çox uzatmaq olar.

 

Azərbaycanın bu ilin aprel ayında Laçın dəhlizinin Ermənistanla sərhəddəki hissəsində nəzarət-buraxılış məntəqəsi qurmasına qədər o yoldan qeyri-humanitar məqsədlər üçün istifadəyə - silah-sursat və hərbi texnika daşınmasına da göz yumdular, hətta şərait yaratdılar. Bütün bunlardan sonra Azərbaycan 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri ilə qondarma "ordu"nun ağ bayraq qaldıraraq təslim olmasına, tərksilah olunmasına dair razılığa nail oldu.

 

Sülhməramlıların görməli olduğu işi Azərbaycan ordusu şəhidlər bahasına həyata keçirdi. Belə olan təqdirdə, bundan sonra Qarabağda sülhməramlıların mövcudluğuna ehtiyac varmı? Yuxarıda sadalananlardan sonra sualın sadəcə ritorik xarakter daşıdığını ayrıca ifadə etməyə yəqin ki, gərək yoxdur. Separatçıların "ordu" dediyi qanunsuz silahlı birləşmələr ləğv olunduqdan və Azərbaycanın suverenliyi təmin edildikdən sonra sülhməramlılara heç bir iş qalmır.

 

 

Qarabağın erməni icmasının - dinc sakinlərin Azərbaycan qanunları ilə yaşamaq, bərabərhüquqlu vətəndaş kimi həyatını davam etdirmək, eləcə də bölgəni öz xoşu ilə tərk edərək könüllü şəkildə Ermənistana və ya başqa yerə köçmək imkanları olacaq və seçimi özləri edəcəklər. Rəsmi Bakının silahı yerə qoyanlara amnistiya tətbiq olunması vədi hətta "nadinc sakinlərin" də bağışlanacağını və sülh içində yaşamaq fürsətlərinin olacağını göstərir.

 

Bölgənin reinteqrasiya konsepsiyası çərçivəsində icra olunacaq sosial proqramlar, ictimai və mədəni tədbirlər, atılacaq iqtisadi xarakterli addımlar Rusiya sülhməramlılarının minnətlə və piar aksiyası üçün göstərdiyi "humanitar yardım"ları yaddan çıxaracaq. "Səxavətli" sülhməramlılar bunun qarşılığında tarixən azərbaycanlıların və ermənilərin yaşadığı bölgədə rus icması formalaşdırmış, ruscanı "rəsmi" dilə çevirmiş, öz tarixi şəxsiyyətlərinə heykəllər ucaltmışdılar...

 

Azərbaycan isə öz ərazisi olan Qarabağda bütün işlər təmənnasız görəcək - bu gün göndərilən 2 maşın çörək kimi. Ermənistan baş naziri Nikol Paşinyanı Qarabağı Azərbaycan ərazisi kimi tanımasına görə az qala hər gün müxtəlif səviyyələrdə rəsmi dillərdən məzəmmət edən Rusiyanın sülhməramlıları bölgədə dördtəkərli maşının beşinci təkərinə çevrilməkdədir. Qeyd etmək lazımdır ki, antiterror tədbirləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesini də sürətləndirəcək.

 

 

Bu, sülhməramlılara ehtiyac olmayacağını şərtləndirən növbəti amilə çevriləcək. Sülh olan yerdə sülhməramlıya nə ehtiyac ola bilər? Üstəlik, yaxın tarixdəki nümunələrə nəzər yetirdikdə, aydın olur ki, hansı adda olmasından asılı olmayaraq Rusiyanın istənilən regionda hərbi mövcudluğu faydadan çox ziyan gətirib. Qarabağda da Rusiya sülhməramlı hərbi kontingentinin daha artıq müddətə qalması həm Azərbaycanın, həm də Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etməyə imkan verən rıçaq kimi çıxış edəcək...

 

Bu məqamı da nəzərə almaq lazımdır ki, Rusiyanın Ukrayna müharibəsi boyunca mövqelərinin zəifləməsi ilə paralel olaraq Ermənistan dəfələrlə Qarabağdakı sülhməramlı missiyanın tərkibinin beynəlmilləşdirilməsi məsələsini qaldırıb. Doğrudur, buna müvəffəq olunmayıb. Lakin gələcəkdə Rusiya sülhməramlıları qalmağa davam edərsə və bu əsnada Rusiya tam zəifləyərək bütün nüfuzunu itirərsə, "erməni əhalinin hüquq və təhlükəsizliyi" adı altında yenidən belə məsələlər qaldırıla və müəyyən beynəlxalq dəstək toplaya bilər.

 

Buna görə də proses həmin həddə çatmamış Qarabağda artıq hər hansı sülhməramlı missiya ümumiyyətlə mövcud olmamalıdır ki, hər hansı tərkib dəyişikliyi məsələsi də gündəmə gəlməsin və bölgədə xarici hərbi qüvvələrə heç bir meydan verilməsin. Bu. Azərbaycanın mütləq suverenliyi üçün olduqca vacib məsələdir. Qısası, Rusiya sülhməramlılarına heç bir ehtiyac qalmayıb və onlar bölgəni tezliklə tərk etməlidirlər.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ